|
|
|
|
Aprelin 11-də keçirilən seçkilərin nəticələrinə görə növbəti dəfə prezident seçilən İlham Əliyevin dünən Milli Məclisdə andiçmə mərasimi olub.
O, 2016-cı ildə baş tutan ümumxalq səsverməsi - Konstitusiyaya əlavə dəyişikliklərdən sonra səlahiyyət müddəti 7 ilə uzadılan prezident vəzifəsini yenidən icra edəcək.
Dövlət başçısı inauqurasiya mərasimində geniş nitq ilə çıxış edərək son 15 il ərzində onun rəhbərliyi ilə dövlətin həyata keçirdiyi fəaliyyətə işıq salıb, ölkənin hərətəfli inkişafı üçün qarşıda duran vacib məsələlərə toxunub: "2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilib. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur".
Dövlət başçısı bildirib ki, son 15 il ərzində Azərbaycan bu yolla gedərək böyük uğurlara imza atıb, xalq təhlükəsizlik, sabitlik şəraitində yaşayıb: "Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq".
Dövlətimizin qarşısında əsas məsələ kimi duran Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyətdən danışan prezident qeyd edib ki, beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyin dəstəkləyir: "Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq... Qondarma "Dağlıq Qarabağ"ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma "referendum"u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər".
Dövlət başçısı ordu quruculuğu istiqamətində görülən işlərə, atılan addımlara da toxunaraq bildirib ki, Azərbaycanın bu istiqamətdə apardığı siyasət yeganə düzgün siyasətdir: "Bu siyasətin əvvəlində böyük işlər görülüb. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə gedib. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq".
Ordumuzun gücünü düşmənin də gördüyünü deyən prezident Aprel döyüşlərini xatırladıb: "Dördgünlük müharibə bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad edib, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıb. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq".
Daha sonra İlham Əliyev dünya birliyinə də səslənərək ciddi mesajlar verib: "Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın. Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir".
Prezidentin andiçmə mərasimindəki çıxışı, o cümlədən, verdiyi mesajlarla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, İlham Əliyevin andiçmə mərasimində dediyi fikirləri hər bir Azərbaycan vətəndaşı özünün real həyatı ilə təsdiqləyir. O, SİA-ya bildirib ki, son 15 ildə Azərbaycanda Ümummilli lider Heydər Əliyevin bizə vəsiyyət etdiyi zəngin mirası daha da çoxaltdıq: "Azərbaycan dövlətçiliyini möhkəmləndirdik, iqtisadiyyatımız gücləndi, bir milyona yaxın yeni iş yeri yaradıldı, ölkəmiz beynəlxalq aləmdə siyasi nüfuzunu daha da artırdı. Bu gün Azərbaycanın region və dünya məsələləri ilə mövqeyi diqqətlə gözlənilir və hörmətlə yanaşılır".
Deputat deyib ki, prezident öz inauqurasiya çıxışında Azərbaycanın gələcəyə yönələn siyasətinin əsas istiqamətini də vurğulayıb: "Bu, müstəqilliyimizin möhkəmlənməsi, iqtisadiyyatımızın daha da güclənməsi, Dağlıq Qarabağ münaqişəsinin ancaq və ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyi, Azərbaycan dövlətinin hər bir vətəndaşının qayğı ilə yaşamasının elan edilməsi idi".
A.Mirzəzadə əlavə edib ki, hazırda Azərbaycanla yanaşı, işğalçı Ermənistanın da paytaxtında yeni rəhbərin seçilməsi prosesi gedir: "Ancaq orada olan ciddi qarşıdurma, cəmiyyətin Sarkisyan rejiminə qarşı etirazı siyasi və mənəvi cəhətdən parçalanmış bir şəkildə baş verirsə, Azərbaycanda isə əksinə, xalqla-iqtidarın birliyi nümayiş olunur. Azərbaycanda demokratik inkişaf ölkə cəmiyyətinin bağlılığı istiqamətində baş verir".
"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə qeyd edib ki, Azərbaycan İlham Əliyevin ölkəyə növbəti dəfə rəhbərliyi dövründə sürətlə inkişaf edəcək. O bildirib ki, bundan sonrakı proqramlar kifayət qədər zəngindir: "Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması, sabitliyin daha da dərinləşdirilməsi uğurlu şəkildə davam edəcək".
Baş redaktorun sözlərinə görə, ümumiyyətlə, prezident İlham Əliyevin son 15 il ərzində gördüyü işlər göz önündədir: "Azərbaycanın müasir şəkildə qurulması və ölkəmizin müasir şəkildə dünyaya inteqrasiyası uğurlu şəkildə həyata keçirilib. Heç şübhəm yoxdur ki, qarşıdan gələn yeddi il ərzində də daha güclü, qüdrətli Azərbaycanın şahidi olacağıq".
V.Rəhimzadə əlavə edib ki, dünya Azərbaycandan hər mənada nümunə götürməlidir: "Azərbaycanda kifayət qədər önəm kəsb edən hadisələr baş verib. Məsələn, multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi ilə bağlı hesab edirəm ki, dünyaya örnək olacaq hadisələr var. Azərbaycan iqtisadi inkişafına görə dünyanın bir çox ölkələri üçün kifayət qədər nümunə olacaq layihələr reallaşdırıb. Dünya Azərbaycanın real işlərindən və qarşıya qoyduğu hədəflərdən örnək götürə bilər. Bu, Azərbaycanı daha da sürətli şəkildə inkişaf etdirəcək".
Ceyhun ABASOV