AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİNDƏ TƏLƏBƏLƏR BİR GÜN ƏRZİNDƏ UNİVERSİTETİN RƏHBƏR STRUKTURLARINI İDARƏ EDƏCƏK
Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək. Bu layihə çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər.
Həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olacaq. Seçilən şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəyə namizədliklərini verə bilərlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
AUDİTORİYA + ŞÖBƏSİNİN BÖYÜK LAYİHƏSİ
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Ağa Cəfərli deyir ki, əsasını Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın qoyduğu “Xəlifə günü” layihəsi universitetdə ilk dəfədir keçirilir. “Bir günlük xəlifə” layihəsi ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin ilk böyük layihəsidir. ADU-nun yeni struktur bölməsi olan Auditoriya+ şöbəsinin fəaliyyətinin əsas məqsədi ADU-da tələbələrin dərsdənkənar vaxtlarının səmərəli təşkil olunması, bilik, bacarıq səviyyələrinin daha da təkmilləşdirilməsi və dünyagörüşünün artırılmasıdır. Ən əsası tələbələrin ictimai həyatda fəal iştirak etmək, təhsil və bilik əldə etmək, yaradıcı və sağlam tələbə həyatı yaşamaq və imkanlarını genişləndirmək üçün şərait yaratmaqdır.
Onun sözlərinə görə, sözügedən bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayacaq: “Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edə, həmçinin, yeniliklər həyata keçirə bilərlər. Rektorun qərarı ilə “Bir günlük xəlifə”lər icra etdikləri vəzifənin maaşını da alacaqlar”.
VƏZİFƏLƏRİ İCRA EDƏCƏK TƏLƏBƏLƏRİN QƏRARLARI TAM HÜQUQİ QÜVVƏYƏ MALİK OLACAQ
A.Cəfərli bildirib ki, “Bir günlük xəlifə” layihəsinin mərkəz müdirləri çıxışlarını etməyə hazırdırlar. Artıq layihə ilə bağlı seminarlar da təşkil olunub. Seminarlarda “Bir günlük xəlifə” layihəsinin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq qaydası və səsvermə forması barədə tələbələrə geniş məlumat verilib, “Bir günlük xəlifə” layihəsinin mahiyyəti izah olunub. Həmçinin, “Bir günlük xəlifə” layihəsində universitetin rəhbər strukturlarının idarə edilməsi, həmin gün ərzində vəzifələri icra edəcək tələbələrin qərarlarının tam hüquqi qüvvəyə malik olması, vəzifələri tutacaq şəxslərin icra edəcəkləri vəzifənin bir günlük maaşını alacaqları da tələbələrin diqqətinə çatdırılıb. Bundan başqa, seminar iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb, universitetin hər bir tələbəsi, magistrant və doktorantların layihədə iştirak edə biləcəyi, vəzifələr tutacaq şəxslərin həmin universitetin “Kölgə kabineti”ni formalaşdıracağı və “Kölgə kabinetinin” fəaliyyəti barədə ümumi məlumat verilib: “Bir günlük xəlifə” layihəsi ilk dəfədir ki, Azərbaycan Dillər Universitetində keçirilir. Ancaq buna baxmayaraq, layihə tələbələr arasında böyük marağa səbəb olub. 32 vəzifə üzrə 247 tələbə öz namizədliyini irəli sürüb ki, olduqca böyük rəqəmdir. Elə bu da layihəyə olan maraqdan xəbər verir. Daha maraqlısı da odur ki, həmin tələbələrin 74-ü rektor vəzifəsinə namizədliyini irəli sürüb. Tələbələr dekabrın 13-də keçiriləcək “Bir günlük xəlifə” gününü, eləcə də rəhbər strukturları kimlərin tutacağını səbirsizliklə gözləyirlər”.
11 TƏLƏBƏ “BİR GÜNLÜK XƏLİFƏ” LAYİHƏSİNDƏ İŞTİRAK ETMƏK HÜQUQU QAZANIB
A.Cəfərlinin dediyinə görə, öz platformalarını təqdim edən tələbələr arasında Aysel Vəliyeva, Nihat Quliyev, Kübra Qasımova, Rəşid Tağıyev, Şahverən Babayev, Böyükxanım Hüseynzadə, Məhsəti Əzizova, Şəfiqə Əlizadə, Vüsalə Əliyeva, Nərminə Namazova və Elsəvər Məmmədli qalib namizədlər olunublar və “Bir günlük xəlifə” layihəsində iştirak etmək hüququ qazanıblar: “Müsabiqə üzrə seçimlər davam edir və rektor vəzifəsinə seçilən namizədi təyin etdikdən sonra yekunlaşacaq. Məlumat üçün bildirim ki, səsvermənin şəffaf keçirilməsi üçün 4 fakültədən, hər fakültədən 20 nəfər olmaqla 80 seçici təyin edilib”.
TƏLƏBƏLƏRİN XEYRİNƏ QƏRARLAR QƏBUL OLUNACAQ
“Bir günlük xəlifə” layihəsində mətbuat katibi vəzifəsinə namizəd Jurnalistika və Filologiya fakültəsinin üçüncü kurs tələbəsi Aysel Ağayeva deyir ki, digər rəqiblərindən fərqli olaraq ixtisası üzrə vəzifəyə namizədlik verib: “Əminliklə deyə bilərəm ki, qəbul edəcəyim qərarlar tələbələrin xeyrinə olacaq. Biz tələbələrə yaratdığı bu şəraitə görə, rektorumuz, akademik Kamal Abdullaya təşəkkürümü bildirirəm”.
S.QARAYEVA