|
|
|
|
İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasıyla bağlı verdiyi fərman ölkə ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilir.
Qərara əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödəmə veriləcək. Bu, ölkə prezidentinin andiçmə mərasimindən və səlahiyyətlərini icra etməyə başladıqdan sonra imzaladığı ilk qanunvericilik aktıdır. Bu fərman, həmçinin, dövlət başçısı İlham Əliyevin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün canlarını qurban vermiş hərbçilərimizin ailələrinə, vərəsələrinə diqqət və qayğısının bariz nümunəsidir. Həmçinin, sözügedən qərar Azərbaycan prezidentinin bəyan etdiyi kimi, “Həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır” şüarının təcrübədə yüksək səviyyədə reallaşdığının əyani sübutudur. Ölkə başçısı bununla bir daha təsdiq edib ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Çünki Azərbaycan dövləti hər bir vətəndaşın, imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllinə prioritet vəzifə kimi baxır.
Prezidentin imzaladığı fərmanla bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Sahib Alıyev qeyd edib ki, prezident İlham Əliyevin andiçmədən sonra imzaladığı ilk fərmanın məhz şəhid ailələrinə dövlət qayğısıyla bağlı olması, sadəcə humanist mahiyyət daşımır: “Bu, həm də o deməkdir ki, Azərbaycan təkcə torpaqları uğrunda şəhid olanları deyil, o torpaqların düşmən tapdağı altında olduğunu da unutmur, untmayacaq. Şəhidlərimizin də haqqı o zaman tam qaytarılacaq, ruhları o zaman şad olacaq ki, uğrunda canlarını verdikləri həmin torpaqlar düşməndən təmizlənəcək”.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli isə bildirib ki, prezident İlham Əliyevin şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasıyla bağlı imzaladığı fərmanın çox böyük əhəmiyyəti var: “Dövlət başçısının ilk iş günü bu kateqoriyadan olan insanlara maddi dəstək xarakterli qərar verməsi vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına hesablanmış uğurlu siyasət kursunun davam etdiyini göstərir. Prezident əlamətdar hadisələri, ad günlərini həmişə şəhid ailələri, Qarabağ qaziləriylə birgə keçirir. Xüsusi qayğıya ehtiyacı olan həmin vətəndaşlarımızın mənzil-məişət problemlərinin həlli, avtomobillərlə təmin olunması, təqaüd ayrılması, onların övladlarının təhsil haqqından azad edilməsi dövlət başçısının daim diqqət mərkəzindədir. Həmçinin, ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olmuş şəxslərin adlarının əbədiləşdirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilir. Təhsil müəssisələri, səhiyyə ocaqları və küçələrə qəhrəman şəhidlərimizin adları verilir, vaxtilə yaşadığı evlərə borelyefləri vurulur. Bu, dövlət səviyyəsində şəhidlərə, onların ailə üzvlərinə dərin hörmət və ehtiramın göstəricisi, diqqət və qayğının əyani təzahürüdür”.
E.Həsənli qeyd edib ki, dövlət üçün nümunəvi xidmətlər göstərmiş şəxslərin əməyini dövlət başçısı həmişə yüksək qiymətləndirir. Ekspertin sözlərinə görə, bu kimi amillər Azərbaycanda gənc nəsildə vətənpərvərlik ruhunun daha da yüksəlməsinə zəmin yaradır, Silahlı Qüvvələrimizi dünyada ən qüdrətli ordular sırasında yer almasına imkan verir”.
Deputat Musa Quliyev isə qeyd edib ki, prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı şəhid ailələrinə, Azərbaycan vətəndaşlarına böyük qayğısının ifadəsidir. O, “Trend”ə bildirib ki, uzun müddət idi ki, bu məsələ gündəmdə idi: “Həm Nazirlər Kabineti, həm Milli Məclis bu məsələnin həlli yollarını axtarırdı. Ancaq prezident fərman verərək öz fondundan bu vəsaiti ayırmaqla məsələni köklü sürətdə həll etdi və dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi”.
Deputat onu da qeyd edib ki, bu. böyük bir qərardır və fərmanda göstərilən maddələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanları qısa müddət ərzində hüquqi məsələləri həll edəcəklər, hər bir şəhid ailəsi ona çatan dövlət yardımını alacaq: “Əslində, bu, ölkə prezidentin o ailələrə birbaşa öz fondundan verdiyi yardımdır və yüksək qiymətləndirilməlidir”.
Qeyd edək ki, Azərbaycanın iqtisadi inkişafı, dövlət gəlirlərinin artması ölkənin müdafiə potensialının gücləndirilməsi, hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi üçün şərait yaradıb. Hərbçilərin xidmət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər istiqamətlər üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun qüvvəyə mindikdən sonra hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılıb. Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl tədbirlər həyata keçirib.
Ceyhun ABASOV