İyunun 23-25-də Bolqarıstanın Kotel şəhərində açıq havada keçirilmiş “Adət-ənənələrin canlı alovu” adlı festivalda Azərbaycan xalçaları nümayiş etdirilib.
Azərbaycanın Bolqarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan xalçalarının xüsusiyyətləri barədə informasiya təqdim olunub. Bildirilib ki, xalça istehsalı üzrə Azərbaycanın əsasən Bakı, Şirvan, Quba, Qarabağ, Gəncə və Qazax regionları ixtisaslaşır, hər regionun xalçaları naxış, kompozisiya və rəng çalarlarına görə fərqlənir. Qeyd olunub ki, Azərbaycan xalçalarında digər ölkələrin xalçalarından fərqli olaraq ilmələr daha sıx yerləşib və sayı daha çoxdur.
Festivalda Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də Bolqarıstanda yaşayan müxtəlif xalqların sənəti nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib. Festivalın açılışına Bolqarıstan Xalq Məclisinin sədr müavini Tsveta Karayançeva da qatılıb.
Azərbaycan xalçaları Mədəniyyət və Turizm Nazirliyi və Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyada Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində təşkil edilmiş və 15 iyun-30 iyul tarixlərini əhatə edəcək “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgidə də nümayiş olunur.