|
|
|
|
Azərbaycanda münbit seçki mühiti var. Ölkəmizdə azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanlar mövcuddur.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Milli Məclisin deputatı Sona Əliyeva deyib.
O bildirib ki, Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var. Onun sözlərinə görə, mövcud Seçki Məcəlləsi ilə ölkəmizdə demokratik seçkilər keçirmək tam mümkündür.
“Hətta mən deyərdim ki, Azərbaycanın Seçki Məcəlləsi demokratiklik baxımından bir çox Avropa ölkələrinin seçki qanunvericiliyindən də üstündür. Seçki Məcəlləsi ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabər mübarizə imkanı yaradıb. Ümumiyyətlə, Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə, namizədlərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn prezident seçkilərinin də azad və ədalətli keçiriləcəyi şübhəsizdir. Hazırda seçki kampaniyasının təşviqat mərhələsindəyik. Hər bir namizəd bu prosesdə qanunauyğun şəkildə iştirak edir. Seçki kampaniyasını çoxsaylı yerli və beynəlxalq müşahidəçilər izləyir.
Hesab edirəm ki, ölkə vətəndaşları aprelin 11-də keçiriləcək prezident seçkilərində yüksək fəallıqla iştirak edəcək. Bu seçkilər Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsi olacaq”, - deyə, deputat qeyd edib.