|
|
|
|
O günlər harda şüşə görsəm, qarşısında dayanıb əyilmiş qəddimə baxırdım. Harada ayna görsəm, mütləq qarşısına keçib özümü süzürdüm.
Güzgüdə sadəcə üz-gözümü yox, bütün daxili orqanlarımı görməyə çalışırdım: gözümün altındakı göyərmələrlə böyrəyimin, solğun dərimlə qara ciyərimin, çökmüş yanaqlarımla mədəmin nə vəziyyətdə olduğunu görmək istəyirdim! Tərəddüd varlığıma qənim kəsilmiş, mehriban düşmənimə çevrilmişdi. Ümidim o qədər tükənmişdi ki, nəinki sondakı işığı, heç tuneli də görmürdüm! Əzablı dönəm idi. Hə, bütün bunlar ayrılığın son dəmində yaşananlardır. Hər şey cənnətlə cəhənnəmi ayıra bilməyəcəyin günlərdən başlayır. Alov hər yanı elə bürüyür, sanki ətini yandırırlar. Nəfəs alırsan, udduğun hava şüşə qırıntıları kimi içinə dolur. Çiliklənmiş parçalar udlağını didik-didik edərək, qırtlağından keçib, ağ ciyərinə yeriyir. Öz gözündə o qədər eybəcərləşirsən ki, birindən iltifat eşidəndə heyrətdən ağzın açıla qalır, davranışını itirirsən, ani bir istilik keçir bədənindən. “Görəsən, bu sözlər mənə aiddir? Həqiqətən, mən buna layiqəm? Onda niyə o, bunu görmədi?” deyə, söylənirsən içində!
Güvənin sarsılır. Heç kimə, heç nəyə, heç özünə də söykənə, arxa çevirə bilmirsən. Hər kəs gözündə şübhəli kimi görünür. Hər toxunuşdan sonra izləri götürüb analizə göndərəcək qədər uzaqlıq yaranır insanlarla aranda. Mahnıları ələk-vələk edirsən, şeirlərin içində başını itirirsən, min dəfə oxuyursan, nəsə axtarırsan, amma nə olduğunu özün də bilmirsən. Yumşaq, rahat, sakit yer olan kimi yatmağa can atırsan. Amma yuxun sadəcə gecə ərşə çəkilmir, gündüz də onu yaxalamaq müşkülə dönür!
Nəşəli insan gedir, əvəzində üzünə qara bulud çəkilmiş, toxunsan selə qərq olan sifət gəlir. Bütün münasibətlər sənin üçün rentgen nəticələri qədər aydın görünür. İnsanlarla bağlı dəqiq müşahidələrin ortaya çıxır. Boşluq yaxandan əl çəkmir, dünyanı içərisinə yerləşdirsən dolmayacaq qədər dərin olur. Bütün cümlələrinin sonu sual işarələri ilə bitir! “Nə üçün?” ifadəsi həyatının bir hissəsinə çevrilir!
Ölmək istəyirsən, bacarmırsan, yaşamaq istəyirsən, yaşaya bilmirsən. İkisinin arasında qalırsan - yaşayan ölüyə çevrilirsən. Təbəssüm üzündən ərşə çəkilir. Gülürsən, qəflətən gülüşün üzündə donub qalır, birdən yasda olduğunu xatırlayırmışcasına...
Boğulursan! Özünə qapanırsan! Sükutun kürəyinə sancılan zərbələrlə pozulur!
Göz yaşına ənlikdən, kirşandan daha çox ehtiyac duyursan. Üzünü bəzəyərək yox, içini tökərək qurtulmaq istəyirsən. Ağlamaq üçün artıq künc-bucaq axtarmırsan, harada gəldi hönkürürsən. Artıq bundan əvvəlki kimi utanmırsan. Təbəssümünü necə qəbul edirlərsə, göz yaşını da etməli olduqlarını düşünürsən.
Bəzən öz gözündə dünyanın ən zavallı insanı olursan. Bir müddət sonra bunu qəbul edirsən. Ancaq bu dəfə başqalarının göz bəbəklərində sənə zillənən yazıqlıq damğasını axtarırsan!
Bu dönəmlərdə beynin bütün ağılsızlıqlara açıq olur. Adi vaxtlarda bir başqası etsə güləcəyin, qəhqəhə atacağın hərəkətlərə meyllənirsən. Hər şey o qədər adiləşir, bir-birinə bənzəyir ki, elə bilirsən, milyon il bu mənasızlığın içində yaşamısan. Xatirələrin üstünə beton döşəmək istəyirsən. Hər səhər gözünü əzab içində açırsan, hisslərini hüceyrələrindən tək-tək çəkib çıxarmaq istəyirsən. Gah səssiz dəniz kimi hüzurlu, gah dünyanı alt-üst edəcək fırtına kimi qəzəbli olursan. Nə ona hirslənirsən, nə də başqalarına, heç özünə də qızmırsan, hirsini, qəzəbini toxumalarına cırmaq atan hisslərindən çıxmaq istəyirsən.
Ağrıların üzünə həkk olunur. Hamı “salam”dan sonra “nə olub” sualını verir. Bezirsən, suallardan, baxışlardan, yanaşmalardan yorulursan! Halsızlıq çökmüş vücuduna bir də yorğunluq yüklənir. Artıq əvvəlki kimi çoxlu planlar qurub, gələcək günləri dörd gözlə gözləmirsən. Zaman qavramı gözündə itir, yox olur! Ən böyük dərdin bu gecə rahat yuxuya getmək olur.
Gümrahlığın itir. Bütün xəstəliklər sanki birdən baş qaldırır. Bəzən o qədər tükənirsən ki, ətini didik-didik etmək istəyirsən, çünki sakitləşməyin başqa yolu ağlına gəlmir.
Bir gün başını göyə qaldırıb baxırsan ki, istilik, hərarət üçün darıxmısan. Elə bu an yadına düşür ki, günəş uzun zamandır dünyandan küsüb!