Kanadanın Toronto şəhərində "Tirqan" milli musiqi, kino və teatr beynəlxalq festivalı keçirilib. Festival "Tirqan" beynəlxalq fondu və "Harbourfront" mərkəzinin təşkilati dəstəyi ilə baş tutub. Ümumilikdə, 70-dək musiqi, rəqs, kino və teatr layihəsini birləşdirən beynəlxalq forumda ABŞ, Kanada, İran, Türkiyə, Rusiya və digər ölkələrdən sənət xadimləri iştirak ediblər. Festivalın təntənəli açılış mərasimi sufi musiqisinin təqdimatı ilə yadda qalıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizi festivalda tarzən, Xalq artisti, professor Ramiz Quliyev təmsil edib. Tarzən iki geniş solo konsert proqramı ilə çıxış edib. Proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Qəmbər Hüseynli, Vasif Adıgözəlov, Həsən Rzayevin əsərləri ilə bərabər, klassik muğamlarımız, xalq mahnılarımız əsasında improvizasiyalar və dünya musiqisindən parçalar yer alıb.
İkinci solo konsert - festivalın rəsmi bağlanış mərasimi professor R.Quliyevin 70 illik yubileyinə həsr olunub. Konsertdən öncə "Tirqan" festivalının prezidenti Meladid Armanejad tarzəni təbrik edib və festivalda iştirakına görə ona təşəkkürünü bildirib. Çıxışın sonunda festivalın ən yüksək mükafatı və xüsusi diplomu Ramiz Quliyevə təqdim edilib.