|
|
|
|
Xarici ölkələrə sığınıb, ermənilərin sifarişini yerinə yetirən antimilli ünsürlər və onlara dəstək verən radikal müxalifət qüvvələri iflasa uğradıqlarının fərqindədirlər.
Prezident seçkiləri ərəfəsində və ondan sonra “fəallaşan” bu qüvvələrin başlatdıqları “söyüş”, şər, böhtan, qarayaxma kampaniyasına baxmayaraq, heç bir dəstək ala bilmədilər. Əksinə, Azərbaycan xalqı mütəşşəkil şəkildə seçkilərdə iştirak etməklə öz səsini inandığı liderinə, başqa sözlə, inkişafa, sabitliyə, rifaha verdi. Bununla da xəyənətkarlara, radikallara öz yerlərini göstərmiş oldu.
Azərbaycanda guya azad sözün, sərbəst toplaşmaq hüququnun olmadığını iddia edən radikallar seçkilər ərəfəsində və ondan sonra ardıcıl aksiyalar təşkil etdilər. Onların bütün çağırışlarına, xalqdan dəstək almaq üçün səsləndirdikləri yalanlarına, böhtanlarına rəğmən çirkin məqsədlərinə nail ola bilmədlər. Xalq AXCP, “Milli Şura” deyilən radikal qurumun aksiyalarında iştirak etməməklə onları boykot etdiyini bir daha nümayiş etdirdi. Min nəfərdən bir qədər çox insanı aksiyaya toplaya bilən bu radikallar xarici havadarlarının sifarişini yerinə yetirə bilmədikləri üçün dərin “məyusluğa” düçar oldular.
“Milli Şura” ölkəmizdə bərqərar edilmiş azad toplaşmaq hüququndan yararlanaraq həm prezident seçkiləri ərəfəsində, həm ondan sonra aksiyalar keçirdi. Aksiya iştirakçılarının təhlükəsizliyin təmin olunması üçün dövlət tərəfindən polislərin ayrılması, aksiya üçün qanun çərçivəsində şəraitin yaradılması onların yalanlarını ifşa etdi. İndi hansı üzlə xaricdəki ağalarına Azərbaycanda sərbəst toplaşmaq hüququnun pozulduğunu, hansı üzlə söz azadlığının məhdudlaşdırıldığını deyəcəklər. Hansı ki, bu hüquqlar yüksək səviyyədə təmin edilib. Azərbaycan vətəndaşlarının 80 faizə yaxını internet istifadəçisidir. Xaricdəki antimilli ünsürlər, radikallar çox rahat şəkildə internetin imkanlarından istifadə edərək söyüş, təhqir kampaniyası aparırlar.
Təbii ki, söz, mətbuat, ifadə azadlığı, sərbəst toplaşmaq hüququnun yüksək səviyyədə təmini, internet üçün yaradılan imkanlar və digər aparılan islahatlar ölkəmizin inkişafı, demokratiya yolu ilə daha surətli irəliləməsi üçündür. Yəni Azərbaycan rəhbərliyi hər hansı islahatı kimlərinsə xoşuna gəlmək üçün deyil, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması, dövlətimizin inkişafı üçün edir. Bu imkanlardan istifadə edən antimilli ünsürlər və radikal müxalifət dairələri öz məntiqsiz, heç bir fakta əsaslamayan fikirləri, qərəzli kampaniyaları ilə xalqın daha dərin nifrətini qazanırlar. Azərbaycanın düşmənlərinə xoş getsin, qrantları bir qədər artıq olsun deyə, bahalı, dəbdəbəli həyat naminə öz dövlətinə və xalqına hər an xəyanət etməyə, onu aşağılamağa hazır olan belə tiplərdən başqa mövqe gözləmək də düzgün olmazdı. Məsələnin ən təhlükəli tərəfi isə odur ki, Avropada oturub xalqı mübariz olmamaqda ittiham edən bu qüvvələr xaricdə erməni lobbisi, ermənilərə bağlılığı olan təşkilatlarla sıx əməkdaşlıq edirlər.
