|
|
|
|
Azərbaycan, paytaxt Bakının dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi, ayrı-ayrı sivilizasiyalar arasında dialoq və əməkdaşlığı təşviq edən məkan kimi müsbət imic qazanması beynəlxalq ictimaiyyətin böyük rəğbəti ilə qarşılanır.
Balanslı siyasət kursu yürüdən Azərbaycan müxtəlif ölkələr, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri yürütmək, irimiqyaslı layihələr həyata keçirməklə öz nüfuzunu daha da artırıb, etibarlı tərəfdaş imicini yüksək səviyyəyə qaldırıb. Ona görə də, son vaxtlar ayrı-ayrı güc mərkəzləri də öz aralarında olan problemləri həll etmək, münasibətlərin yeni xəttini müəyyənləşdirmək üçün dünyada unikal dialoq məkanı kimi tanınan Bakıya üz tuturlar. Bu mənada, artıq üçüncü dəfədir ki, paytaxtımız NATO-Rusiya generalları arasında dünya ictimaiyyəti üçün böyük maraq kəsb edən görüşə ev sahibliyi edəcək. Keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Bakıda bir araya gələn Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu dəfə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti ilə danışıqlar masasına əyləşəcək. Tərəflər arasında ardıcıl olaraq Bakıda danışıqların davam etdirildiyini nəzərə alsaq, yanvar ayının sonlarında keçirilməsi planlaşdırılan görüş gərginlik fazasında olan münasibətlərin qaydaya salınması, ümumi narazılıqların həll olunması baxımından əhəmiyyətli nəticələr verə bilər.
NATO hərbi rəsmisi gözlənilən görüşlə bağlı APA-ya bildirib ki, NATO və Rusiya açıq hərbi əlaqələr xəttini dəstəkləyir: "Bu, bizim hərbi fəaliyyətimizdə proqnozlaşdırmanı və şəffaflığın inkişafına təkan verməyi hədəfləyib".
Qeyd olunub ki, bu kontekstdə general Kertis Skaparroti və general Valeri Gerasimov arasında ötən il sentyabrın 14-də telefon danışığı olub: "Onlar təlimlərdə şəffaflığın təmin edilməsinin vacibliyini vurğulayıblar. Bu danışıq NATO-nun şəffaflıq siyasəti və Rusiya rəhbərliyi ilə siyasi səviyyədə aparılan daimi dialoqa uyğun olaraq, hərbi əlaqələri inkişaf etdirməyə qarşılıqlı marağı nümayiş etdirib".
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Konstitusiya Araşdırmalar Fondunun sədri, politoloq Əliməmməd Nuriyev qeyd edib ki, NATO-Rusiya generallarının görüşləri üçün Bakının məkan olaraq seçilməsi ümumilikdə Azərbaycanın həm region, həm də dünya üçün nə qədər əhəmiyyətli ölkə olmasından xəbər verir: "Dövlətimizin apardığı balanslaşdırılmış siyasət xətti, ictimai-siyasi sabitlik, təhlükəsizliyin maksimum qorunması bizə Ermənistan xaric olmaqla, bütün dünya ölkələri ilə normal münasibətlər saxlamağa, əməkdaşlıq əlaqələrini genişləndirməyə imkan verir. Eyni zamanda, mühüm əhəmiyyətli danışıqların Bakıda aparılması ölkəmizə olan etibar və etimadın göstəricisi sayılmalıdır. Bütün bunlar Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasətin nəticələridir".
Azərbaycanın həm Rusiya, həm də NATO ilə əməkdaşlıq əlaqələrinə malik olduğunu deyən politoloq bildirib ki, bu əlaqələrin kökündə qarşılıqlı maraqlar dayanır: "Rusiya bizim yaxın qonşumuzdur. İki ölkə arasında müxtəlif sahələrdə inkişaf etməkdə olan geniş əlaqələr var. Eyni zamanda, Azərbaycan uzun müddətdir ki, NATO ilə əməkdaşlıq edir. Bu əlaqələr Silahlı Qüvvələrimizdə reformaların aparılmasına yeni imkanlar yaradıb".
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş və müttəfiq olduğunu dəfələrlə sübut edib: "Dünya ölkələri, ayrı-ayrı beynəlxalq təşkilatlar ölkəmizlə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə layihələrin uğurlu nəticələrindən həmişə razı qalıb. Bu etibarın, inamın əyani təzahüru kimi, biz ölkəmizin paytaxtı Bakının vacib görüşlərin keçirildiyi, mühüm hərbi-siyasi danışıqların aparıldığı unikal məkana çevrildiyinin şahidi oluruq".
Son dövrlər NATO-Rusiya münasibətlərinin gərginləşməyə doğru getdiyini deyən fond sədri bildirib ki, tərəflər arasında əlaqələr kəsilmək üzrəydi: "Dünya üçün ciddi təhdidlərin özünü göstərdiyi dövrdə NATO ilə Rusiyanın münasibətlərin aydınlaşması çox vacib məsələ idi. NATO-Rusiya əlaqələrinin normallaşması həm regional, həm də qlobal təhlükəsizliyə mühüm töhfələr verə bilər. Ən əsası isə odur ki, bu danışıqlar Azərbaycanın paytaxtı Bakıda aparılır".
Politoloq qeyd edib ki, Bakı dəfələrlə bu cür görüşlərin məkanı olub: "Bundan əvvəl, keçən ilin fevralın 16-da ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danford, sentyabrın 7-də isə NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda bir araya gəlib. O, hesab edir ki, bu, Azərbaycanın geosiyasi əhəmiyyətinə verilən növbəti qiymətdir.
