|
|
|
|
Dünən YARAT Müasir İncəsənət Mərkəzində yazıçı Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” filmi nümayiş olunub.
525.az-ın məlumatına görə, filmin rejissoru və layihə rəhbəri Elvin Mirzəyevdir. Rolları Elvin Mirzəyev, Nigar Həsənzadə, Əməkdar artistlər Firdovsi Atakişiyev, Nicat Kazımov və başqaları ifa ediblər.
Filmdə XX əsrin əvvəllərinin hadisələri cərəyan edir. Qədim Azərbaycan əsilzadələri nəslindən olan Əli və gürcü knyaginyası, pravoslav xristian Nino öz məhəbbətləri uğrunda mübarizə aparırlar.
Filmin qəhrəmanı Bakılı müsəlman Əli xan daha çox nəyi sevdiyini və nəyə bağlı olduğunu anlamağa can atır. O, Ninonu sevir. Nino xristiandır, başqa dünyanın, millətin, mədəniyyətin, adət-ənənələrin nümayəndəsidir.
Bakının məhvi, Əlinin və Ninonun sevgisinin sonu deməkdir. Əli ideal cəmiyyətin utopik ideyasını özündə daşıyır. Əli xan daim öz hisslərini dəqiqləşdirməyə çalışır. Gözləri ilə qərbə bağlı olan Əli, öz ruhu vücudu, qəlbi ilə Şərqin, tarixi kökünün, ənənəsinin əsgəridir, öz qəlbində iki ziddiyyətli dünyanı birləşdirmək, uzlaşdırmaq istəyir.
Bir növ sonuncu mogikanlar kimi böyük ənənənin, tarixi etnosun, onun zadəganlarının, mədəniyyətinin, bəlkə də bir növ sivilizasiyasının məhv edilməsindən bəhs edən filmin qəhrəmanları tarixi keçidin, geosiyasi dəyişikliyin, dünya xəritəsinin dəyişən, yenidən bölünən dövrünü yaşayırlar.
Onların faciəli məhəbbət tarixçəsi Birinci dünya müharibəsi, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi, ölkəmizin bolşeviklər tərəfindən işğalı illərinə təsadüf edir.
Qeyd edək ki, “Əli və Nino” romanı ilk dəfə 1937-ci ildə Vyanada alman dilində çap olunub. Roman 33 dildə 100 dəfədən çox nəşr olunub və əsl bestsellerə çevrilib.
Cavid QƏDİR