|
|
|
|
“Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumların rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub”.
Bu sözləri “525”ə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri ilə bağlı fikirlərini bildirən Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib.
E.Əhmədov qeyd edib ki, Azərbaycanın neft strategiyasının həyata keçirilməsi regional sabitliyin möhkəmləndirilməsində və qonşu dövlətlərlə, xüsusilə, Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyət kəsb edir: “1999-cu il noyabrın 18-də ATƏT-in İstanbulda keçirilmiş Zirvə toplantısı çərçivəsində XX əsrin çox mühüm layihəsi hesab edilən və mübahisəli müzakirələrə səbəb olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən xam neftin nəql edilməsinə dair sazişin imzalanması region ölkələrinin strateji əməkdaşlığı və Avropaya inteqrasiyası sahəsində mühüm addım olub. Bundan əlavə, İstanbul Zirvə toplantısında regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində Azərbaycanın və Türkiyənin iştirakı ilə “Qafqaz paktı” yaradılması ideyası irəli sürülüb. Bununla yanaşı, “Şahdəniz” yatağından hasil olunan təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Türkiyəyə nəql olunması üçün qaz boru kəmərinin də inşasının həyata keçirilməsi haqqında qərar qəbul edilib. Heç şübhəsiz, bu layihənin reallaşması Azərbaycanın və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin genişlənməsində və hər iki dövlətin dünya birliyinə hərtərəfli inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir”.
Siyasi elmlər doktoru bildirib ki, prezident İlham Əliyev qardaş Türkiyə ilə münasibətlərin daha da inkişaf edərək strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynayıb: “2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan limanında Şərq-Qərb enerji dəhlizinin mühüm qolunu təşkil edən və ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib. Bu hadisə ümummilli liderin uzaqgörən və düşünülmüş siyasətinin, eləcə də uğurlu neft strategiyasının nəticəsi və vaxtilə bəzi mütəxəssislərin inanmadığı üç dəniz əfsanəsinin reallığa çevrildiyi gün kimi tarixə düşüb. Daha sonra regionda əməkdaşlığın genişlənməsi istiqamətində növbəti addım “Bakı-Tbilisi-Qars” layihəsinin 2007-ci il fevralın 7-də Tbilisi şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri tərəfindən imzalanması olub. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Hazırda regionun ən böyük və mühüm layihələri hesab edilən hər üç layihənin Bakıdan başlanması təkcə Azərbaycanın neft və qaz ehtiyatlarına malik olması deyil, eləcə də ölkəmizin regionda ən böyük iqtisadi potensiala, gücə və həmin layihələrin reallaşmasını diktə etmək imkanına sahib olması deməkdir. Eyni zamanda, Azərbaycanın iştirakı ilə həyata keçirilən, Asiya ilə Avropanı birləşdirən, tarixi İpək Yolunun bərpasına mühüm töhfə olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda yaşayan xalqlara rifah gətirəcək”.
Professorun sözlərinə görə, müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərini daha da möhkəmləndirməsi dövlətimizin xarici siyasətinin mühüm tərkib hissəsidir: “2010-cu il avqustun 16-da Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin, eləcə də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanla 2011-ci il oktyabrın 25-də İzmir şəhərində keçirilən Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı çərçivəsində iki dövlət arasında danışıqlar aparılıb və Türkiyə ilə Azərbaycan arasında qaz tranziti, qaz təchizatı və qaz alqı-satqısına dair sazişlər imzalanıb. 2012-ci il sentyabrın 11-də Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının keçirilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilə bilər. 2013-cü il noyabrın 13-də Ankarada keçirilən üçüncü, 2015-ci il yanvarın 15-də isə dördüncü iclasda Azərbaycanla ilə Türkiyə arasında iqtisadiyyat, enerji, energetika, nəqliyyat, müdafiə, humanitar sahələrdə əməkdaşlığın perspektivləri, Bakı-Tbilisi-Qars, TANAP layihələri ilə bağlı işlərin uğurlu gedişi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub, ikitərəfli, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Strateji Əməkdaşlıq Şurasının beşinci iclası əslində, Bakıda keçirilməli olsa da, Türkiyədə baş vermiş terror hadisələri ilə əlaqədar bu toplantı təkrar Ankarada keçirilib. Azərbaycan prezidentinin bu addımı həm bu hadisə ilə bağlı iki ölkənin həmrəyliyini, həm də bütün terror hücumlarına qarşı birlikdə olduğunu milli və beynəlxalq miqyasda göstərmək baxımından çox yüksək qiymətləndirilib. 2016-cı il martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasında enerji, nəqliyyat məsələləri ilə yanaşı, müdafiə, hərbi və digər istiqamətlərdə əməkdaşlıq da müzakirə edilib və altı müqavilə imzalanıb. Oktyabrın 31-də isə Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı keçirilib. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub və 6 mühüm sənəd imzalanıb. İqtisadi sahədə imzalanmış sənədlərin böyük əhəmiyyət kəsb etdiyini bildirən Azərbaycan prezidenti İlham Əliyev preferensial, yəni imtiyazlı ticarət sazişinin böyük məna daşıdığını və bu sazişin qüvvəyə minməsi nəticəsində dövlətlərimiz arasında olan ticarət dövriyyəsinin də xeyli dərəcədə artacağını diqqətə çatdırmışdı”.
