Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin monitorinq mərhələsinə qaytarılması haqqında qərarı qardaş ölkədə olduğu kimi, Azərbaycanda da böyük narazılıqla qarşılanıb.
Bu hadisə qurumun obyektiv fəaliyyət aparmadığını, Qərbin islamafob qüvvələrinin təsiri altında hərəkət etdiyini bir daha sübut edir. Məlum qərar, ümumilikdə Qərbin müsəlman aləminə qarşı bəslədiyi kin, nifrət və qərəzin əyani təzahürüdür. Təcrübə sübut edir ki, AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür. Azərbaycanla əlaqədar baş verən oxşar hadisələr də AŞPA-nın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Əks halda, qurum Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaz, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın ədalətli mövqeyinə dəstək olar, problemin qısa vaxt ərzində həlli üçün rəsmi İrəvana təzyiq edərdi.
Bu mənada, islamafobiya meyllərinin gücləndiyi Avropa Azərbaycana, Türkiyəyə və digər müsəlman ölkələrinə yaxşı heç nə vəd etmir. Ona görə də, Azərbaycan inteqrasiya meyllərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir.
Məsələ ilə bağlı fikirlərini bildirən sabiq Maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov qeyd edib ki, Türkiyədəki 16 aprel referendumunun nəticələrini "Qoca qitə" heç cür həzm edə bilmir: "Bu günlər Avropa Birliyinin rəsmiləri bu referendumun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Buna qədər türk xalqının seçiminə ən çirkin üsullarla əngəl olmağa çalışdılar, ancaq heç bir nəticə hasil edə bilmədilər. İndi fakt qarşısındadırlar - Türkiyə bundan sonra daha qüdrətli bir dövlətə çevrilmək yoluna seçdi artıq. Bax, həzm edilə bilməyən budur. Qardaş ölkənin son illər regionun problemlərinin həlli istiqamətində yürütdüyü müstəqil siyasət "Qoca qitə" təmsilçilərinin artıq çoxdan rahatsız edirdi. Bu müstəqilliyi əngəlləməyin yollarının axtarışında olan "demokratlardan" türk xalqının seçiminə başqa münasibət gözləmək də mümkün deyildi".
F.Yusifov bildirib ki, bu gün başqasından demokratik dəyərlərə əməl etməyi tələb edən "Qoca qitə" təmsilçiləri tarix üçün heç də böyük olmayan bir zaman kəsiyində bütün dünyaya necə qan uddurduqlarını çox tez unudurlar: "Biz bu gün onların bu unutqanlığına imkan verməməliyik. Onların kim olduqlarını hər addımbaşı yadlarına salmaq lazımdır. Həyatın elə qanunları var ki, bu qanunları dəyişmək heç kimə müəssər olmur. Bunlardan biri də genlərlə bağlı olan qanundur. Böyük rus alimi Vavilov demişkən "genlər yanlışlığa yol vermirlər - onları aldatmaq mümkün deyil". Bəli, bu gün Avropanın qardaş Türkiyəyə qarşı atdığı ədalətsiz addımlar bu deyimin nə qədər əsaslı olduğunu bir daha göstərdi. Millətlərin xisləti dəyişmir - erməni xisləti kimi. İşğal etmək, əzmək, özünə tabe etdirmək, özündən asılı vəziyyətdə saxlamaq - bax budur Qərb demokratiyasının kökündə dayanan dəyərlər. Bu gün özlərini elə aparırlar ki, sanki ötən əsrdə bütün dünyanı işğal edərək öz müstəmləkəsinə çevirən və bu zaman yüz minlərlə insanı yerindəcə sorğusuz-sualsız qətlə yetirən, bəşəriyyətə əlli milyondan çox insanın məhvi ilə nəticələnən iki cahan savaşını bəxş edən bunlar olmayıblar. Deyəcəklər babalarımız edib bunları, biz belə olmasını istəməzdik. Yalandı, tam yalandı. Babalarınız bu əməlləri təkbaşına etməyiblər, öz xalqları ilə birlikdə ediblər. Bəşəriyyət üçün o qanlı cinayətləri törədən həmin babaların genini özündə daşıyan avropalılar isə indi bu yolu daha sivil bir şəkildə - demokratiya pərdəsi altında davam etdirir. Çünki dünya dəyişib, ona görə də xislətdə olanları babaların getdiyi kobud yolla reallaşdırmaq çox təhlükəlidir".
İqtisadçı alim hesab edir ki, bunlara özlərindən güclü heç kim lazım deyil: "Başqalarına qadağan etmək istədikləri, bunlara yasaq da deyil! Bunların sərhədlərindən kənarda görmək istədikləri demokratiya öz maraqlarından ibarətdir. Budur əsil həqiqət".
