APA-nın Gürcüstan bürosunun məlumatına görə, ilk tədbir Tiflis Xalq Tətbiqi Sənəti Muzeyində baş tutub. Tədbirdə Azərbaycan Dövlət Xalça Muzeyinin dəstəyi ilə Azərbaycan xalçalarının nümayişi təşkil olunub.
Festivalı Tiflis Xalq Tətbiqi Sənəti Muzeyinin direktoru İrina Koşoridze açaraq festivalın proqramı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycan Dövlət Xalça Muzeyinin direktoru, Beynəlxalq Muzeylər Komitəsinin sədri Şirin Məlikova festivalda Azərbaycan Dövlət Xalça Muzeyinin əməkdaşlarının da iştirak etdiyini, festival çərçivəsində Azərbaycan xalçalarının da nümayiş olunduğu barədə məlumat verib.
Tədbirdə Tiflis Xalq Tətbiqi Sənəti Muzeyinin direktor müavini Nino Kepşidze və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva çıxış edərək Beynəlxalq Xalça Festivalının əhəmiyyətindən danışıblar.
Leyla Əliyeva çıxışında keçən il Gürcüstanda təşkil olunan Beynəlxalq Xalça Festivalında Azərbaycan Mədəniyyəti Muzeyinin əməkdaşlarının fəal iştirak etdiyini bildirib: “Biz keçən il Azərbaycanı təmsil edərək Axaltsixedəki Rabat qalasında təşkil olunan festivalının aktiv iştirakçısı olduq. Biz, həmçinin yalnız Azərbaycanda toxunan xalçaları deyil, həm də Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgələrdə, eyni zamanda Mədəniyyət Muzeyinin nəzdində fəaliyyət göstərən xalça dərnəyinin üzvlərinin toxuduqları 55 xalça nümunələrini festival çərçivəsində nümayiş etdirdik. Mənə fərəh verən o hissdir ki, Azərbaycan adı çəkilən kimi bütün beynəlxalq təşkilatlar bizim xalça nümayiş olunan sahəyə nəzər yetirir və Azərbaycan xalçasının gözəlliyini və sənətkarlarımızın əl işlərinə, yüksək səviyyədə toxunan ornamentlərə baxaraq valeh olurdular. Biz bu festivalda Qarabağ, Naxçıvan, Borçalı, Qazax, Qaraçöp və digər bölgələrimizin xalça ustalarının toxuduğu xalça nümunələrini nümayiş etdirdik,” muzeyin direktoru qeyd edib.
Tədbirə 8 ölkədən, o cümlədən Azərbaycan, Ermənistan, Qırğızıstan, Gürcüstan, Hindistan, Türkiyə, Türkmənistan və İrandan xalça ustaları qatılıb, festival çərçivəsində hər ölkənin xalçaçılıq nümunələri təqdim olunur. Həmçinin festival çərçivəsində Türkiyədən gələn xalça ustası Dəniz Coşqun ustad dərsi keçib, yerli və dəvət olunmuş digər ustalar ziyarətçilərə xalçaçılığın texnikası və müxtəlif mərhələlərini nümayiş etdirəcəklər. Festivalda ustad dərsləri ilə yanaşı, xalçaların, ornamentlərin hazırlanması texnikası, boyama, dizayn və digər müxtəlif maarifləndirici proqramlar da təşkil olunacaq. Məlumata görə, tədbir Tiflisdə başa çatandan sonra iyunun 30-dan iyulun 2-dək Axaltsixedəki Rabat qalasında davam edəcək.