Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan və İtaliya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, İtaliya Respublikasını isə Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi, xanım Elisabetta Belloni təmsil edib.
İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu qeyd edən X. Xələfov enerji sahəsi ilə paralel olaraq qeyri-neft sektorunda da əməkdaşlıq üçün geniş imkanlar olduğunu diqqətə çatdırıb. Bu xüsusda o, kənd təsərrüfatı, nəqliyyat, infrastruktur, sənaye, turizm sahələrində İtaliyanı təmsil edən şirkətlərin xidmətlərini təqdim etməsi və layihələrdə yaxından iştirak etməsinin qarşılıqlı faydalı olacağını deyib. X. Xələfov strateji xarakterə malik TAP layihəsinin tamamlanıb istifadəyə verilməsinin ikitərəfli iqtisadi münasibətlərin dərinləşməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini və səylərin davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib.
Xanım Belloni bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və keçən müddət ərzində əməkdaşlığın müxtəlif sahələr üzrə yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. İtaliyanın Azərbaycanla münasibətlərə xüsusi önəm verdiyini deyən E. Belloni İtaliyanın kənd təsərrüfatı, nəqliyyat, xüsusilə də dəmir yolu nəqliyyatı, həmçinin turizm sahəsində əməkdaşlıqda maraqlı olduğunu nəzərə çatdırıb. O, iqtisadiyyat sahəsində hökumətlərarası komissiya və biznes forumların keçirilməsi ənənəsinin gələcəkdə də davam etdirilməsinin vacib olduğunu deyib.
E. Belloni humanitar sahədə əlaqələrə toxunaraq, bu xüsusda birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyada mədəni irsin qorunması sahəsində xidmətlərini xüsusi qeyd edib.
Sonda X. Xələfov Ermənistan-Azərbaycan münaqişəsi barəsində qonağı məlumatlandıraraq bəyan edib ki, 2016-cı ilin aprel döyüşləri, Ermənistan tərəfindən mütəmadi şəkildə atəşkəsin pozulması bu ölkənin işğalçılıq siyasətindən hələ də əl çəkmədiyini, yeni ərazilərin işğalına, əlavə qaçqın və məcburi köçkün axınının yaranmasına cəhd göstərdiyini bir daha sübut edir. Nazir müavini Azərbaycan üçün qəbulolunmaz sayılan hazırki “nə hərb, nə sülh” vəziyyətinin mövcudluğunun regional təhlükəsizlik və inkişafa ciddi təhdid olduğunu, münaqışənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həllinə alternativin olmadığını söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.