Dekabrın 25-də Ermənistan prezidenti Serj Sarkisyanın Gürcüstana həyata keçirdiyi rəsmi səfər Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənilib. Çünki Ermənistan-Gürcüstan münasibətlərinin hansı həddədək inkişafı məsələləri Azərbaycan hakimiyyətini, ekspert dairələrini və cəmiyyətini narahat edir.
Düşmən ölkə rəhbəri Tbilisidə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirakişvili, parlament sədri İrakli Kobaxidze və patriarx II İlya ilə keçirdiyi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib. Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunu işğal etməsindən sonra iqtsadi və nəqliyyat blokadasına alınan Ermənistan prezidentinin Tbilisi səfərində əsas məqsədi bu çətinliklərdən çıxış yolları axtarmaq, xüsusilə Rusiya ilə nəqliyyat əlaqələrini genişləndirməkdir. Çünki 2008-ci ildə Gürcüstanla Rusiya arasında baş verən qısamüddətli müharibədən sonra iki ölkə arasında münasibətlərin kəsilməsi Ermənistanın da Moskva ilə quru yol üzərindən əlaqələrini məhdudlaşdırıb, dəmir yolu vasitəsilə gediş-gəlişi dayandırıb. Hazırda Cənubi Osetiya və Abxaziya ilə bağlı problemin həll olunmadığını nəzərə alsaq, Rusiya-Gürcüstan münasibətlərinin bərpa olunmasını, bundan Ermənistanın da gen-bol yararlanacağını söyləmək çətindir. Doğrudur, ayrı-ayrı vaxtlarda İrəvanla Moskva arasında dəmir yolu xətinin bərpa olunması istiqamətində Ermənistanın müraciətləri Gürcüstan tərəfindən sözdə müsbət cavab alsa da, son nəticədə problem həll olunmayıb. Həm də Gürcüstan düşmən ölkə ilə əlaqələrində Azərbaycan amilini ciddi nəzərə almalı, ölkəmizin maraqlarına qarşı addım atmamalıdır. Ona görə ki, rəsmi Bakı ilə Tbilisi arasında əlaqələr, həyata keçirilən neft-qaz və nəqliyyat layihələri Gürcüstan iqtisadiyyatının inkişafına müsbət təsirləriylə yadda qalır. Amma Ermənistanla əlaqələr bu ölkəyə ciddi heç nə vəd etmir və edə də bilməz.
Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Serj Sarkisyanın Tbilisiyə səfərinin bir neçə məqsədi var idi: "Birincisi, Ermənistan hakimiyyəti Gürcüstanla nəqliyyat yollarından maksimum istifadə etməyə çalışır. Rusiya strateji müttəfiqi Ermənistanla quru yolla ancaq Gürcüstan üzərindən əlaqə saxlaya bilər. Bu isə indiki şərtlər daxilində hələ ki, mümkün deyil. Çünki Gürcüstanla Rusiya arasındakı münasibətlər normal deyil, iki ölkə arasında diplomatik əlaqələr də bərpa olunmayıb. Buna baxmayaraq, İrəvan çox çalışır ki, Gürcüstan üzərindən Rusiya ilə əlaqəni bərpa edə bilsin. Qış aylarında vəziyyət bir az daha gərginləşir. Nəqliyyat yollarını buz bağladığından və daima dağ uçqunları olduğundan Rusiya ilə Gürcüstan arasından sərhəd keçid məntəqəsindən malların daşınması çətinləşir. Dəmir yolunu isə işə salmaq mümkün deyil. Gürcüstan dəmir yolunun işləməsinə razılıq versə, bu, tanınmayan və işğal altında olan Abxaziya ilə rəsmən əlaqənin qurulması mənasına gələcək. Gürcüstan müxalifəti də bu məsələdə daima hakimiyyəti tənqid edir və iqtidar bu tənqidlə hesablaşmaq məcburiyyətindədir".
