Bakı Xoreoqrafiya Akademiyası "Azərbaycan - yurdum mənim" layihəsi hazırlayıb.
Layihənin məqsədi ölkədə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasətinə dəstək verməklə ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsi işinə elm, mədəniyyət və incəsənət vasitəsilə töhfə verməkdir.
Bununla bağlı dekabrın 26-da Musiqili Teatrda "Azərbaycan - yurdum mənim" rəqs-tamaşa nümayiş etdirilib, ayın 27-də isə "Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət" mövzusunda IV Respublika elmi-praktiki konfransı keçirilib.
Rəqs-tamaşa 17 rəqsdən ibarət olub, Azərbaycanda yaşayan bir çox xalqların rəqslərini özündə cəmləşdirmişdi. Tamaşanın müəllim-xoreoqrafları Bakı Xoreoqrafiya Akademiyasının müəllimləri Kamilə Əliyeva, Əməkdar artist Səbinə Qasımova, Əməkdar artist Sənan Hüseynli, Xalq artisti, Prezident mükafatçısı Yusif Qasımovdur. Rəqs-tamaşada Bakı Xoreoqrafiya Akademiyasının tam orta, orta ixtisas, bakalavr və magistratura pillələrinin tələbələri iştirak edirdilər.
"Multikulturalizmin Azərbaycan modeli: tarix, mədəniyyət və incəsənət" mövzusunda IV Respublika elmi-praktiki konfrans iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Konfrans Bakı Xoreoqrafiya Akademiyasının Elmi Şura zalında təşkil olunub. Konfransda Elm və yaradıcılıq işləri üzrə prorektor, Əməkdar incəsənət xadimi, professor Sonaxanım İbrahimova bu Akademiya haqqında, onun fəaliyyəti və "Multikulturalizm ili" çərçivəsində görülən işlər barədə məlumat verib. Konfransın plenar iclasında AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov "Azərbaycan yurdum mənim: tariximizə sahib çıxaq" mövzusunda, Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov "Xalq mədəniyyətində multikulturalizmin təzahür formaları" mövzusunda, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramov "Bakı nefti və Azərbaycan multikulturalizm ənənələri" mövzusunda, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, dosent Xəzər Zeynalov "Postmodernizm dövründə milli özünüdərk" mövzusunda məruzələrlə çıxış ediblər. Konfrans bölmələr üzrə iclaslarla davam etdirilib.