|
|
|
|
Azərbaycan demokratik dəyərlərə, yüksək seçki mədəniyyətinə sahib ölkədir.
Bunu sechki-2018.az saytına açıqlamasında Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlıların Assosiasiyasının sədri Məzahir Əfəndiyev bildirib.
O deyib: “BMT-yə üzv ölkələrin daxili sabitliyinə, demokratik inkişafına və regionda oynadığı rola diqqət yetirsək və bununla bağlı bir cədvəl tərtib etsək, şübhəsiz ki, Azərbaycanın ön pillələrdə qərar tutduğunu görərik. Bu gün ölkəmizdə siyasi sabitlik, ictimai fəallıq mövcuddur. Azərbaycan Cənubi Qafqazın lider ölkəsidir. Həmçinin ölkəmizin qlobal əhəmiyyətli layihələri uğurla icra etməsi, müstəqil siyasət yürütməsi prezident seçkilərinə beynəlxalq marağı daha artırır”.
M. Əfəndiyev bildirib ki, 1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilər demokratik prinsiplər əsasında təşkil olunub.
“11 aprel prezident seçkiləri ilə bağlı hazırlıq prosesi uğurla gedir və dairələr, məntəqələr tam hazırdır. Mediada namizədlər üçün aparılan təbliğata diqqət yetirsək, görərik ki, bütün namizədlər üçün bərabər şərait yaradılıb. Əhalinin seçki mədəniyyəti yüksəkdir. Xalqımızın 11 aprel seçkilərində fəal olacağına və ölkəmizin parlaq gələcəyinə səs verəcəyinə inanıram”,- deyə assosiasiya sədri vurğulayıb.