Politoloq qeyd edib ki, Serj Sarkisyanın səfərindən öncə gürcü rəsmilər dəmir yolunun işə başlaya biləcəyinə işarə vursalar da, bu məsələsinin tezliklə həll olunacağı problematikdir: "Dəmir yolunun bərpası üçün texniki və lojistik məsələlər həll olunmalıdır. Bu məsələlərin həlli daha çox Ermənistana lazımdır, nəinki Gürcüstana. Digər tərəfdən, rəsmi Tbilisi Rusiya-Ermənistan dəmir yolunun açılması məsələsində Azərbaycanın da mövqeyini nəzərə almaq məcburiyyətindədir. Azərbaycan öz torpaqlarının işğalına görə Ermənistan ətrafında iqtisadi blokadanın zəifləməsində maraqlı deyil. Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycanın əsas enerji layihələrində Gürcüstan yer alıb, boru xətləri bu ölkədən keçir. Bundan başqa, Azərbaycan Gürcüstana böyük həcmdə investisiyalar yatırıb, kreditlər verib. Bunların heç birini Ermənistan Gürcüstan üçün etməyib, edə də bilməz, çünki maliyyəsi yoxdur. İkincisi, Serj Sarkisyan Gürcüstan hakimiyyətinə Avrasiya İqtisadi Birliyinin imkanlarından istifadə etməyi təklif edib. Sarkisyanın digər təklifi Gürcüstanın Ermənistan üzərindən İrana bazarına çıxışıdır. Serj Sarkisyan buna misal olaraq Ermənistan-İran sərhəddində yaradılan azad iqtisadi zonanı göstərib. Gürcüstanın Ermənistan prezidentinin bu təklifindən istifadə edəcəyi də problematikdir. Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin olmamasına baxmayaraq, bu ölkənin bazarına birbaşa çıxmağa çalışır, mineral sular və şərab məhsulları satır. Gürcüstan üçün Avrasiya İqtisadi Birliyinin imkanlarından yararlanmaq faydalı deyil. Digər tərəfdən, Avrasiya İqtisadi Birliyinin özündə hələ həll olunmamış məsələlər var, işlək quruma çevrilməyib. Gürcüstan İran bazarına çıxışı isə Azərbaycan üzərindən həyata keçirə bilər. Bakı-Tbilisi-Qars və Şimal-Cənub dəmir yolu ilə bölgənin və dünyanın malları Azərbaycan üzərindən rahat şəkildə İrana çatdırıla bilər.
Üçüncüsü, Serj Sarkisyan Tbilisidə olarkən gürcü həmkarı Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında maraqlı açıqlama verib. Sarkisyan deyib ki, guya Ermənistan heç zaman Gürcüstanın maraqları əleyhinə sənədlərə imza atmayıb. Bu kökündən yalandır və çətin ki, Gürcüstanda buna inanan tapılsın. Ermənistan BMT-də dəfələrlə Gürcüstanın ərazi bütövlüyünə zidd sənədlərə imza atıb. Elə tək Abxaziya və Cənubi Osetiya ilə bağlı səsvermələrdə Ermənistan Rusiyanın mövqeyinə uyğun səs verib".
E.Şahinoğlunun fikrincə, Serj Sarkisyan ona görə Tbilisini sakitləşdirməyə çalışır ki, gələcəkdə Gürcüstan bölgədə Ermənistanın da maraqlarını nəzərə alsın: "Serj Sarkisyan belə bir ifadə işlədib: "Ermənistan və Gürcüstan həssas mövzularda bir-birlərinin maraqlarını nəzərə almalıdır". Bu sözlər ondan xəbər verir ki, İrəvan Azərbaycan-Gürcüstan əməkdaşlığının miqyasından və Dağlıq Qarabağ münaqişəsinin həllində Tbilisinin Bakıya verdiyi dəstəkdən narahatdır. Ermənistan bu əməkdaşlığın qarşısını ala bilməz. Azərbaycan Gürcüstan üçün dəfələrlə vacib və faydalı tərəfdaşdır. Gürcüstan Ermənistanla əlaqələr olmadan yaşaya bilər. Ancaq Gürcüstan Azərbaycansız zəifləyər. Bunu rəsmi Tbilisi də anlayır.
