|
|
|
|
"Türkiyə sərhəddi pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı münasibətlər gərginləşdi. O zaman rusiyalı rəsmilər və hərbçilər deyirdilər ki, Türkiyənin cəsarəti varsa, hərbi təyyarəsi və hərbi texnikası Suriya sərhəddini pozsun. Həqiqətən o günlərdə Türkiyə Suriya sərhəddində suyu üfürə-üfürə içirdi. Bilirdi ki, Rusiya məqam axtarır ki, Türkiyənin təyyarəsini vursun və Ankaradan intiqam alaraq hesabı 1-1 etsin. Ona görə də, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın vurulan təyyarəyə görə rusiyalı həmkarından üzr istəməsi strateji baxımından doğru addım idi. Əgər iki ölkə arasında münasibətlər gərgin olsaydı, Türkiyə ordusu bu gün Suriya ərazisində əməliyyat həyata keçirə bilməzdi".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu Türkiyə ordusunun həyata keçirdiyi Afrin əməliyyatı ilə bağlı fikirlərini bildirərəkən deyib. Politoloq bildirib ki, indi Rusiya Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatına faktiki gözünü yumub, vəziyyətin bu həddə çatmasında Amerikanı ittiham edir, radikal kürdlər isə Moskvanı xəyanətdə ittiham edirlər: "Yəni tam Türkiyəyə uyğun bir vəziyyət yaranıb".
E.Şahinoğlu hesab edir ki, Türkiyə ordusunun Suriya ərazisindəki ikinci hərbi əməliyyatı Fətullah Gülən tərəfdarlarının il yarım bundan əvvəlki ordu içindəki təxribatını da unutdurub: "Açıq demək lazımdır ki, 2016-cı ildə hərbi çevrilişə cəhd və həbslər Türkiyə ordusunun nüfuzuna zərbə vurdu. Türkiyə ordusunun Suriyadakı iki uğurlu hərbi əməliyyatı ordunun nüfuzunu yenidən özünə qaytardı. "Türkiyədə o qədər pilot həbs olunub ki, hərbi təyyarələri havaya qaldıra biləcək kimsə qalmayıb" mifinə də hərbi əməliyyatla son qoyuldu".
Mərkəz sədri vurğulayıb ki, Türkiyədə hərbi tapşırığı uğurla yerinə yetirə biləcək kifayət qədər peşəkar pilot var.
Daha sonra Dağlıq Qarabağ probleminə toxunan E.Şahinoğlu qeyd edib ki, bu günlərdə ən çox eşitdiyi tezis Türkiyədən fərqli olaraq Azərbaycanın öz ərazisində təhlükəsizlik baxımından hərbi əməliyyatlar keçirə bilməməsi ilə bağlıdır: "Türkiyə qonşu dövlətdə təhlükəsizliyini artırmaq üçün hərbi əməliyyat həyata keçirdiyi halda biz niyə öz ərazimizdə eyni hərbi əməliyyat həyata keçirib işğala son qoymayaq?" Məntiqli sualdır. Ancaq Türkiyənin həyata keçirdiyi hərbi əməliyyatdan əvvəl Ankara fəal diplomatik təmaslara baş vurub, Moskva, Vaşinqton, Tehran və digər paytaxtlara hərbi əməliyyatın məqsədi izah edilib, razılıq alınıb və düyməyə basılıb. Gələcəkdə elə etmək lazımdır ki, bizim qonşular da Azərbaycan ordusunun öz torpaqlarında hərbi əməliyyatına mane olmasınlar, apreldə olduğu kimi Kremldən Bakıya hücumun dayandırılmasıyla bağlı mesaj göndərilməsin. Bunun üçün isə Türkiyənin təcrübəsi öyrənilməli, qardaş dövlətdə olduğu kimi Azərbaycan Xarici İşlər Nazirliyi ilə Müdafiə Nazirliyi birgə çalışmalı, ortaq strategiya formalaşdırmalıdır".
Ceyhun ABASOV