|
|
|
|
Dünən Bakıda BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
Konfrans Qlobal Saziş Azərbaycan Şəbəkəsi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.
“Azərsu”dan verilən məlumata görə, tədbirin açılışında BMT Baş ofisinin nümayəndəsi Alexandra Tarazi çıxış edərək bildirib ki, davamlı inkişafın əsas məqsədi yoxsulluğun aradan qaldırılması və planetin qorunmasını təmin etməkdir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai beynəlxalq tədbirin Bakıda keçirilməsini Azərbaycana verilən dəyər kimi qiymətləndirib. O, davamlı inkişaf üçün innovasiya, texnologiya, elm və təhsilin əhəmiyyətindən danışıb.
“Azərsu” sədrinin müavini Köçərli Həsənov isə bildirib ki, su və sanitariyanın davamlı idarə edilməsi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17 hədəfindən biridir: “Su təhlükəsizliyinin təmin edilməsi məqsədilə son illərdə ölkəmizdə böyük investisiya layihələri icra edilib. Ümumi tutumu 460 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarlarının istismara verilməsi, əhalinin içməli su təchizatının yaxşılaşdırılması və suvarılan torpaq sahələrinin genişləndirilməsi, başqa sözlə, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.
K.Həsənov qeyd edib ki, son illər keyfiyyətli və dayanıqlı su mənbələrindən istifadə etməklə şəhərlərin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur, innovativ texnologiyalara əsaslanan sutəmizləyici qurğular inşa edilir, tullantı suları zərərsizləşdirilməklə ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Dayanıqlı İnkişaf Üzrə Milli Əlaqələndirmə Şurası Katibliyinin rəhbəri Hüseyn Hüseynzadə isə qeyd edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiyası və strategiyaları, həmçinin, proqram və layihələr BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır: “Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə almaqla qurur”.
Tədbirdə daha sonra Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Hak İş Konfederasiyası sədrinin müşaviri Yusra Erilli, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Xəyalə Məmmədova, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev çıxış edərək Davamlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrin əhəmiyyətindən danışıblar.
Konfrans işini paralel sessiyalarda davam etdirib. İki gün ərzində tədbir iştirakçıları Davamlı İnkişaf Məqsədləri ilə bağlı yaranan çətinliklər ətrafında fikir mübadiləsi aparıb, ideya və təcrübələrini bölüşüblər.
C.ABASOV