"Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün ölkəmizə gələn beynəlxalq müşahidə missiyalarına lazımi şərait yaradılıb".
Bunu "525"ə açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Dünya ictimaiyyətinin bu seçkilərə artan marağı ilə bağlı fikirlərini bildirən deputat qeyd edib ki, bunun arxasında bir neçə önəmli faktor dayanır: "Birincisi, regionda Azərbaycandan stabil və dinamik inkişaf edən ölkə yoxdur. İşğal faktından əziyyət çəkən dövlətimiz müharibə şəraitində olmasına baxmayaraq, hərtərəfli inkişafa yönəlmiş uğurlu siyasət kursu həyata keçirə bilib. İqtisadiyyat, elm, təhsil, idman, mədəniyyət və digər sahələrdə ölkəmiz böyük uğurlar əldə edib. İkincisi, xaricdə Azərbaycana həmişə xüsusi maraq olub. Bu diqqət, maraq həm bizi istəyən, həm də cuzi də olsa istəməyən qüvvələrdən gəlir. Yəni biz deyə bilmərik ki, hamı bizi sevir. Belələri Avropa Parlamentində də var. Ötən il ərzində bu bəzi avroparlamentarilərin çıxışlarından açıq şəkildə hiss olunub".
Rəsmi Bakıya qarşı hələ də ikili standartlar siyasətindən istifadə olunduğunu deyən R.Quliyevun sözlərinə görə, məqsəd mövcud olmayan problemləri qabartmaqla Azərbaycanın əldə etdiyi uğurlara kölgə salmaqdır: "Təcrübə göstərir ki, xüsusilə seçkilər dövründə bu cür qüvvələr daha fəal olur, ayrı-ayrı dövlətlərə qarşı təzyiq alətlərindən istifadə etməklə müəyyən maraqlarını təmin etməyə çalışırlar. Amma ölkəmizə daha çox marağın olduğu açıq hiss olunur. Bu da təbiidir, qazanılan böyük uğurlar, həyata keçirilən irimiqyaslı layihələrdə göstərilən ciddi təşəbbüskarlıqdan və bununla da dövlətimizin dünya miqyasında artan nüfuzundan, yüksələn imicindən qaynaqlanır".
Deputat vurğulayıb ki, Azərbaycanda seçkilər şəffaf, ədalətli, demokratik şəraitdə keçirilir: "Seçkiyə hazırlıq prosesi ölkə Konstitusiyası, Seçki Məcəlləsi, beynəlxalq hüququn normal və prinsiplərinə uyğun keçirilir. Hesab edirəm ki, seçkilərin açıq, azad keçirilməsi üçün bütün zəruri tədbirlər görülüb".
Ceyhun ABASOV