|
|
|
|
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimində respublikanın fəal gənclər təşkilatlarından olan “Odlar Yurdu” Gənclər İctimai Birliyi layihə çərçivəsində fəal iştirakı və verdiyi töhfələrə görə təltif olunub.
Birliyin sədri Nigar Ələsgərovanın sözlərinə görə, “Odlar Yurdu” GİB “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində 2014-cü ildən etibarən Gəncə şəhərində 2 böyük beynəlxalq layihə (“Gəncə 2016-Avropalı gənc yazarların hekayələrində”, “İncəsənət və idman: əl- ələ”), 7 yerli layihə (“Sağlam 5 gün”, "KönüllüSƏN", "Ganja in Action", "Karyera A-dan Z-yə",“Media Məktəbi -2”, Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm", “Fərdi İnkişaf Akademiyası” ), 4 intellektual oyun və bilik yarışı, 29 seminar, təlim, müxtəlif görüş və təqdimatlar təşkil edib. Həmçinin Bolqarıstan, Gürcüstan, Türkiyə, Norveç, Rumunya, Macarıstanda keçirilən beynəlxalq layihələrdə “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı”na həsr olunmuş müxtəlif təqdimatlar həyata keçirib. Həmçinin Gəncədə, o cümlədən respublika səviyyəsində “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində həyata keçirilən bir sıra tədbirlərin, fəaliyyətlərin təşkilində yaxından iştirak edib. Sədr həmçinin birliyin idarə heyyəti üzvləri və fəal könüllülərinin “Gəncə 2016-AGP” layihəsində yaxından iştirak etdiklərini və layihənin bağlanış mərasimində aktiv könüllülər olaraq mükafatlandıqlarını da vurğulayıb.
Bağlanış mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər. Mərasimə, həmçinin Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və QHT-lərin təmsilçiləri, Bolqarıstanın Varna şəhər bələdiyyəsinin rəhbərliyi, Gürcüstanın Kutaisi şəhərinin meri, ictimaiyyət nümayəndələri və könüllülər qatılıblar.
Mərasimin sonunda Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə reallaşdırılmasında yaxından iştirak etmiş digər gənclər təşkilatları, dövlət və biznes qurumları, könüllülər, həmçinin mətbuat nümayəndələri təltif olunublar.