|
|
|
|
"Bugünkü Azərbaycan, yüksələn Azərbaycan, yeniləşən Azərbaycan, müasirləşən Azərbaycan İlham Əliyevin şah əsəridir".
Bu fikirləri Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov rəhbərlik etdiyi komitənin dünən keçirilən iclasında deyib.
O bildirib ki, 11 aprel prezident seçkilərində də Azərbaycan xalqı məhz Azərbaycanı bu yüksəkliyə ucaldan şəxsə, ölkə prezidenti İlham Əliyevə səs verdi: "Azərbaycan prezidenti hələ 15 il öncə, ilk dəfə prezident seçiləndə, andiçmə mərasimində bəyan etmişdi ki, hər bir azərbaycanlının prezidenti olacağam və 15 illik hakimiyyəti dövründə də hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. Bu illər ərzində Azərbaycanımız yeniləşdi, müasirləşdi, çiçəkləndi. Bugünkü Azərbaycan, yüksələn Azərbaycan, yeniləşən Azərbaycan, müasirləşən Azərbaycan da məhz İlham Əliyevin şah əsəridir. Odur ki, 11 aprel seçkilərində də bir daha Azərbaycan xalqı ölkə prezidentinə 7 illik mandat verdi. Seçkilər prosesi də hər kəsin gözü qarşısında oldu. Əksər beynəlxalq müşahidəçilər də seçkiləri çox yüksək qiymətləndirdilər və bu baxımdan hesab edirəm ki, növbəti 7 il də Azərbaycanın növbəti çiçəklənmə, inkişaf illəri olacaq".
Sonra R. Hüseynov komitə üzvləri adından ölkə prezidentinə ünvanlanmış təbrik məktubunu diqqətə çatdırıb.
Təbrikdə deyilir: "Əziz İlham Heydər oğlu! Yenidən xalqın etimadını qazanaraq qarşıdakı 7 il üçün də Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik! Əlbəttə, biz bu qələbəyə əmin idik və prezident seçkilərinin Sizin növbəti möhtəşəm zəfərinizlə başa çatacağına qəlbən inanırdıq. Lakin bu zəfər anına şahid olmaq da bir başqa sevincdir və könüllərimizin fərəhlə daşdığı bu anlarda istər-istəməz Sizinlə birgə keçdiyimiz 15 ili düşünürük. İndi xeyli uzaqda qalmış 2003-cü ildə, ilk dəfə ölkənin ali kürsüsünə seçkilərdə qazandığınız müvəffəqiyyətdən sonra millətə vəd etmişdiniz ki, mən Azərbaycan xalqına yaxşı prezident olacağam. Siz 15 ilə sığan 3 prezidentlik müddətinizin hər günündə həmin səmimi vədinizi doğrultmaqla məşğul oldunuz.
Nəticə tərəqqi edən, bir günəş kimi dünyaya parlayan Azərbaycan, dünya boyunca daha ucadan və daha qətiyyətlə eşidilən səsimiz, ölkənin dörd bucağındakı çiçəklənmə, insanlarımızın gün-gündən yüksələn rifahı, gözəlləşən kəndlərimiz, şəhərlərimizdir. Qədim ənənələri və sarsılmaz dayaqları olan ən misilsiz sərvətimiz saydığımız mədəniyyətimiz Sizin Azərbaycana rəhbərlik etdiyiniz illərdə əsl intibahını yaşamağa başladı".
Təbrikdə sonra qeyd edilir ki, İ. Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi yüksək diqqət və qayğı sayəsində sənətimizin bütün sahələrində xüsusi bir parlayış başlandı, mədəniyyət xadimlərimiz, sənət birliklərimiz, incəsənət ocaqlarımız bu dövlət himayəsi və nəvazişinin sayəsində hər zaman olduğundan daha sürətlə inkişaf etməyə, parlaq nailiyyətlər qazanmağa başladı: "Azərbaycan bəxtiyardır ki, dünyanın indiki çətin, təlatümlü zamanında dövlətimizi və xalqımızı nurlu sabahlara doğru aparan bunca üstün təfəkkürlü, uzaqgörən, millətinə, yurduna, dövlətinə sonsuz məhəbbət bəsləyən iradəli, qadir, cəsarətli, yenilikçi, qurucu rəhbəri var. Sizi bir daha yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə hərarətlə təbrik edirik! Sizə ən sadiq silahdaşınız Birinci vitse-prezident Mehriban xanım Əliyeva və vətənpərvər, xeyirxah əməllər yolçusu övladlarınızla bərabər Azərbaycanımız naminə xoşbəxtlik, sağlamlıq, ailə səadəti, yeni-yeni böyük uğurlar diləyirik! Zəfərlər həmişə Sizinlə olsun!"
Təbrik məktubu komitə üzvləri tərəfindən alqışlarla qarşılanıb.
Kamil HƏMZƏOĞLU