"Azərbaycan Milli Elmlər Akademiyasının elmi mühiti ilə tam əhatə olunmuş akademik universitetin yaradılması mühüm məsələdir".
APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə akademiyanın ümumi yığıncağında bildirib ki, bəzən tədqiqat universiteti ilə akademik universitet eyni hesab edilsə də, onların fəaliyyətləri fərqlidir. Onun sözlərinə görə, tədqiqat universiteti elmi-tədqiqat sahəsinə önəm verən xüsusi qurumdur, akademik universitet isə akademik mühitə inteqrasiya olunmuş elmi təhsil müəssisəsidir.
Akademiya prezidenti AMEA və Təhsil Nazirliyinin birgə elmi-tədqiqat institutlarının yaradılmasını da təklif edib. O vurğulayıb ki, AMEA Fizika İnstitutunun bazasında gələcəkdə dövlət akkreditasiyası ala bilən Dövlət Fizika Universiteti yaradıla bilər: “Bu universitet Azərbaycanda fizika elminin nailiyyətləri, uğurları sahəsində işlər görə bilər. Bakı Dövlət Universitetinin Elmi Şurası və AMEA Rəyasət Heyətinin qərarı ilə Riyaziyyat İnstitutu, ətraf mühitin aerokosmik məsələlərini müzakirə etmək üçün Azərkosmos birgə elmi mərkəzin yaradılması nəzərdən keçirilə bilər. Konkret sahələr üzrə birgə fəaliyyətin yaradılmasına nail ola bilsək, müxtəlif sahələr üzrə inkişaf əldə olunar. Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat fənləri üzrə müəllimlərin təkmilləşdirilməsi kurslarının təşkili faydalı ola bilər. Bəzi akademik institutlarda elmi tədris mərkəzlərinin yaradılması mümkündür”.
A.Əlizadə əlavə edib ki, bəzi hallarda magistraturada dərslər bakalavr proqramının genişləndirilmiş formasında tədris olunur. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilməli olduğunu deyən AMEA prezidenti qeyd edib ki, yüksək texnologiyalarla bağlı ən yeni biliklərin tələblərə tədris olunması üçün yeni effektiv mexanizmlər işlənib hazırlanmalıdır. Akademiyanın bu sahədə böyük elmi potensialının olduğunu qeyd edən AMEA rəhbəri bildirib ki, yüksək nano, bio, info, nüvə texnologiyaları ilə bağlı tədqiqatlar aparan akademik qurumların qapıları ali təhsil müəssisələrin müəllimləri ilə yanaşı, tələbələrin də üzünə açıqdır.