|
|
|
|
Uzun tarixi bir dövrü əhatə edən Azərbaycan-qazax ədəbi əlaqələri hər iki xalq müstəqillik əldə etdikdən sonrakı dövrdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Bu mərhələnin, hər şeydən əvvəl, Azərbaycan və Qazaxıstanın dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri şərçivəsində həllini tapdığı xüsusi qeyd olunmalıdır. Hər iki ölkə arasında bir sıra sahələrdə olduğu kimi, ədəbiyyat və ədəbiyyatşünaslıq sferasında da əməkdaşlıq əlaqələri qurulmuşdur ki, bunu da yeniləşmiş, müstəqillik dövrünün çağırışlarına cavab verən bir əməkdaşlıq nümunəsi kimi səciyyələndirmək olar.
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyasında müstəqillik dövrü ədəbiyyatını ayrıca mərhələ kimi qeyd etmişdir. Təkcə Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə türkdilli xalqların ədəbiyyatları üçün də keçərli olan və artıq 2016-cı ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Türkdilli Ölkələrin Ədəbiyyat İnstitutlarının Direktorlar Şurasının yığıncağında yekdilliklə qəbul olunan yeni konsepsiyanın müəllifi də akademik İsa Həbibbəylidir. Dövriyyəyə buraxılan konsepsiya türkdilli ədəbiyyatların qarşılıqlı inkişaf və əlaqələrini təmin edən və tənzimləyən vahid elmi platforma kimi böyük əhəmiyyət kəsb edərək, ədəbiyyatşünaslıq elminin hadisəsi kimi qiymətləndirilməlidir.
Ötən əsrin 90-cı illərindən başlayaraq, hər iki ölkənin mədəni siyasətinin tərkib hissəsi kimi diqqət yetirilən ədəbi əlaqələr yüksələn xətlə inkişaf mərhələsinə qədəm qoymuşdur. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin, eləcə də hər iki dost ölkəni təmsil edən yüksək tərkibli nümayəndə heyətlərinin qarşılıqlı olaraq Azərbaycan və qazax ədəbiyyatına da diqqət göstərdikləri məlum bir həqiqətdir. Ümummilli lider Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türklərə lazımdır” kəlamı bu gün fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima xatırlayaraq “Bu dostluğu indi də öz qəlbimdə daşıyıram” - deyə, fəxrlə bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə görkəmli qazax mütəfəkkiri Oljas Süleymenovun 2006-cı ildə “Şöhrət” ordeni, 2011-ci ildə anadan olmasının 75 illiyi münasibətilə “Dostluq” ordeni, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidentinin Fəxri Diplomu ilə ilə təltif edilməsi əlamətdar hadisələrdir.
Oljas Süleymenov 2016-cı ildə Nizami
adına Ədəbiyyat İnstitutunun fəxri doktoru seçilmişdir. Bu münasibətlə Akademiyada keçirilmiş tədbirdə böyük qazax yazıçısı Oljas Süleymenov da şəxsən iştirak etmiş, institutun kollektivi ilə görüşmüşdür. Tədbirlə bağlı “Ədəbiyyat qəzeti”ndə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovanın “Ədəbiyyat İnstitutunun fəxri doktoru - Oljas Süleymenov” sərlövhəli gözəl bir məqaləsi dərc edilmişdir.
Beynəlxalq tədbirlərdə istər Azərbaycan, istərsə də qazax şair və yazıçılarının, ədəbiyyatşünas alimlərinin yüksək səviyyədə iştirakı, məruzələrlə çıxış etmələri artıq ənənə şəklini almışdır. 2016-cı ilin may ayında Astanada keçirilən “Böyük çöl” Birinci Beynəlxalq Humanitar Elmlər Forumunu xatırlatmaq kifayətdir. Forumda Azərbaycan alimlərindən akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, fəlsəfə doktoru Ağahüseyn Şükürov və başqaları iştirak etmiş, müxtəlif mövzulu məruzələrlə çıxış etmişlər. Forumda akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən paneldə Türkiyə, ABŞ, Türkiyə, Rusiya, Qazaxıstan, Koreya alimlərinin məruzələri dinlənilmişdir. Bu, Qazaxıstan dövlətinin ev sahibliyi etdiyi ən möhtəşəm beynəlxalq tədbirlərdən biri kimi yaddaşlarda qalmışdır.
