ABŞ prezidenti Donald Tramp yanvarın 25-də Birləşmiş Ştatların immiqrasiya siyasəti sahəsində fərman imzalayaraq, Meksika ilə sərhəd boyunca 3,2 min kilometr uzunluğunda divar hörüləcəyini, qeyri-leqal immiqrantları “gizləyən” ştat və şəhərlərə federal büdcədən nəzərdə tutulan vəsaitin məhdudlaşdırılacağını, sərhəd-gömrük xidmətinin möhkəmləndiriləcəyini təsdiq edib.
Gözlənildiyinə görə, yaxın günlərdə Prezident D.Tramp leqal immiqrasiyanı məhdudlaşdırmaq, o cümlədən, qaçqınların gəlməsinin qarşısını alan və Yaxın Şərqin və Şimali Afrikanın bir neçə müsəlman ölkəsinin, Suriya, Somali, Sudan, İraq, İran, Liviya və Yəmənin vətəndaşlarına vizaların verilməsini qadağan edən sərəncamlar imzalamaq istiqamətində də addımlar atacaq.
Nyu-York, Los-Anceles, Çikaqo, Filadelfiya, Boston, Denver, San-Fransisko və Sietl kimi şəhərlər, Vaşinqton ştatı qeyri-leqal miqrantlara müəyyən müdafiə formaları təklif edirlər.
D.Tramp bu proqramları ləğv etməyi qərara alsa, qeyri-leqal miqrantlara federal proqramlar vasitəsilə təqdim edilən milyardlarla dollar təhlükə altında ola bilər.
AzərTAc