
Səməd Behrənginin "Balaca qara balıq" hekayəsini (nağılını) uşaq vaxtı bir neçə dəfə oxumuşdum. Buradakı azadlıq eşqi şüuraltında ilişib qalmışdı. Sonralar hekayənin qəhrəmanına bənzəyən bir çox uşaqlar və gənclər kimi, mən də balaca məkandan uzaqlaşıb daha böyük, daha gözəl yerlərə can atırdım.Yaşadığım Ağcabədi rayonu mənim üçün çox adi və perspektivsiz bir yer idi. Qaçacaqdım. Mütləq bir iş tapıb uzaqlaşacaqdım buradan. Paytaxtın "gur işığı", insan seli, müxtəlifliyi, rəngarəngliyi özü insana gəl-gəl deyirdi. Lakin sonra rayonda mənə təklif olunan iş, daha sonra ailə... Və bununla da buraları tərk etmək istəyim çətinləşdi. Mən Ağcabədidə yaşamalı və orada da işləməli idim. İlk vaxtlar bununla da məhv olacağımı düşünürdüm. Amma zaman keçdikcə nəinki qaçmaq, mən bu yeri dəlicəsinə sevməyə başladım. Necə oldu, nədən oldu bilmirəm, amma günbəgün daha çox bağlanırdım doğulduğum torpağa.
Sonra yavaş-yavaş mənə bomboz, ifadəsiz görünən bu yerlərin əsl rəngini görməyə başladım.
Sonra ana qoxusu kimi əziz olan ətrini hiss etdim.
Sonra sevgi dolu səsini dinlədim.
Süni işıqlarla Günəş işığının fərqini bildim. Olduğu kimi görünən, həyat rəngli, həyat qoxulu, həyat nəğməli rayonuma qırılmaz tellərlə bağlandım.
Ağcabədinin yayından yaman qorxur eşidənlər. Sözsüz, həmin vaxtlar çox isti olur buralar. Bəzən dözülməz qədər isti. Yay fəslində qonaq gələnlərin buranı ən isti səhralarla müqayisə etdiyi az olmayıb... Amma əsl sevgi olan yerdə problemlər heç gözə görünmür, səni o yerdə tutub saxlayan bağlar günbəgün daha da möhkəmlənir...
Hə, yay fəslindən geri qayıdaq. Bəs yazda necə? Bu fəsildə Ağcabədidə olmusunuzmu?
Olmamısınızsa, çox şey itirmisiniz. Anam həmişə Ağcabədinin bir gün içində həm yağışlı, həm günəşli olan, bu yağışdan sonra çox təmizlənən havasını görmədiyim Şuşanın havasına bənzədirdi. Sonralar daha çox adamdan eşitdim bu müqayisəni. Bənzəyib-bənzəmədiyini bilmirəm, amma həqiqətən də həmin vaxtlar tərtəmiz olan, ürəklə sinənə çəkdiyin, büllur kimi saf havası əvəzsizdir.
Yaz fəsli gəlincə ilk qumru quşlarının səsləri eşidilər hər tərəfdə. Çox doğmadır onların səsi. Hərdən mənə elə gəlir ki, qumrular yalnız Ağcabədidə yaşayır və onlarla bağlı xatirələr yalnız bizlərə məxsusdur. Uşaq vaxtı elə bilirdik ki, onlar kimi isə çağırır. Üçhecalı adları ağlımıza gətirib israrla deyirdik ki, bax, filankəsin adını deyir. Məsələn, Nə-zaa-kət, Vü-saa-lə, Nə-sii-mi və s.
Sonra alça ağacları çiçəkləyir. Ardıyca ərik ağacları zərif tülü xatırladan ağ örpəyə bürünür. Bağçalarda ağ və yaşılın vəhdəti çox gözəl görünür. İşgüzar arıların vızıltısı, yorulmaq bilmədən çiçəkdən-çiçəyə qonması təbiətin canlandığını daha çox hiss etdirir. Sonra... Sonra yazın ilk günlərində yüksək səslə quruldayan qumruların səsinə başqa quşların nəğməsi qarışır. Saysız-hesabsız nəğmə... Heç səhərlər bu səsə oyanmağın həzzini yaşamısınızmı? Bəh-bəh... Cənnət dedikləri bu olmalı. Heç bir musiqi səhnəsində bu cür təbii, gözəl, ürəyə işləyən, ruhu yeniləyən, ömrü uzadan, həyat eşqini coşduran parça, əsər çalına bilməz. Sanki yarışa girərlər bir-biri ilə. Dinləyərsən, yumruq boyda canlıların səsgücləndiricisiz-filansız böyük ərazini başına götürən səslərinə heyrət edərsən. Hərdən o qədər vəcdlə oxuyurlar ki, elə bilirəm bu dəqiqə ürəkləri partlayacaq.
Səhərlərdən danışmışkən, bu yandan xoruzların səsi qarışar bir birinə. Deyəcəksiniz nə olsun? Rayonda, kənddə xoruz səsi adi haldır də. Amma mənə maraqlı olan tərəfi var bunun. Həmişə onları dinləyəndə bir məqama diqqət etmişəm. Heç vaxt xorla banlamırlar. Məsələn, bu həyətdəki xoruz banlayır, sonra yaxın qonşunun həyətindən səs gəlir, sonra digər həyətdən... Getdikcə uzaqlaşan səs yenidən dövr edir və beləcə növbəli şəkildə bütün həyətlərdə mənəmmənəmlik edən bu varlıqlar həm də özləri bilmədən insanlara "oyan" komandası verir.
Həə, xoruz banını da məhz bu oyanmağa görə xatırladım. Sən durub həyətə düşürsən. Qarabağın bir guşəsi olan Ağcabədinin təmiz havasını ləzzətlə ciyərlərinə çəkirsən. Səhərlər ağaclardakı çiçəklərlə digər çiçəklərin qoxusu bir-birinə qarışmış olur (Mayın sonlarında rayonun havasına heç bir ətirə, parfümə dəyişməyəcəyim iydə çiçəyinin ətri də əlavə olunur). Səhərin bu gözəl qoxulu xəfif mehi üzünə vurarkən azacıq üşüyürsən, amma bu, sənə ləzzət edir.
Əl-üzünü yumaq üçün dərhal isti suyu açmağa tələsmirsən. Həyətdəki bulağın gözündən süzülən sərin sudan üzünə vurur, ovuclarını doldurub bir neçə qurtum alırsan. Qabda saxlanan su ilə birbaşa bulaqdan içilən suyun nə qədər fərqli olduğunu hiss edincə, onun da öz dadı olduğunu anlayınca bu gözəlliyə, bu nemətə şükür etməyə bilmirsən. Səma getdikcə mor rəngdən mavi rəngə çalır. Günəşin zərif telləri təbiətə sığal çəkməyə başlayır. Artıq qonşu həyətlərdən tək-tək səslər gəlir. Hələ uşaq gülüşləri... Yaxın-yaxın olan evlərdən ətrafa yayılan bu gülüş səsləri dünyanın ən gözəl, ən saf, ən müqəddəs duyğularına, sülhə, sevgiyə çağırışdır... Ömrünüz bahar qoxulu, sevgi dolu, körpə qəhqəhələri ilə zəngin olsun. Ağcabədinin sadəcə yaz fəslindəki halını təsvir etməyə çalışdım. Amma bu rayon haqqında, elm, mədəniyyət, incəsənət və digər sahələrə bəxş etdiyi məşhurları haqda o qədər çox deyiləcəklər var ki...
Bu günlərdə güclü yağışdan sonra Ağcabədidə görünən göy qurşağı çox diqqət çəkdi. Hətta bəziləri fürsəti qaçırmayaraq həmin anı əbədiləşdirdi. Sosial şəbəkədə də çox paylaşılan həmin gözəl görüntünü "525-ci qəzet"- in oxucuları ilə də bölüşmək istədim.



