|
|
|
|
Məlum olduğu kimi, yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutan tədbirdə ümumilikdə 2004-cü ildən bəri müvafiq istiqamətdə qəbul olunan dövlət proqramlarının ölkə iqtisadiyyatının inkişafı, əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsirləri barədə ətraflı danışılıb, qarşıdakı dövr üçün görüləcək işlər haqqında ölkə başçısı tərəfindən tövsiyə və tapşırıqlar verilib.
Tədbirdə son 14 il ərzində Azərbaycanın böyük və şərəfli yol keçdiyini bildirən dövlət başçısı ölkəmizin bütün sahələrdə böyük uğurlara imza atdığını qeyd edib. Azərbaycanın beynəlxalq nüfuzunun artdığını, ölkəmizdə aparılan siyasi-iqtisadi islahatların dünya birliyi tərəfindən yüksək qiymətləndirildiyini deyən İlham Əliyev bütün beynəlxalq mötəbər qurumların reytinqlərində Azərbaycanın qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb. Ölkəmizdə təhlükəsizlik və sabitliyin təmin edildiyini vurğulayan prezident sabitliyin mənbəyinin Azərbaycan xalqının iradəsi, xalq-iqtidar birliyinə əsaslandığını deyib.
Sabitlik olmayan yerlərə investisiyaların qoyulmadığını, vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyini qeyd edən ölkə başçısı bildirib ki, Azərbaycan təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedir.
Bu illər ərzində Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar, infrastruktur layihələrindən danışan İlham Əliyev qeyd edib ki, bu layihələr ölkəmizin ümumi inkişafına böyük təkan verib. Dövlətimizin reallaşdırdığı nəhəng transmilli infrastruktur layihələri Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişib.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətin təməlində vətəndaşların maraqları dayanır. Ölkə başçısının sözlərinə görə, dövlətin əsas strateji məqsədi, hədəfi Azərbaycanı daha da gücləndirmək, dövlətin qüdrətini artırmaq, müstəqilliyimizi möhkəmləndirməkdir.
2004-cü ildə Azərbaycanın valyuta ehtiyatlarının 1,8 milyard dollar olduğunu xatırladan ölkə rəhbəri böyük regional inkişaf proqramına bu rəqəmlərlə start verildiyini diqqətə çatdırıb. Prezidenti vurğulayıb ki, Azərbaycan regionlarının inkişafı, bölgələrdə yaşayan vətəndaşların güzəranı, həyat səviyyəsi dövlət üçün həmişə prioritet olub. Məqsədyönlü və uzaqgörən iqtisadi siyasət nəticəsində Azərbaycanın valyuta ehtiyatlarının 42 milyard dollara çatdığını deyən dövlət başçısı bildirib ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə bu gün ölkəmiz dünya miqyasında qabaqcıl yerlərdədir: “Bizim valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir. İqtisadçılar yaxşı bilirlər ki, bu göstərici nəyi əks etdirir. Ona görə bizim böyük valyuta ehtiyatlarımız həm böyük sərvətimizdir, eyni zamanda, bu, bizə iqtisadi müstəqillik verir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyi şərtləndirir. İqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmir, yaxud da ki, aparmaqda çətinlik çəkir. Biz isə tam müstəqil siyasət aparırıq, bütün məsələlərlə bağlı bizim öz mövqeyimiz var və bu mövqeyi çəkinmədən ifadə edirik. Biz bütün prinsipial məsələlərlə bağlı beynəlxalq kürsülərdən səsimizi ucaldır, ədaləti, qanunun aliliyini təbliğ və müdafiə edirik”.
Daha sonra prezident İlham Əliyev
Azərbaycanın öz inkişafını davam etdirəcəyini, qarşıda duran bütün vəzifələrin icra olunacağını bildirib.
Mövzu ilə bağlı “525”ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr edilən konfrans olduqca əhəmiyyətli idi: “Prezident İlham Əliyev görülən işlərə yekun vurub, həm də perspektivləri müəyyənləşdirib”.
M.Qasımlı hesab edir ki, ötən illər Azərbaycanın regionlarının inkişafı ilə səciyyələnir: “Müasir sosial, mədəniyyət, təhsil obyektləri tikilib, yollar salınıb, qaz, su, elektrik təminatı uğurla həyata keçirilib, sahibkarlığın inkişafı üçün bərabər imkanların yaradılması istiqamətində çoxlu işlər görülüb. Azərbaycanın ixrac potensialı artıb”.
Deputatın sözlərinə görə, bu konfrans ölkənin inkişafı ilə bağlı bütün proqramların mövcud olduğunu göstərib: “Xalqımızın yaxşı gələcəyi var”.
Deputat Bəxtiyar Əliyev isə qeyd edib ki, prezident İlham Əliyev konfransdakı çıxışında ölkəmiz üçün prioritet istiqamətlərin nədən ibarət olduğunu bir daha qeyd edib. O, SİA-ya bildirib ki, Azərbaycanda görülən bütün işlər əhalinin sosial rifahının yaxşılaşmasına yönəlib. Qaçqın və məcburi köçkünlərin problemlərinin daim diqqət mərkəzində saxlandığını deyən deputat söyləyib ki, bu istiqamətdə atılan addımlar nəticəsində onların sosial müdafiəsi güclənib: “İndiyə qədər dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün 100-dən artıq şəhərcik salınıb. Bu il də inzibati binalarda, yataqxanalarda, yarımçıq binalarda, məktəblərdə, sanatoriyalarda yerləşmiş məcburi köçkünlər üçün yeni qəsəbələr, binalar tikiləcək və onlar mənzillə təmin ediləcəklər. 2018-ci ildə məcburi köçkünlərin demək olar ki, 80-90 faizə qədərinin mənzil şəraiti yaxşılaşdırılacaq”.
B.Əliyev qeyd edib ki, dövlət başçısı çıxışında ölkə iqtisadiyyatının çox sürətli inkişaf dinamikasına diqqəti yönəldib, qeyri-neft sektorunun inkişafını və ölkədə aparılan islahatların çox böyük uğurla davam etdirildiyini xüsusi vurğulayıb: “Bütün bunlar onu göstərir ki, prezidentin həyata keçirdiyi siyasət Azərbaycan vətəndaşının sosial rifahının yüksəldilməsi, onun təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Bu siyasət xalq tərəfindən dəstəklənir”.
Ceyhun ABASOV