E.Əhmədov qeyd edib ki, İlham Əliyevin 2018-ci il aprelin 24-dən 25-dək Türkiyə Respublikasına rəsmi səfəri iki dost və qardaş dövlətin gələcək əməkdaşlığının daha da möhkəmləndirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edib: “Səfər çərçivəsində Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci toplantısı keçirilib. Toplantıda iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunaraq Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu və iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə dair 5 sənəd imzalanıb. Türkiyə və Azərbaycanı tariximiz, soyumuz, mədəniyyətimiz, dinimiz, dilimiz bir olan iki dövlət kimi dəyərləndirən prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Qafqaz İslam Ordusu bundan yüz il əvvəl qardaşlarını zülmdən xilas etmək üçün Azərbaycana gedərkən bu düşüncə ilə hərəkət edib. Bununla yanaşı, Azərbaycanın illərdir qanayan yarası olan Qarabağ problemini həmişə Türkiyənin öz problemi, orada yaşanan faciələri öz faciəsi hesab etdiyini deyən Ərdoğan vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin yüzüncü ildönümünü qeyd etdiyimiz bu il ərzində Qafqaz İslam Ordusu şəhidlərinin də xatirəsini layiqli şəkildə yad etmək üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Prezident seçkilərindən sonra ilk səfərini qardaş ölkəyə etdiyini bildirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, bu, bir ənənədir. Bu, müasir dövrdə Türkiyə və Azərbaycanın dünya miqyasında bir-birinə ən yaxın olan ölkələr, ən yaxın müttəfiqlər olduğunu göstərir. Dövlətimizin başçısı Azərbaycanda Türkiyəni sevən insanların qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşıladığını diqqətə çatdıraraq prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafının bizi ürəkdən sevindirdiyini bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həll olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinin vacibliyini bildirən prezident İlham Əliyev deyib ki, məsələnin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmayıb. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir və bu dəstək, eləcə də həmrəylik bizə əlavə güc verir. Bununla yanaşı, dövlət başçısı Azərbaycanın da bütün beynəlxalq təşkilatlarda rəsmi Ankaranı daim dəstəklədiyini, Türkiyənin terrorla mübarizə yolunda hər zaman həmrəylik göstərdiyini, hər zaman qardaş ölkənin yanında olduğunu vurğulayaraq, “Zeytun budağı” əməliyyatının uğurla keçirilməsi ilə bağlı qardaş türk xalqını təbrik edib, Azərbaycan xalqının bu məsələdə də hər zaman həmrəylik göstərdiyini və bunun bizim ümumi məsələmiz olduğunu bildirib”.
Siyasi elmlər doktoru hesab edir ki, Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır: “Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli şəkildə istifadə edir. Bu gün bölgənin uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsində aparıcı rol oynayan və iki ölkə arasındakı münasibətlərin çox vacib elementlərindən olan neft və qaz kəmərləri təkcə regionda deyil, eləcə də bütün dünyada dövlətlərimizin nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, ikitərəfli dostluq, həmrəylik və strateji tərəfdaşlıq münasibətləri bütün dünya üçün nümunə olub”.
Ceyhun ABASOV