|
|
|
|
Dünən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.
Görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Fondun Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini bildirib.
G.Əfəndiyeva Fondun türkdilli xalqların mədəniyyətinin, irsinin mühafizəsinə və təşviq edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri, həyata keçirilmiş tədbirləri, eləcə də gələcək layihələri barədə məlumat verib.
E.Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını Türk dünyasına xas tarixi-mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində töhfə kimi qiymətləndirib, Fondun uğurlu gələcək fəaliyyətinə dair inamını ifadə edib.
Eyni zamanda, tərəflər illik Ombudsmanların Bakı Beynəlxalq Konfranslarının keçirilməsinin əhəmiyyətinə toxunub, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.