Bu baxımdan Ermənistan prezidentinin Gürcüstana rəsmi səfərinin effektli olduğunu söyləmək çətindir. Bunu erməni ekspertlər də qeyd edirlər. Gürcüstanın baş naziri Georgi Kvirakişvili dekabrın 1-də Ermənistana səfər etməli idi. Ancaq bu səfər təxirə salındı. Erməni ekspertlər hələ də bu səfərin hansı səbəblərdən təxirə salınmasını müzakirə edirlər. Yəni Ermənistan siyasi və ekspert dairlərinə də aydındır ki, Ermənistan Gürcüstan üçün Azərbaycanı əvəz edə bilməyəcək. Digər tərəfdən, Ermənistan hakimiyyəti Gürcüstana sperataçı mövqeli diplomatı səfir təyin etmək istəyirdi. Gürcüstan Xarici İşlər Nazirliyi həmin şəxsə haqlı olaraq aqreman vermədi. İrəvan məcbur qalıb namizədini dəyişdi. Bütün bu amillər Gürcüstan-Ermənistan münasibətlərində inkişafın mümkünlüyünün zəif olduğunu göstərir. Buna baxmayaraq, Azərbaycan daima Gürcüstan-Ermənistan münasibətlərini diqqətlə saxlamalı, bu əlaqələrin monitorinqini aparmalı və ölkəmizin maraqlarının nəzərə alınması amillərini daima gürcü rəsmilərin diqqətinə çatdırmalıdır".
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks" agentliyinə verdiyi müsahibə ilə də bağlı fikirlərini mərkəz sədri qeyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə marağ yoxdur: "Buna baxmayaraq, rusiyalı rəsmilər və Kremlə yaxın ekspertlər Qarabağ münaqişəsinin həlliylə bağlı müxtəlif fikirlər və ideyalar səsləndirirlər. Bu, sadəcə bölgədə nəzarətin Rusiyanın əlində olmasını təsdiqləmək üçün Moskvaya lazımdır". Politoloqun sözlərinə görə, Rusiya xarici işlər nazirinin müavini geniş müsahibəsində Qarabağ münaqişəsinə də toxunub: "O deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır. Qriqori Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammitinin keçirildiyini xatırladıb. Rusiyalı diplomatın fikrincə, bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırılıb. Qriqori Karasin misal olaraq həmsədrlərin noyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr keçirməsini, dekabrda isə Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında nazirlərin görüşünün təşkil olunmasını göstərib.
Rusiyalı diplomat etiraf edib ki, münaqişənin nizamlanmasının əsas məsələlər müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və gələn ilin yanvarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşü olacaq".
Politoloqun fikrincə, Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək, ikincisi, ancaq bu o demək deyil ki, vasitəçilik real nəticəyə hesablanıb.
Ekspert qeyd edib ki, dekabrın 23-də Bakıda "Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər" mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı iştirakçı tərəfindən belə bir fikir səslənib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər, ancaq bunun üçün zaman lazımdır: "Həqiqətən Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verib. Bu 3 ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edilib. Ancaq Suriyada hələ sülh əldə olunmalı və hakimiyyət bölgüsü həyata keçirilməlidir. Bu isə hələ baş verməyib. Bu, terrorçularla birgə mübarizədən az problemli məsələ deyil. Ona görə də Rusiya-Türkiyə-İran formatının Suriyada vəziyyətin stabilləşməsində növbəti addımlarının uğurlu olub-olmayacağını gələcək göstərəcək".
E.Şahinoğlu deyib ki, Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddirlər və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər: "Ancaq bunun üçün iki addım atılmalıdır. Birinci addım: Rusiya-Türkiyə-İran formatı ATƏT-in Minsk Qrupunu faktiki əvəz etməli və ya həmsədrlərlə birgə çalışmalıdır. Bunun mümkünlüyü şübhə doğurur. İkinci addım: Ermənistan Türkiyənin fəal vasitəçiliyinə razılaşmalıdır. Bunun üçün isə Rusiya Ermənistan hakimiyyətinə təzyiq edib İrəvanı razı salmalıdır. Bu iki addım atılmadan Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevriləcəyi praktik baxımdan mümkün deyil".
Ceyhun ABASOV