Azərbaycan Respublikasının Xorvatiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov Xorvatiya parlamentinin parlamentlərarası əməkdaşlıq üzrə komitəsinin sədri Romana Yerkoviç ilə görüşüb.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı tərəflər Xorvatiya ilə Azərbaycan arasında dostluq və strateji əməkdaşlıq səviyyəsində olan əlaqələrinin inkişafından məmnunluq ifadə edib, 2017-ci ilin noyabr ayında Azərbaycan və Xorvatiya hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 1-ci iclasının və ticarət əlaqələrinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Səfir F. Qurbanov Xorvatiya Respublikasının Bakı şəhərində səfirliyinin açılması haqqında qərarından məmnunluğunu ifadə edərək, iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş zəmin yarandığını deyib.
Görüşdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfinin qoşunların təmas xəttində törədiyi təxribatlar haqqında həmsöhbətini məlumatlandıran səfir beynəlxalq ictimaiyyətin münaqişənin həll edilməsi üçün səylərinin gücləndirilməsinin önəmli olduğunu söyləyib.
Xanım Romana Yerkoviç Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib.
Səfir Fəxrəddin Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, 2018-ci ilin ölkəmizdə “Cümhuriyyət İli” elan edilməsi barədə məlumat verib və bu münasibətlə keçiriləcək təntənəli tədbirlərlə bağlı həmsöhbətini məlumatlandırıb. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın səviyyəsindən söhbət açılıb, Azərbaycanın “Expo-2025”ə ev sahibliyi etməsi üçün namizədliyinin Xorvatiya tərəfindən dəstəklənəcəyinə ümid ifadə edilib.
Tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün parlamentlərarası əlaqələrin intensivləşdirilməsinin önəmli olduğunu bildiriblər.