|
|
|
|
"Bu gün Avropa yaxın tarixinin ən böyük humanitar fəlakəti olan miqrant böhranı ilə üz-üzədir. Şimali Afrika, Yaxın və Orta Şərqdən qaçqın və məcburi köçkünlərin böyük bir kütləsi müharibələrdən, aclıqdan, səfalətdən xilas olmaq üçün Avropaya üz tutub".
Bu barədə millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova miqrasiya problemini doğuran səbəblər və bunun nəticələri, Avropa ölkələrində miqrantlara münasibət, problemin həlli yolları barədə danışarkən bildirib. O deyib ki, qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən "İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı" hesab olunur: "Çünki qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının açıqlamasına görə, təkcə 2015-ci ildə Aralıq dənizini 300 min nəfərə yaxın miqrant keçib. 2016-cı ildə isə Aralıq dənizi vasitəsilə Avropaya 357 min nəfərdən çox miqrant gəlib. Sadəcə bu iki il ərzində qeyri-leqal miqrasiyanı ifadə edən rəqəmlər hazırda problemin nə qədər dərin olduğunu anlamağa imkan verir".
Miqrantların kütləvi axınının Avropa ölkələrinin iqtisadi-siyasi həyatına təsirindən danışan millət vəkili vurğulayıb ki, miqrasiya axınının genişlənməsi bu prosesin bu qədər dramatik hal almasında bir formada iştirak edən Avropanın özündə də yeni problemlərin artmasına rəvac verib: "İlk növbədə miqrasiya iqtisadi həyata təsir edərək qlobal iqtisadiyyatın yaranmasını, transmilli korporasiya və beynəlxalq əmək bazarının formalaşmasını şərtləndirir. İnformasiya məkanına təsir edərək müvafiq qlobal sosial, eləcə də cinayətkar şəbəkələrin formalaşmasına səbəb olur. Qlobal miqrasiya prosesləri dövlətin həyatında milli-siyasi münasibətlərin mahiyyətinə də təsir göstərir. Son zamanlar bir sıra dövlətlərdə milli, irqi zəmində diskriminasiyanın şiddətlənməsi bunun bariz sübutudur. Miqrasiya axınları dövlətin bütövlüyünü, sərhədlərinin kövrəkliyini, "boz zonaların" yaranmasını şərtləndirir. Özünütəcrid edən "miqrant anklavlarının" yaranması sosial gərginlik mənbəyi kimi çıxış edir.
Avropanın inkişaf etmiş ölkələrinin əsas problemləri əhalinin doğum səviyyəsinin aşağı olması, yaşlanma və işsizlikdir ki, bu da miqrasiya sahəsində dövlət siyasətinin yeni həll yollarının qəbul olunmasına ehtiyacı şərtləndirir. Eyni zamanda, miqrantların axını bu ölkələrdə sosial sabitliyə təhlükə yaradır ki, bu da onların miqrantların yeni mühitə uyğunlaşması və inteqrasiyası ilə əlaqədar külli miqdarda maliyyə vəsaiti ayırmasına gətirib çıxarır. Miqrasiya prosesləri səbəbi ilə sosial və etnik münaqişələrin yaranması təhlükəsi qloballaşmış dünyanın mövcud reallıqlarındandır".
S.Qafarovanın sözlərinə görə, son dövrlər bir sıra ölkələrdə siyasətçilərin dilindən səslənən rasizmi, ksenofobiyanı təşviq edən fikirlər narahatlıq yaratmaya bilməz: "Dünyada, o cümlədən, Avropada terror hadisələrinin artdığı, onlarla günahsız insanın terrorun qurbanına çevrildiyi bir vaxtda dini ayrı-seçkiliyi alovlandıran, faşizmi təbliğ edən bu kimi çağırışlar əlbəttə ki, qətiyyətlə pislənilməlidir.