F.Yusifov bildirib ki, Türkiyənin güclənməsi bunlara heç lazım deyil: "Əgər türk xalqı öz seçimini edib "hə" deyibsə, bundan bu qədər əndişələnmək nə deməkdir? Xalq seçimini edib. Bəs sizlər necə seçirsiniz? İngilislər bir il bundan öncəyə qədər Avropa Birliyindən çıxmağa "hə" dedilər. Bəs nə üçün yığışıb bunun qarşısını öz evinizin içində ala bilmədiniz? Viran qoyduğunuz Yaxın Şərqdən imdad diləmək üçün rezin qayıqlarda batıb məhv olmaqdan qorxmayaraq sizlərə pənah gətirmiş o qurbanlarınızı nə üçün itlərlə, tikanlı məftillərlə qarşılayırsınız? Bu gün əhalisi 500 milyon insanı keçən "Qoca qitə" bu əhalinin 1 faizini belə təşkil etməyən 5 milyona qədər qaçqını qəbul edib yerləşdirməkdə nə qədər acizlik nümayiş etdirir? Bu işdə Türkiyə yardımçınız olsa da, onu da aldatmağa cəhd etdiniz. Türkiyənin öz qoynunda saxladığı və Avropaya kütləvi axınının qarşısını aldığı o qaçqınlara yardımdan da imtina etdiniz. Türkiyə də gərək ki, sizin kimi hərəkət edəydi və o qaçqınların çaşğınlıq içində olan sizlərə axışmasına yol açaydı".
Sabiq nazirin fikrincə, bu gün Qərbin yaratdığı dəyərlər sökülür: "Avropa Birliyinin üç dayağından biri Böyük Britaniya qurumu tərk etdi. İkinci dayaq - Fransa da bu haldadır indi. Almaniyanın isə bu yükü tək çəkmək iqtidarında olması mümkün deyil. Qərb iflas həddindədir. Bu gün iqtisadiyyatı çətinliklər içində, üzv ölkələrinin bir çoxunda maliyyə durumu ağır vəziyyətdə olduğu, xarici borcları Ümumi Daxili Məhsulu üstələdiyi bir halda Avropa Türkiyəni özündən uzaqlaşdırır. Çünki Türkiyə son dəyişikliklə öz hakimiyyətini və deməli öz dövlətçiliyini bir qədər də gücləndirdi. Qərb bu gün suda batarkən, batmazdan öncə kimdənsə qisasını almağı unutmayan bir acizi xatırladır".
F.Yusifov onu da qeyd edib ki, "bu gün Avropa öz dəyərlərini itirir və faktiki olaraq türk, müsəlman düşmənçiliyinə yuvarlanır" deyənlər yanılırlar: "Avropa çoxdan bu yolun yolçusudur. Avropa bu dəyərləri çoxdan itirib. İllərlə Türkiyəni minbir bəhanələrlə Avropa Birliyinin qapıları arxasında saxlamaq nə demək idi? Hər kəs çox gözəl başa düşürdü ki, bu bir oyun idi. Əsl həqiqət budur ki, Qərb nə Türkiyə kimi bir qüdrətli tərəfdaşdan imtina edə bilir, nə də onu öz birliyinə üzv qəbul etmək istəyir. Sadəcə, Avropa qorxur və qorxduğu üçün oynamaq zorunda qalıb. Onlar Şərqlə Avropanın arasında olan belə bir qüdrətli dövlətin bu birliyə üzv olmasından qorxur. Çünki Türkiyə bu birliyə üzv olduqdan bir neçə on il sonra orada hökmranlıq edə biləcək qədər bir qüdrətə sahib olacaq. Qorxurlar ki, bu gün Avropa ölkələrində yaşayan milyonlarla türkün sayı Türkiyə bu Birliyə üzv olduqdan sonra bir neçə on il ərzində on milyonlarla ölçüləcək. Bütün bunlara görə bu gün türk xalqının və dövlətinin qüdrətinin artmasına yönəlmiş seçimi Qərbdə belə qıcıq yaradıb. Avropa Türkiyədən imtina edə bilməz, bu, mümkün deyil. Bu səbəbdən də, 13 il bundan öncəki start vəziyyətinə qayıdıb, Türkiyənin bu quruma üzvlük məsələsini yenidən qeyri-müəyyən bir vaxta qədər uzatmaqla, onunla yenidən oynamaq seçimi ediblər. Avropa bu gün bir məsələni anlamalıdır. İndi Türkiyənin Avropaya ehtiyacından daha çox, Avropanın Türkiyəyə ehtiyacı var. Zaman bunun həqiqətən də belə olduğunu göstərəcək. Bu gün Türkiyəyə yönəlmiş bu haqsızlıq, eyni zamanda Azərbaycana yönəlmiş bir haqsızlıqdır. Bu səbəbdən biz türk qardaşlarımızın yanındayıq".
Ceyhun ABASOV