Qazax rayon Mədəniyyət Mərkəzində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun sənət dünyasına həsr olunmuş “Ecazkar barmaqların sehrində” adlı Qazax, Ağstafa və Tovuz aşıqlarının iştirakı ilə böyük tədbir keçirilib. Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev, Qazax rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini G.Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri şair Barat Vüsal, Ağstafa və Tovuz rayonlarından gəlmiş mədəniyyət işçiləri, Qazax rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aşıq Ədalətin sevimli şagirdlərindən biri olan folklorşünas Məhəmmədəli Məşədiyevin aparıcılıq etdiyi tədbiri giriş sözü ilə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev açıb. Daha sonra Qazax rayon İcra Hakimiyyəti Başçısının Humanitar Məsələlər üzrə müavini G.Həsənova və Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri şair Barat Vüsal çıxış edib. Bildirilib ki, ozan-aşıq sənəti Azərbaycanda xalq mühitində təsir gücü baxımından analoqu olmayan bir təzahürdür, daha doğrusu, kiçik bir tamaşadır. Bu bədii yaradıcılıq formasının kökləri xalqımızın dərin tarixinə mövcudluq təcrübəsinə dayaqlanır və həyatın özündən zənginləşir.
Qeyd edilib ki, ölkəmizdə aşıq sənəti həmişə diqqətdə saxlanılıb və aşıqların fəaliyyəti yüksək qiymətləndirib. Bunun təzahürü olaraq 2016-cı ildə 7 nəfər aşığa “Əməkdar Mədəniyyət İşçisi” Fəxri adının verilməsi deyilənlərə əyani sübutdur. Həmçinin, aşıq sənəti 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Tədbirdə vurğulanıb ki, Mədəniyyət və Turizm Nazirliyi aşıq sənətinin inkişafını və bu sahəyə xüsusi diqqət göstərilməsini Regional İdarələrin qarşısında mühüm məsələ olaraq qoyub.
Qazax, Ağstafa, Tovuz həm də sazın-sözün beşiyidir. Təsadüfi deyil ki, 2010-cu ildə Qazax Azərbaycanın Folklor Paytaxtı elan edilib. Bu baxımdan həm birinci, həm də ikinci Beynəlxalq Aşıq festivalı çərçivəsində Qazax və Tovuz rayonlarındada tədbir keçirilməsi heç də təsadüfi deyil. Azərbaycan aşıq sənətinin çox mötəbər simalarından biri, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü aşıq Ədalət Nəsibovun “Sənət dünyası”na həsr edilən, Tovuz, Ağstafa, Qazax aşıqlarının ifalarından ibarət bu konsert həmin tədbirlərin məntiqi davamıdır.
Tədbirin bədii hissəsi aşıq Ədalətin yaradıcılığını əks etdirən, aşıq havalarının səsləndirildiyi geniş proqramla davam etdirilib.