Azərbaycan tarixində mühüm yer tutan, qədim sənət və mədəniyyət mərkəzlərindən sayılan Şəki şəhəri yenidən "İpək yolu" VIII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi. Bu gözəl və önəmli musiqi bayramı artıq ənənə halına çevrilib.
Festivalın "İpək Yolu" adlandırılmağı heç də təsadüfi deyildir. Əsrlər boyu qədim və gözəl Şəki şəhəri Böyük "İpək Yolu" üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olub. Konsertlərin memarlıq abidələri önündə təşkil edilməsi də düşünülmüş gözəl addımlardan biridir. Belə ki, bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ edilir. Bir məqama xüsusilə toxunmaq vacibdir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, Şəki Xan Sarayı da daxil olmaqla, bir çox tarixi abidəmiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Şəki "İpək Yolu" VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran və Gürcüstandan gələn rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər. Festivala xarici ölkələrdən gələn dövlət və sənət adamlarının iştirakı ilə bu il də möhtəşəm incəsənət bayramı çox yüksək səviyyədə qeyd olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi ilə bağlı builki festivalda məhz müsəlman ölkələrindən olan iştirakçılar üstünlük təşkil edib. Yenidən bu əlamətdar musiqi hadisəsi ilə bağlı görkəmli musiqi xadimləri və çoxsaylı musiqisevərlər bir araya gəliblər. Ötən il Şəkinin TÜRKSOY tərəfindən "Türk dünyasının mədəniyyət paytaxtı" və "Paytaxt ili" çərçivəsində keçirilən Şəki İpək Yolu VIII Beynəlxalq Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında əhəmiyyətli rol oynayıb.
Tədbirin bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, görkəmli bəstəkar Firəngiz Əlizadə çıxışında möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq səkkizinci dəfə keçirilən Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının bu dəfə də qonaqlara və Şəki sakinlərinə unudulmaz gözəl anlar yaşadacağını bildirib.
İyunun 27-də Şəkidə, "Marxal" Yay Teatrında festivalın təntənəli açılış mərasimi keçirilib. Mərasimdə festival qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri, musiqisevərlər, bir sözlə festivala önəm verən hər kəs yaxından iştirak edib. Rəsmi açılışdan sonra təqdim olunan ilk konsert proqramı Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadənin müəllif gecəsi olub.
Festival çərçivəsində bir çox rəngarəng konsert proqramları keçirilib. "Va-Liga" musiqi-qrupunun konsertinin yaddaqalan məqamlarından biri yaponiyalı musiqiçinin Azərbaycan Dövlət himninin musiqisini səsləndirməsi olub. Bu təqdirəlayiq məqam hər kəs tərəfindən çox rəğbətlə qarşılanıb. Dinləyicilər yaponiyalı musiqiçiyə qoşularaq ayaq üstə himnimizi səsləndiriblər. Daha sonra Ania Broda və Guessous Mesi Trio qrupunun konserti də uğurla keçirilib.
Hər kəsdə xoş ovqat yaradan konsertlərdən biri də görkəmli Azərbaycan bəstəkarı, İctimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları Laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Təbriz rəqs qrupunun konserti də böyük marağa səbəb olub. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti də dinləyicilərdə xoş hisslər yaradaraq maraqlı anlarıyla yadda qalıb.
Beləliklə, təqdim olunan sonuncu konsert proqramı "İzmir Devlet Türk Dünyası Dans ve Müzik Topluluğu"nun konserti olub. İnsanlara böyük zövq bəxş edən, mədəniyyətləri bir araya gətirən Şəki İpək Yolu VIII Beynəlxalq Musiqi Festivalı yenə də maraqlı və unudulmaz xatirələrlə yaddaşlara həkk olunub. Festival uğurla yekunlaşıb.
Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin zəngin mədəni irsinin dünya səviyyəsində tanıdılması və təbliği sahəsində xidmətlərinə görə "Şəkinin fəxri vətəndaşı" adına layiq görülməsi münasibətilə Xalq artisti, professor Firəngiz Əlizadəni ürəkdən təbrik edir, Azərbaycan mədəniyyətinə göstərdiyi misilsiz xidmətlərinə görə alqışlayırıq.
İnanırıq ki, bu qürurverici dostluq və musiqi bayramı dünyanın müxtəlif ölkələrindən gələn festival iştirakçılarına və turistlərə, o cümlədən, Şəki sakinlərinə yüksək zövq bəxş etdi.