"Dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər neqativ meyllər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərib, ixrac gəlirlərini azaldıb, manata təzyiqi artırıb, devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan edilib. Problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artıb".
"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında 2017-ci il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti artır: "Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiyası və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymət dinamikası, Dövlət Neft Fondunun qorunması ilə məhdudlaşdırılmış makroiqtisadi-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatların sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanıb".
Nazir bildirib ki, 2017-ci və qarşıdakı 3 il üçün neftin qiyməti 40 dollar götürülüb: "Mövcud risklər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2017-ci ildə Azərbaycanda ÜDM 1%, növbəti illərdə isə orta hesabla 2%-dən çox artacağı gözlənilir".
Nazir vurğulayıb ki, koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.