|
|
|
|
Dünən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Balakən Rayon İcra hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirdi.
Səfərbərlik xidmətindən verilən məlumata görə, tədbirdə İcra hakimiyyətinin başçısı İslam Rzayev, xidmətin rəis müavini, general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan İ.Rzayev ordu quruculuğu prosesində əldə edilmiş uğurlu nəticələrin gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə müsbət təsir etdiyini bildirdi.
N. Orucov isə çıxışında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun regionun ən qüdrətli ordusu kimi işğal edilmiş torpaqlarımızı azad etməyə hər an hazır olduğunu qeyd etdi.
M. Vəliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə hazırlanması sahəsində həyata keçirdiyi işlərdən danışdı.
E.Həsənli isə qeyd etdi ki, gənclərin hərbi xidmətə hazırlanması daim müvafiq strukturların diqqət mərkəzindədir və bu işlərə dövlət tərəfindən ciddi nəzarət olunur.
Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırıldı.
Ceyhun ABASOV