Amma onu da etiraf etmək lazımdır ki, mövcud miqrasiya reallığına uyğun olaraq hər bir dövlətin müvafiq təhlükəsizlik siyasətinin həyata keçirilməsi zərurəti yaranır. Yuxarıda sadalanan problemləri nəzərə alsaq, onda bir sıra dövlətlərin öz milli təhlükəsizliyinin qeydinə qalması başadüşüləndir. Amma necə deyərlər, məqsədə gedən yolda istifadə olunan metod və vasitələr yanlışdır. Belə ki, məlumatlara görə, bir sıra Avropa ölkələri, o cümlədən, Böyük Britaniya, Macarıstan, Yunanıstan, Sloveniya, İtaliya və digərləri Şimali Afrika və Yaxın Şərq ölkələrindən gələn miqrant axınının qarşısını xüsusi üsullarla almaq haqqında qərar qəbul edib. Almaniya Xarici İşlər Nazirliyi miqrantlara qarşı tətbiq olunan sərt qaydaların bundan sonra da ardıcıl həyata keçiriləcəyinin mesajlarını verib. Yaxın keçmişin acı nəticələri isə tətbiq olunan siyasətin nəinki problemin həllinə rəvac vermədiyini, əksinə, onsuz da gərgin olan vəziyyəti daha da mürəkkəbləşdirdiyini göstərir".
Miqrasiya probleminin necə həll edilməsinə gəlincə, millət vəkili vurğulayıb ki, bu günə qədər Avropada miqrant məsələlərin həllinə dair bir sıra sənədlər qəbul olunub, əhalinin miqrasiyasının müxtəlif aspektlərinin müzakirə olunduğu beynəlxalq konfranslar, görüşlər və danışıqlar baş tutub: "Həmçinin, AŞPA-nın təşkilatçılığı ilə müxtəlif dövlətlərdə miqrasiya probleminə həsr olunmuş iclaslar keçirilib. Ortaya haqlı olaraq "Nə etməli?" sualı çıxır. Bu zaman yenə də keçmiş təcrübələrə istinad etmək ehtiyacı yaranır və biz belə bir faktı dilə gətirməli oluruq ki, Böyük Avropanı yaradan torpaqlar və dənizlər vasitəsilə fərdlərin və xalqların daimi hərəkəti olmasaydı, köhnə qitədə həyat indi çox fərqli olardı. Avropa dəyərlərinin formalaşmasında, müxtəlif mədəniyyətlərin, inanc və ənənələrin yaranmasında və mühafizəsində miqrantların və ya onların övladları olan alimlərin, siyasətçilərin, tanınmış mütəfəkkirlərin xidmətləri danılmazdır.
Statistika, tədqiqat və yerlərdə müşahidə qaçqınların sosial-iqtisadi və mədəni inteqrasiyasını alqışlayan ölkələrin ən uğurlu olduğunu aydın göstərir. İxtisaslı kadrların axını Avropanın əmək bazarının möhkəmləndirilməsinə öz töhfəsini verir. Siyasi, sosial və mədəni sahələr yeni təkan alır. Onu görə də, miqrantlara qarşı qapını bağlamazdan, onlara qarşı qeyri-insanı davranışları, ən sərt polis tədbirlərini gündəmə gətirməzdən əvvəl bir daha yenidən düşünməli, bu prosesi ən insani üsullarla və hamıya fayda gətirəcək metod və vasitələrlə həll etməyin yolunu axtarmalıyıq. Hamımız bizi birləşdirən, birgə, təhlükəsizlik və sülh şəraitindən yaşamağımızı təmin edən dəyərlərin nədən ibarət olduğunu unutmamalıyıq. Ona görə də, multikulturalizm dəyərlərini, mədəniyyətlər arasında dialoq və xoşgörünü qorumaq bu gün həyati əhəmiyyət kəsb edən məsələdir. Ən azından Azərbaycanın ortaya qoyduğu nümunə bu əminliyi yaradır ki, multikulturalizm, tolerantlıq, fərqli dinlərə və millətlərə qarşı xoş münasibət cəmiyyətlərdə bütün problemlərin açarıdır. Nəhayət, miqrasiya bir dövlətin, xalqın, toplumun, dini dünya görüşünün problemi olaraq qəbul oluna bilməz. Sadalananlardan da aydın olduğu kimi, bu hamını təhdid etdiyi üçün problemin həllinin birinci yolu da birgə əməkdaşlıqdır. Dərk etməliyik ki, gün keçdikcə daha da təhlükəli nəticələr doğuran miqrasiya və miqrant böhranını aradan qaldırmadan ümumqitə təhlükəsizliyindən danışmaq yersiz olacaq".
PƏRVANƏ