Astana şəhərində fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə türkdilli ölkələrin Elmlər Akademiyaları əsasında və o cümlədən, Milli Elmlər Akademiyasının da iştirakı ilə Türk Dünyası Elmlər Akademiyaları Assosiasiyası təsis olunmuşdur. Təsis yığıncağında ölkəmizi təmsil edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tərəfdən həmin Assosiasiyanın təsis edilməsi ilə əlaqədar layihəni imzalamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamı bir sıra dünya klassikləri ilə yanaşı, Abay Kunanbayev, Muxtar Auezov, Cambul Cabayev, Oljas Süleymenov və başqa qazax şair və yazıçılarının da əsərlərinin doğma dilimizə tərcüməsi və latın qrafikası ilə nəşrinə rəvac vermiş, müstəqil Azərbaycanda formalaşmış yeni nəsil oxucuların bu ədəbiyyatla tanış olmasına imkan yaratmışdır.
Qazaxıstanın L.Qumilyov adına Avrasiya Milli Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına Mədəniyyət Mərkəzi açılmışdır. Bakı Dövlət Universitetinin nəzdində isə Abay adına Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi fəaliyyətə başlamışdır.
İstər Azərbaycanda, istərsə də Qazaxıstanda qarşılıqlı olaraq ədəbi proses izlənilir, görkəmli şair və yazıçıların həyat və yaradıcılığı üzrə bir sıra istiqamətlərdə elmi araşdırmalar aparılır, müxtəlif səpkili dissertasiyalar yazılır. Keçmiş sovet dövründə bütün sahələrdə olduğu kimi, ədəbiyyatşünaslıq elmi sahəsində də müəyyən çərçivələrin mövcud olması artıq bu gün yalnız təəssüf dolu xatirələrdə yaşanır. Bu gün hər iki xalqın ədəbiyyatının tədqiqat sahələrinin müəyyən edilməsi, genişləndirilməsi üçün heç bir kənar müdaxilə, yaxud məhdudiyyət yoxdur. Müstəqillik illərində akademik İsa Həbibbəylinin, müxbir üzv Nizami Cəfərovun tədqiqat əsərləri nəşr edilmiş, filologiya elmləri doktoru Aida Feyzullayeva, eləcə də Azərbaycanda qazax ədəbiyyatının tədqiqatçılarından biri kimi filologiya elmləri doktoru Nizami Tağısoy silsilə məqalələrlə çıxış etmişlər. Filologiya elmləri doktoru Aida Feyzullayevanın “Oljas Süleymenov” monoqrafik tədqiqatını xüsusi qeyd etmək yerinə düşür.
Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının (BTA) fəaliyyətini xüsusi qeyd etmək yerinə düşür. BTA-nın demək olar ki, bütün tədbirlərində digər türkdilli ölkələrin ədəbiyyatşünas alimləri ilə yanaşı azərbaycanlı tədqiqatçılar da fəal surətdə iştirak edirlər.
Beynəlxalq Türk Akademiyasının layihəsi əsasında hazırlanmış “Ortaq türk tarixi” kitabında Azərbaycan geniş yer almış və ölkəmizin alimləri yaxından iştirak etmişlər. Hazırda Azərbaycan alimləri “Ortaq türk ədəbiyyatı” layihəsində də əsas tərəfdaş kimi birgə fəaliyyətlərini davam etdirirlər.
Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Beynəlxalq Türk Akademiyasının qızıl medalı, vitse-prezident, akademik İsa Həbibbəyli isə gümüş medal ilə təltif olunmuşlar (2015).
Müstəqillik illərində Azərbaycan-qazax ədəbi əlaqələrinin miqyasının daha da genişləndirilməsi ədəbiyyat sahəsində əlaqələrin, ədəbiyyatşünaslıq elmi istiqamətində əməkdaşlığın bundan sonra da yüksələn xətlə inkişaf etdirilməsi üçün möhkəm bünövrə yaradılmışdır.
Ağahüseyn ŞÜKÜROV
Filologiya üzrə fəlsəfə doktoru