Son vaxtlar Yaxın Şərqdə vəziyyətin daha da gərginləşdiyini deyən Ə.Nuriyev bildirib ki, böyük güclərin danışıqlar masasına əyləşməsi, məsləhətləşmələr aparması beynəlxalq sülhə edilən təhdidlərin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə əlavə imkanlar verəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc isə qeyd edib ki, Bakı heç də təsadüfi olaraq belə danışıqlar üçün seçilmir. O, "Modern.az"a bildirib ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford rusiyalı həmkarı Valeriy Gerasimovla Bakıda görüşmüşdülər: "O zaman çoxları bunu təsadüfi saya bilərdilər. Həmçinin, 2017-ci ilin sentyabrında NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Valeri Gerasimovla görüş keçirmişdi. Biz burada bir neçə nüansı nəzərə almalıyıq. Bu gün nə üçün İrəvan və yaxud Tiflis yox, məhz Bakı seçilib? Birinci növbədə Azərbaycanın dövlət başçısı İlham Əliyev qeyd etdiyimiz mövqelərlə yaxşı əlaqə qura bilib. Azərbaycan prezidentinə inam var. İkincisi isə Bakı nə Rusiyanın vasitəsilə Qərbin əleyhinə, nə də Avropanın maraqları konteksində Moskvanın ziyanına forpost kimi nəzərdən keçirilir. Biz belə döyüşlərdə iştirak etmirik. Azərbaycan artıq dərəcədə sülhü təşviq edir. Nəzərə alaq ki, SSRİ-nin dağılmasından sonra bu gün ABŞ və Rusiya, yaxud NATO- Rusiya münasibətləri ən aşırı mərhələdədir. Nə üçün rəsmi Brüssel Moskva ilə sərt hərbi dildə danışır? Bunun səbəbləri isə bəllidir. Həm Yaxın Şərqdəki əməliyyatlar, həm də Ukrayna böhranı Rusiyanı müxtəlif sərt tədbirlərə məruz qoyub. Rusiyanı 7+1 formatından çıxardılar. Bundan sonra ABŞ ilə diplomatik kommunikasiyaların özü aşağı səviyyəyə düşdü".
Deputat deyib ki, ABŞ ilə Rusiya arasında qarşıdurmaların mövcud olduğu vaxtda Bakı bu münasibətlərin həllində rol oynayarsa, çox təqdirəlayiq hadisəyə çevrilər: "Bu, Bakının statusunu artırar. Bakıya siyasi-diplomatik paytaxt adını verər. Azərbaycan ərazi bütövlüyü problemi yaşayan ölkədir. Biz maraqlıyıq ki, həmin danışıqlar keçmişdə Suriyanın taleyi, Yaxın Şərq bölgəsindəki məlum problemlərin həllində rol oynayırsa, bunun bir sonu Azərbaycana da gəlib çıxsın. Çünki bu gün Rusiya və Amerikanın mövqeyindən Qarabağdakı vəziyyət çox asılıdır. Biz həqiqətən də bu generalların danışıqlarının tam təfərrüatlarını bilmədən ixtiyarımız var düşünək ki, nə zamansa, eyni düşüncələr və istəklər bizim ərazi bütövlüyümüz üçün keçiriləcək. Qarabağ danışıqları yüksək hərbi rütbəli şəxslərin arasında da getməlidir".
Z.Oruc bu gün Azərbaycanın təhlükəsizlik məkanı kimi tanındığını bildirib. Onun sözlərinə görə, burada kimsə danışıqların məxfiliyinə əl uzadılmasını düşünmür: "Azərbaycan sülhyaratma xəttini hər zaman həyata keçirib. Bu, dövlətimizin geopolitik bir kursudur. Biz Rusiya-Türkiyə, Türkiyə-İsrail arasında bəlli konfliktlər olan zaman da çalışdıq ki, tərəflər bir araya gəlsinlər. Düşünürəm ki, Bakı görüşü NATO və Rusiya arasında gələcək əlaqələrin həllində rol oynayacaq, yaxud da, Yaxın Şərqin taleyi üçün qərara təsir göstərəcək. Çünki görüşdən dərhal sonra məsələni həmin generallar ölkələrinin təhlükəsizlik və siyasi rəhbərlərinə məruzə edirlər. Daha sonra isə qərarlar verilir".
Z.Oruc görüşdə Suriya, İran ətrafında məsələlərdən bəhs edilməsinin mümkünlüyünü vurğulayıb: "Mənim dərin inamım var ki, ölkə prezidenti hər zaman olduğu kimi, bu danışıqlara tribuna kimi yanaşaraq maksimum dərəcədə Azərbaycan mənafelərini həyata keçirməyə səy göstərəcək. Xatirimdədir ki, ötən ilin fevralında ABŞ silahlı qüvvələrinin birləşmiş qərargah rəisləri Komitəsinin rəhbəri, general Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla ölkə başçısı İlham Əliyev ayrı-ayrılıqda görüş keçirmişdi. Bu dəfə də belə olacağına şübhəmiz yoxdur. Çünki Azərbaycan həm NATO, həm də Rusiya ilə yaxşı münasibətlərə malikdir".
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin ali baş komandanı Kertis Skaparroti arasında Bakıda görüşün keçiriləcəyinə dair ilk məlumatı nüfuzlu "BuzzFeed" xəbər portalı yayıb.
Ceyhun ABASOV