İndi həm xaricdəki antimilli ünsürlər, həm də ölkə daxilindəki radikallar “fəallaşmaq” üçün yeni “mövzu” axtarışındadırlar. “Mövzular”ı olmasa, qrantları da kəsiləcək. Belə çirkli oyunlara yalnız satqınlar və xəyanətkarlar gedə bilərlər. Bu adamlar da satqın və xəyanətkardırlar. Amma nə demələrindən asılı olmayaraq dəstəksiz qalacaqlar. Bu gün radikallar, antimilli ünsürlər Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq, əvəzində pul əldə etmək üçün məqam axtarırlar. Azərbaycan rəhbərliyi isə ölkənin daha da inkişafı üçün yeni islahatlara start verib. Bu islahatlar cəmiyyət tərəfindən böyük dəstək qazanmaqdadır. Azərbaycan iri güclər arasında ziddiyyətlərin müzakirə edildiyi beynəlxalq dialoq məkanına, platformaya çevrilməkdədir. BP ilə SOCAR arasında yeni neft sazişi imzalanıb, ölkəmiz nəqliyyat, tranzit sahəsində regional haba çevrilməkdədir, kərimlilər, orduxanlar, emin millilər, tural sadıqlılar isə növbəti sifariş almaq və xəyanət etmək üçün startdadırlar. Amma həmişə olduğu kimi, yenə də iflasa uğrayacaqlar.
Təkamül Partiyasının sədri Teyyub Qənioğlu mövzu ilə bağlı bildirib ki, bu gün hər kəs, o cümlədən, “Milli Şura” təmsilçiləri də çox gözəl bilirlər ki, onların xalq tərəfindən dəstəyi yoxdur: “Bu reallıq ortadadır. Ümumiyyətlə, “Milli Şura”nın pozucu planlar üzərində düşünüb, onu həyata keçirməyi planlaşdırması sonda hər zaman olduğu kimi, yenə də uğursuzluqla bitəcəkdir. Dəfələrlə mitinqlər yolu il məkrli niyyətlər həyata keçirməyə çalışıblar. Ancaq rüsvayçılıqla üzləşiblər. Yenə də, mitinqlər planlaşdırırlar. Ola bilsin ki, bu mitinqlərə də, özlərinin yaxın qohum-əqrabalarını cəlb etsinlər və adını da, qoysunlar mitinq. Ancaq onlara sual vermək lazımdır ki, sizlər bu cür mitinqlər keçirməklə, nəyə nail olmaq istəyirsiniz? Onlar cavab verə bilməyəcəklər, çünki qüsurludurlar. Reallıq budur ki, onlar bu cür uğursuz aksiyalarla siyasi intiharlarını, cəmiyyətdəki, özlərinə olan mənfi münasibəti bir qədər də dərinləşdirmiş olurlar”.
T.Qənioğlunun sözlərinə görə, xaricdə mühacir həyatı yaşayan bəzi şəxslərin Azərbaycan dövləti haqqında ağızlarına gələni danışmaları və yazmaları onlara heç vaxt baş ucalığı gətirməyəcək: “Demək olar ki, bu gün Azərbaycanı istəməyən xarici qüvvələr var ki, onlar Azərbaycan dövlətinin əldə etdiyi uğurlara kölgə salmaq istəyirlər. Bunun üçün də xaricdəki şəxslərdən özlərinin məkirli planlarının həyata keçirilməsində bir alət kimi istifadə edirlər. Xaricdəki “söyüş qrupu” isə ifşa olunur. Xarici pozucu qüvvələr düşünürlər ki, belə etməklə onlar Azərbaycanda nə isə bir qarışıqlıq yarada biləcəklər. Amma onların nə planlaşdırmalarından asılı olmayaraq heç vaxt ölkəmizlə bağlı məkirli planlarını həyata keçirə bilməyəcəklər. Çünki xalq xaricdə olan həmin şəxslərin kim olduqlarını və nə etmək istədiklərini onların özlərindən yaxşı bilir. Ümumiyyətlə, xaricdəki şəxslərin söyüşdən istifadə etmələri bir daha sübut edir ki, onlar zəif və heç bir bacarığı olmayan adamlardır. Ataların belə bir məsəli var, “it hürər karvan keçər”. Əlbəttə ki, xarici ölkələrdə olan həmin şəxslərin bu cür hərəkətlərə əl atması birmənalı şəkildə pislənilir. Özləri də yaxşı bilir ki, boş-boş işlərlə məşğul olurlar. Yaxşı olardı ki, onlar xarici qüvvələrin təsiri altında düşməsinlər və öz ölkələri haqqında şər-böhtan xarakterli məlumatlar səsləndirməsinlər. Çünki Azərbaycan sabitlik adasıdır, ölkəmizdə möhkəm əsaslara söykənən stabillik mövcuddur”. O deyib ki, ölkəmizə qarşı məkrli planlar eyni mərkəzdən idarə olunur: “Bu şəxslərin xaricdə Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirmələri bir daha təsdiq edir ki, onlar eyni mərkəzdən idarə olunurlar. Məqsədləri də, Azərbaycanı beynəlxalq aləmdə gözdən salmaqdır. Amma daha bilmirlər ki, onlar məhz bu cür hərəkətləri ilə özləri-özlərini tamamilə gözdən salırlar”.
AZAD