https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-05/312223_7y2a747xt8.jpg Xüsusi təyinatlıların əfsanəsi
search
3 May 2024
2 May 2024

“Avropa Oyunlarından sonra samboda irəliləyiş var”

“Avropa Oyunlarından sonra samboda irəliləyiş var”

Sambo üzrə milli komandamız ötən həftə Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş dünya kubokunda uğurlu nəticə qazanıb. Vətənə iki qızıl medalla dönən komandamız 26 ölkə arasında 2-ci olub. Bu, yeni baş məşqçi Bəxtiyar Hacıyevin yığmamızda ilk sınağı idi.

B.Hacıyev Qol.az-a müsahibəsində millimizə baş məşqçi təyinatından, Rusiyada keçirilən yarış və digər məsələlərdən danışıb.

- Yığmamıza baş məşqçi təyinatınız necə baş verdi?

- Bakıda keçirilən Avropa oyunlarında millimizdə böyük məşqçi kimi fəaliyyət göstərmişəm. Federasiyada beş ildən bir seçki olur. Sonuncu seçkilərdə məni yığma komandamıza baş məşqçi seçdilər. Mən də böyük məmnuniyyətlə işə başladım.

- Son illər Azərbaycanda sambo eniş dövrünü yaşayır. Belə bir vaxtda çətin bir işə başladığınızı demək olar?

- Azərbaycanın sambo məktəbi dünyada ilk onluqdadır. Bizim 2-3 il əvvəl dünya çempionumuz da olub – Amil Qasımov. Bizdə perspektivli idmançılar var. Hazırda millidə məşqçi heyəti ilə idmançılar yarışlara daha həvəslə hazırlaşırlar. Çünki mən məşqçi olmazdan əvvəl samboçu kimi beş dəfə Avropa çempionu, dünya kubokunun mükafatçısı, Asiya oyunlarının qalibi olmuşam. Bu uşaqlarla da işləmişəm. Ona görə də bir-birimizi yaxşı başa düşürük. Artıq bəzi şeylər var ki, baş məşqçi kimi özüm qərar verirəm. Əvvəllər isə səlahiyyətim çatmırdı. İndi həm Gənclər və İdman Nazirliyinin, həm də federasiyamızın birgə işbirliyi nəticəsində qarşıdakı turnirlərdə yaxşı nəticələr qazanmağa çalışacağıq.

- Hazırda ölkəmizdə samboya maraq necədir? Bu idman növünə əvvəlki kimi axın var?

- Sambo ilə cüdo idman növü bir-birinə çox oxşardır. Sadəcə, geyim və yarış qaydaları bir az fərqlidir. Son vaxtlar cüdoda bir qədər sıçrayış olduğundan, cüdoya  dövlət səviyyəsində qayğının artdığına görə idmançılar əsasən bu idman növünə maraq göstərir. Sambodakı bir ara nəzərə çarpan müəyyən enişin bir səbəbi də budur. Ancaq Avropa Oyunlarından sonra samboda da irəliləyiş var. Ümumiyyətlə, birinci Avropa Oyunlarından sonra sambo idman növünə dövlət tərəfindən xüsusi dəqqət yetirilir. Bu səbəbdən indi görürsən ki, maraq yenə oyanır.

- Sambonun inkişafı üçün hansı işlər görülür?

- Artıq yeni zal və idman geyimləri ilə təmin olunmuşuq. İdmançılarımızın yarışlara getməsi də təşkil olunur. Bu da samboçularda böyük ruh yüksəkliyi yaradıb. Sambo qeyri-olimpiya idman növləri arasında ən inkişaf edənidir. Gənclər və İdman Nazirliyi bizə dəstək olur.

- Baş məşqçi təyinatınızdan sonra yığmamız ilk yarışında uğurlu çıxış etdi. Moskvada keçirilən dünya kuboku ilə bağlı fikirlərinizi bilmək istərdim.

- Bu, əvvəllər beynəlxalq dərəcəli turnir idi. Son 10 ildə isə sambo üzrə dünya kuboku adlanır. Sambonun yaradıcısı Anatoli Xarlampiyevin şərəfinə təşkil olunan dünya kubokudur. Heç də dünya çempionatından geri qalmır. Güclü idmançılar iştirak edir. Hər ölkənin ən güclü reytinqli idmançıları həm dünya çempionatında, həm də bu yarışda iştirak edir. Biz 7 çəki dərəcəsində çıxış etdik. 57 kq çəkidə Mehman Xəlilov, 68 kq dərəcəsində Emil Həsənov qızıl medal qazandı. İlk dəfədir ki, Azərbaycan dünya kubokunda 2 qızıl medal qazanır. Yarışda 26 ölkə arasında komanda hesabında 2-ci olduq.

- İdmançılarımızdan bu nəticəni gözləyirdiniz?

- Açığı, yığma komandanın tərkibini təyin edəndə medal gözləyirdim, ancaq 2 qızıl medal qazanacağımıza inanmırdım. Daha bir idmançımızdan da medal gözləyirdim. Sadəcə, onun səhhətində problem oldu və çəkisini aşağı sala bilmədi. Əgər özünü yaxşı hiss etsəydi, o da medal qazanardı.

Onu da qeyd edim ki, bu, həm də Avropa oyunlarına lisenziya xarakterli yarış idi. Avropa oyunlarına qədər 10 yarış olacaq. Bu yarışlardan sonra reytinqdə ilk altılıqda olan idmançılar Avropa oyunlarına vəsiqə qazanacaq.

- Qarşıda yığmamızı hansı yarışlar gözləyir?

- Növbəti yarışımız Yunanıstanın paytaxtı Afinada keçiriləcək Avropa çempionatıdır. Yarış 21-23 may tarixlərində olacaq. Artıq təlim-məşq toplanışımız başlamaq üzrədir. Toplanışda yenidən idmançılarımızla bir araya gələcəyik. Ciddi hazırlaşacağıq ki, növbəti uğurlarımızın ardı gəlsin. Əsas hədəf isə Avropa oyunlarında yaxşı nəticə qazanmaqdır.

Ramiq AĞAMƏMMƏDOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.