Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi çərçivəsində “Bayatı-Şiraz” muğamı ifa olunub.
APA-nın məlumatına görə, “Bayatı-Şiraz”ın müxtəlif şöbə və güşələri xanəndələr Murad Kəngərli, Ramiq Bayramov və Nisbət Sədrayevanın ifasında səslənib. Onları xalq çalğı alətləri ansamblı – tarda Kamal Nuriyev, kamançada Elnur Salahov, bas tarda Kamran Novruzov, qanunda Aysu Sadıqova, nağarada Amil Mustafayev, balabanda Mirağa Murtuzov müşayiət edib.
Xanəndələrin ifa etdiyi “Baytı-Şiraz” muğamı tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb. “Bayatı-Şiraz” muğamı yeddi əsas muğam dəstgahlarından biridir. Muğam bəstəkar Nəriman Məmmədov tərəfindən tarzən Əhməd Bakıxanovun ifasında nota alınıb.
Qeyd edək ki, 30 iyun tarixində “Muğam axşamları”layihəsi çərçivəsində “Şüştər” və “Humayun” muğamları səslənəcək. Biletləri şəhərin kassalarından, “Asan xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar.