|
|
|
|
Nədir dostluq? Əvvəldən düşünərək seçmək olurmu dostu? Niyə dosta ehtiyac duyuruq?
Bu gün iki-üç dəfə bir yerdə əyləşib çay içdiyimizə də dost deyirik, sosial şəbəkədə ünsiyyət qurduğumuz yoldaşları da dost adlandırırıq, bir kollektivdə çalışdıqlarımızı da dost bilirik... Amma əslində, kimdir dost? Həqiqi dostluq necə yaranır? Dost əvvəldən seçilirsə, bunun sonadək davam etmə ehtimalı azdır. Sadəcə kiminsə oğludur, kiminsə qızıdır, eyni səviyyənin insanlarıyıq deyə seçilmişlər dost ola bilməzlər. Bu, sadəcə dostluğun görüntüsünü yaratmaq olur. Dostluq zamanla, özün hiss etmədən, bilmədən, seçmədən yaranır. Fikir versəniz, ruh yaxınlığı olan, xüsusən də yaradıcı insanlar harada olsalar bir-birini tapırlar, ünsiyyətdə olurlar və zaman keçdikcə bu, əbədi bir dostluğa çevrilir. Çünki dostluq mənəvi bir təlabatdır. Həyata oxşar baxışlı, iç dünyası yaxın olan insanların ortaq nöqtədə birləşməsidir. Bəzən də xaraktercə bir-birinə əks olur bu insanlar. Bəzən hansısa mövzuda fikir ayrılıqları möhkəm mübahisələrə də gətirib çıxarır. Hətta inciyirlər bir-birindən. Həmin an hərəsi öz pencəyini çiyninə atıb ayrı-ayrı istiqamətlərə də yol alırlar. Amma bir-birini tərk edə bilmirlər. Çünki həmin ortaq nöqtə ki var, onların digər yerdə digər insanlarla bir araya gələ bilməyəcəyi nöqtədir. Və bu dostlar əbədi ayrılsalar, havaları çatmayacaq, boğulacaqlar, sudan çıxarılmış balıq kimi çırpına-çırpına qalacaqlar. Onlar bir-birinə möhtacdırlar. Nə valideynlər, nə bacı-qardaş, nə övlad həmin dostu əvəz edə bilir. Necə ki, o dost da valideynini, bacı-qardaşını, övladını əvəz edə bilməz. Onların hər birinin öz yeri olur həyatında. Bədən üzvlərin kimi. Biri gözündür, biri qolundur, biri ürəyindir. Onlardan birini kəsib atsan, itirsən, yaralasan dözülməz ağrısı qalacaq, yeri bilinəcək, o hissən şikəst olacaq.
Zamanla qardaşımı da itirmişəm, atamı da... Hər birində fərqli və oxşar hisslər yaşamışam. Qardaşımı itirəndə ölümün nə olduğunu hələ aydın dərk edə bilmirdim. Sadəcə, bir yerdə böyüdüyüm, qanımdan olan birinin yoxluğu, onu bir daha görməmək hissi möhkəm sarsıtmışdı məni. Yanıqlı səslə ağlayan qadınların səsi məni də için-için ağladırdı. Lakin dərinliyə vara bilmirdim. Atamın vəfatı isə, çox çətinliklə barışa biləcəyim an idi. Mən atamla birgə mənəvi dayağımı, fikir ortağımı, sirdaşımı itirdim. Bu həyatda mənim istiqamət verənim, xəyallarla yox, reallıqla yaşamağı öyrədənim, mayakım getdi. Bu, sadəcə ata itkisi deyildi. Budəfəki itkini eləcə canımdan, qanımdan olan birini itirmək kimi anlamamışdım. Bu dəfə ölümün nə olduğunu sümüyümə qədər hiss etmişdim. Onun bir daha gələ biləcəyini, daha bir əzizimi əlimdən ala biləcəyini anlamışdım. Beləcə, əsl üzünü tanıdığım ölümdən qorxmağa başladım. Amma dostlar vardı. Həmin an mənim qolumdan tutub ayağa qaldıran, hər kövrəldiyimdə, hər ağladığımda, hər darıxıdığımda yanımda olduğunu, məni anladığını hiss etdirən, möhkəm olmağa, irəli baxmağa ürəkləndirən dostlar. Doğma anamla, qardaşlarımla bölüşə bilmədiklərimi bölüşdüyüm dostlar... Ailə üzvlərimin başı yas məclisinə gələnləri yola salmağa, ağı söyləyən qadının zənbilini doldurmağa, növbəti günün hazırlıqlarına qarışdığı vaxt mənə mənəvi dəstək olmağı bacaran dostlar. Nə yaxşı ki, varımsınız deyə pıçıldadığım dostlar. Və bir gün o dostlardan da birini itirmək varmış qismətimdə...
Dost itkisi. Bu sözlərin, bu ifadənin ağırlığı haqqında eşitmişdim. Ürəyim yanırdı dostunu itirən insanlara. Acıyırdım hallarına, onları anladığımı düşünürdüm. Amma bunu yaşamış olmadığım üçün sən demə, heç onların ağrısını olduğu kimi hiss etməmişdim... Bir müddət əvvəl şair xanımlardan biri yeni vəfat etmiş dostu ilə bağlı sosial şəbəkədə davamlı paylaşımlar edirdi. Açığını deyim, ürəyimdə o xanımı bir az qınayırdım. Öz-özümə: "Bildik də, daha" - deyirdim. Ta ki... Ta ki, ötən ay bir dostumu itirənədək. Qəzada həlak olan həmin gənc şairin acı xəbərini eşitdiyim gün sanki ayaqlarım yerdən üzüldü. Digər dostumuza zəng vurub xəbəri dəqiqləşdirəndən sonra bir müddət danışa, fikrimi ifadə edə bilmədim. Daha sonra gücüm yetdiyi qədər bağırdım. Bədənim uçunmağa başladı. Elə dəhşətli ağrılar hiss etdim ki, elə bildim saçlarım, dırnaqlarım da ağrıyır. Nə övladlarımın, nə ailəmin qarşısına çıxacaq gücüm qaldı. Həyatımdakı bütün ərköyünlər də susub məni anlamağa çalışdılar. Günlərlə uçunma məni tərk etmədi. Özümü toparlamağa çalışdıqca, daha da tükəndi gücüm. Özümü, sözümü unutdum. Və anladım ki, dost itkisi aylarla pəhriz hesabına ata bilmədiyin çəkini cəmi üç günə atmaqmış, dəfələrlə məhz iş yerinə çatandan sonra köynəyini tərs geyinmiş olduğunu görəməkmiş, soyuq havada yalın ayaqla, üstüaçıq ayaqqabı geyinib heç nə hiss etmədən işə yollanmaqmış, sənə maaşdan sual verənlərə saatı söyləməkmiş, işdən evə dönərkən otağın qapısını açıq qoyub getməkmiş. Soyumaqmış hamıdan, hər şeydən. Küsəyən olmaq, ümidsiz olmaq, yetim qalmaqmış... Hə, hə... yetim qalmaq. Atadan-anadan yetim qaldığı kimi, dostdan da yetim qalırmış insan.
Sənin bükülmüş boynunu, aşağı sallanmış çiynini görənlərin bəzisi hisslərini anlamağa, təskinlik verməyə çalışır, bəzisi isə ürəyində qınayır. "Qardaşın deyil, əmin oğlu deyil, canından-qanından deyil, özünü niyə bu günə qoyursan?" - fikirlərini onların baxışlarından oxuyursan. Amma susursan. Heç nə izah etmək istəmirsən. Yaşamadığı bir hissi ona necə izah edəcəksən ki? Necə deyəcəksən ki, dostun canı canından deyil, amma ruhu ruhundandır. Necə anladacaqsan ki, yüzlərlə insanın - doğman, əzizin, qohumun, tanışın içində səni anlayan cəmi iki nəfər varsa, onun da birini itirmisən. Gözünün birini itirmək kimi əzablı, qorxulu bir hissdir bu. Dost sənin görən gözündür. Dost sənin səhvini düzəldənindir. Dost sənin ümid verənin, ən çətin anlarında irəli baxmağa məcbur edənindir. Gözsüz yaşamağa alışana qədər ayların, illərin gedəcək. O da alışa bilsən...
Və budur, sən qınayıcı baxışlara əhəmiyyət vermədən sadəcə Cemal Sürəyya şeirinin bir misrasını azacıq dəyişdirib pıçıldayırsan: "Sizin dostunuz heç öldümü?.."
Bugünədək çox az dostum olub. İnsanlara sevgi ilə yanaşdığım üçün bəlkə də çoxları özünü mənim dostum hesab edib. Amma həqiqətdə 2-3 insana dost deyə bilmişəm. Mənim üçün dostluq birinci növbədə güvənməkdir. Bir-birinin acısını da, şirinini də qəbul etməkdir, səhvini bağışlamağı bacarmaqdır. Bəli... Məhz səhv etdiyi, hamının ondan üz döndərdiyi vaxtda yanında olmağı bacarmaq... Yoxsa sən də səhvinə görə ondan üz döndərib gedəcəksənsə, o zaman özünü dost adlandırmağın gülüncdür. Qoy səni qınasınlar. Qoy sənə bir az qəribə baxsınlar. Amma sən dostluğunu məhz həmin anda göstər. Yaxşı gündə onsuz da ətrafında dolaşanlar çox olacaq... Sən onun çətin günündə, gücdən düşəndə, dizlərini yerə atmaq istəyəndə yanında olacaqsan. Yıxılmağa imkan verməyəcəksən. Onu anladığını, ona inandığını, onunla yola davam edəcəyini göstərəcəksən. Səhv yoldadır? Bunu hamı kimi üzünə deməyəcəksən. Yavaş-yavaş təsir edərək o yoldan çəkindirəcəksən. Onu tərk etmədən, onu acılamadan, onu incitmədən...
Bilirəm, yazdıqlarım çətin görünür. Bəs filan iş görsə, bəs filan addımı atmış olsa? Bəli, mən də elə o anları qeyd edirəm. Yazdıqlarım da mütləq deyil. Amma mənim dostluq haqqında düşüncəm budur. Səhv edən övladını atmaq yox, yolundan çəkindirməyi seçdiyin kimi, dost üçün də bütün əzablara qatlaşmağı bacarmalısan. Onun özünə belə hiss etdirmədən onu qorumalısan. Bunu borcun kimi hiss etməlisən.
Yox, nəyinsə, kiminsə xətrinə edəcəksənsə, etdiyinin qarşılığında minnətdarlıq, əvəz gözləyəcəksənsə, dostluq haqqında nağıl danışıb özünü aldatma.