Bakının Dərnəgül qəsəbəsində, N.Tusi adına Pedoqoji Universitetin 2 saylı yataqxanasının 3-cü mərtəbəsinin tavanı çöküb. Nəticədə yataqxanada məskunlaşan məcburi köçkünlərdən ikisi yaralanıb. Hadisə saat 23.15 radələrində baş verib.
Yataqxanada məskunlaşan köçkünlərin verdiyi məlumata görə, uçqun 5 mərtəbəli yataqxanının 3-cü mərtəbəsinin mətbəxindən başlayıb. Daha sonra isə digər otaqların tavanı çöküb.
Sakinlərin dediyinə görə, uçqun baş verən mərtəbədə 24, bütünlükdə binada isə 125 ailə yaşayır. Binanın su-kanalizasiya sistemi uzun müddətdir ki, yararsız hala düşdüyündən zirzəmi su ilə dolub.
Nəticədə binada xeyli çatlar əmələ gəlib.
Binada Şuşa, Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından olan məcburi köçkünlər yaşayır.