|
|
|
|
Gəncə şəhərində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin birinci tədris korpusunun və şagird yataqxanasının əsaslı təmirdən sonra açılışı olub.
Açılış mərasimində şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev cari ildə MDB-nin Mədəniyyət Paytaxtı olan ikinci şəhərimizdə keçirilən layihələr haqqında geniş məlumat verib, həmçinin yenilənmiş peşə təhsili ocağının kollektivini təbrik edərək onlara işlərində müvəffəqiyyətlər arzulayıb.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Fazil İsmayılov çıxışında vurğulayıb ki, peşə məktəbinin binası 1966-cı ildən fəaliyyət göstərməsinə baxmayaraq, bu vaxtadək təmir olunmamışdı. Burada aparılan əsaslı təmir nəticəsində məktəbin binasının müasir və bu günün tələblərinə cavab verən səviyyəyə gətirildiyini deyən direktor qeyd edib ki, hazırda məktəbdə 7 peşə - "Dərzi", "Komputer ustası", "Bərbər manikürçü", "Dülgər", "İnşaat materialları, konstruksiyalarının və məmulatların qəlibçisi", "Biçiş-tikiş avadanlıqlarının operatoru" və Tikişçi" üzrə kadrlar hazırlanır və bu peşələrə yiyələnən 154 şagirdə 8 nəfər istehsalat təlimi ustası, 16 nəfər pedaqoji və yardımçı heyət xidmət edir.
Mərkəzin şagirdləri də çıxış edərək onlar üçün yaradılan şəraitə görə öz minnətdarlıq hisslərini bölüşüblər.
Məktəbin tikintisində əməyi keçən inşaatçıların bir qrupu fəxri fərmanlarla təltif ediliblər.
Qırmızı lent kəsildikdən sonra ictimaiyyət nümayəndələri sinif otaqları, idman zalı, kitabxana o cümlədən dülgər və tikiş emalatxanaları, şagird yataqxanası və s. ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 №-li qərarına əsasən ilk peşə ixtisas müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar olaraq respublikamızın ikinci şəhərində bir neçə peşə məktəb və liseylər birləşdirilərək onların bazasında Ticarət və Xidmət, həmçinin Sənaye və Texnologiyalar üzrə təhsil mərkəzləri yaradılıb.
Zakir MURADOV
Gəncə