|
|
|
|
Xəbər verildiyi kimi, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) illik tədbirlərində və XIII sessiyasında Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən və Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul olunub. Qətnamələrin təşəbbüsçüsü Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvləri olub.
Adıçəkilən qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva "525"ə açıqlamasında bildirib ki, o, sessiyada çıxışı zamanı öncə beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olaraq, Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfırliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarın bütün müsəlman aləmində böyük narahatlıq doğurduğunu söyləyib:
"Qeyd etdim ki, bu, Fələstin-İsrail münaqişəsinin ədalətli həllinə mənfı təsir edə, regionda təhlükəli fəsadlara gətirib çıxara bilər və bu baxımdan, ABŞ qərarına yenidən baxmalıdır. Eyni zamanda vurğuladım ki, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllinin tərəfdarıyıq və Azərbaycan olaraq, daim Fələstin xalqının yanındayıq. Bununla yanaşı, çıxışımda İƏTPİ-nın üzv dövlətlərinə, dünya müsəlmanlarına Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri dəstəyə görə təşəkkürümü bildirdim və qeyd etdim ki, 24 ildən artıqdır Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal edib, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və sairə.
Onu da vurğuladım ki, bu gün Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir, ancaq dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi və digər dini abidələrimizi viran qoyan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz".
Millət vəkili bildirib ki, çıxışlardan sonra Daimi İxtisaslaşmış Komitələrinin məruzəçiləri danışıb. Sonra İnsan hüquqları, qadın və ailə məsələləri üzrə Komitənin məruzəçisi kimi, o, özü çıxış edib:
"Komitədə müzakirə edilmiş qətnamə layihələri səsə qoyularaq yekdilliklə qəbul edildi. Siyasi məsələlər və Xarici əlaqələr Komitəsinin məruzəçisinin çıxışından sonra bu komitə tərəfindən təqdim edilən qətnamə layihələri də müzakirə edilərək, qəbul olundu. Bu zaman Komitəyə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim edilmiş iki qətnamə layihəsi də səsə qoyularaq, qəbul olundu".
Kamil HƏMZƏOĞLU