ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Ukraynaya qarşı hərbi müdaxilə olacağı təqdirdə Rusiyaya qarşı tətbiq ediləcək sanksiyalar Çinə də təsir edəcək. Əgər Pekin Moskvaya qarşı sanksiyaya əməl etməsə Çinə qarşı iri cərimələr tətbiq ediləcək. Çox maraqlıdır ki, bu açıqlama Rusiya prezidenti Vladimir Putinin Pekinə səfərindən dərhal sonra səslənib.
Rusiya prezidenti Vladimir Putinin Çin dövlət başçısı Si Tsinpinlə birlikdə imzaladığı "Rusiya Federasiyası və Çin Xalq Respublikasının yeni dövrə qədəm qoyan beynəlxalq münasibətlər və qlobal davamlı inkişaf haqqında" Birgə Bəyanat Pekinin Moskvanı dəstəkləməsi kimi şərh olunur. Belə iddialar var ki, Çin SSRİ-nin dağılmasından sonra ilk dəfə Rusiyanın Qərb və NATO ilə qarşıdurmasında Moskvanı dəstəkləmək qərarına gəlib. Pekin bununla NATO-nun Şərqə doğru genişlənməsinə qarşı Rusiya ilə eyni mövqedə olduğunu nümayiş etdirib. Pekinin Moskva ilə həmrəylik göstərərək Vaşinqtona qarşı vahid mövqe nümayiş etdirməsi bir neçə səbəblə izah olunur. Birincisi, Pekin ABŞ-ın Böyük Britaniya və Avstraliya ilə birlikdə yaratdığı AUKUS hərbi ittifaqı özü üçün təhlükə hesab edir. İkincisi, Pekin ABŞ-ın Tayvana yönəlik siyasətindən ciddi narazıdır. Üçüncüsü, ABŞ uyğurlara qarşı Çinin siyasətini soyqırım kimi tanıyıb və bununla da Pekinə qarşı sərt ittihamların yolunu açıb. Bu və digər səbəblər Pekində Vaşinqtona qarşı Moskva ilə birgə müqavimət göstərməyə meyillənib. Bu məqsədlə də Rusiya və Çin liderləri Birgə Bəyanat imzalayıblar.
Vladimir Putinlə Si Tsinpin iki dövlət arasında ticarət dövriyyəsinin 200 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Bunu isə Rusiya ilə Çin arasında imzalanmış yeni neft və qaz müqavilələri təmin etməlidir. İmzalanmış müqaviləyə görə Rusiya Çinə təbii qaz ixracatın 10 milyard kubmetr artırmaq niyyətindədir. Rusiyanın Çinə satacağı 10 milyard kubmetr qazın pulunun dollarla deyil, avro ilə ödənməsi nəzərdə tutulur. Bununla da Rusiya və Çin ABŞ dollarından imtina etdiklərini nümayiş etdirməyə çalışıblar. Amma nədənsə ödəmə vasitəsi kimi Rusiya rublu və ya Çin yuanı seçilməyib. Əgər Rusiya Çini dünya gücü hesab edirsə, onun valyutasına etibar etməliydi. Amma belə görünür ki, Rusiya Çinin valyutasına etibar etmir və daha etibarlı valyuta hesab etdiyi avroya üstünlük verir.
Hazırda Rusiya ilə Çin arasında ildə 38 milyard kubmetr qaz satışı ilə bağlı müqavilə var. Ancaq Rusiya bu müqaviləyə əməl edə bilmir. Çünki müvafiq infrastruktur qurulmayıb, qaz yataqları istismara hazır deyil. Ötən il Rusiya "Sibirin gücü" kəməri vasitəsilə cəmi 10 milyard kubmetr qaz ixrac edib. Buna görə də əlavə olaraq ildə 10 milyard kub metrin ixrac olunması böyük sual altındadır. Lakin siyasi liderlər iki dövlətin yaxınlaşdığını nümayiş etdirmək üçün belə "xırda" məqamlara diqqət ayırmaq istəməyiblər.
Rusiya Çinə qarşıdakı 10 ildə 100 milyon ton əlavə neft satmaq niyyətindədir və bununla bağlı da müvafiq müqavilə imzalanıb. Ancaq burada bəzi çətinliklər var. Əgər Rusiya Avropaya neft nəqlini hələ SSRİ-i zamanında çəkilmiş neft kəməri vasitəsilə ixrac edirsə, Rusiya ilə Çin arasında belə kəmər mövcud deyil. Hər il 10 milyon ton neftin Rusiyadan Çinə hansı vasitə ilə daşınacağı hələlik məlum deyil. Dəmir yolu və gəmilərlə daşımaq olar. Ancaq burada ciddi çatışmamazlıqlar var və daşınmanın özü də əlavə xərc tələb edir. Amma bu məsələdə də siyasi lider belə "xırda" məqamların üzərindən sükutla keçiblər.
Aydın görünür ki, Pekinlə Moskva Vaşinqtonu sınağa çəkmək istyiblər. Vaşinqton isə buna Ceyk Sallivanın səsləndirdiyi xəbərdarlıqla cavab verib. Pekin bu xəbərdarlığa qarşı saymamazlıq edə bilməz. Məlum olduğu kimi Çin iqtisadiyyatı ABŞ-a edilən ixracdan çox asılıdır. Belə ki, Çin ABŞ-a Rusiya satdığından 9 dəfə artıq mal satır. Əgər Pekin Si Tsinpinin siyasi ehtiraslarına tabe olub Vaşinqtona qarşı Moskva ilə alyans yaratsa, ciddi iqtisadi problemlərə hazır olmalıdır.
Rusiya ilə loyal münasibətlərinə görə ABŞ-ın qəzəbinə gələ biləcək dövlətlərdən biri də Almaniyadır. Bir neçə gün öncə Almaniyanın ABŞ-dakı səfiri Emili Aberin Almaniya Xarici İşlər Nazirliyinə "Berlin, bizim problemimiz var" xəbərdarlığının yer aldığı məktub göndərdiyi haqqında mediaya məlumat sızdı. Səfir böyük narahatlıqla Almaniyanın ABŞ-da ciddi şəkildə nüfuzdan düşdüyünü yazaraq Vaşinqtonun siyasi dairələrində almanları "etibarsız tərəfdaş" hesab etdiklərini bildirirdi. Almaniya dərhal hərəkətə keçərək "etibarsız" olmadığını sübut etməyə çalışdı. Ancaq belə sözlərlə Vaşinqtonu inandırmaq mümkün deyil. Almaniyanı "etibarsız müttəfiq"də təkcə ABŞ deyil, Şərqi Avropa ölkələri də ittiham edirlər. Hətta bəzi Şərqi Avropa ölkələri Almaniyanı Qərbin müttəfiqindən daha çox Rusiyanın müttəfiqi hesab edirlər.
Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşməməsi də Berlinin Moskva qarşısında qətiyyətli mövqe göstərməməsi ilə izah olunur. Rəsmi Kiyev Berlini "Şimal axını-2" qaz kəmərindən imtina etməməklə Moskvanın maraqlarına uyğun davranmaqda ittiham edir. Almaniya bütün ittihamları rədd edir. Ancaq artıq elə bir vəziyyət yaranıb ki, Berlinin sözləri Vaşinqton və Kiyevi inandıra bilmir. Buna görə də Almaniyanın xarici işlər nazirini artıq arzuolunan qonaq hesab etmirlər. Bütün bunlar isə "işıqfor" hökumətini ciddi narahat etməyə başlayıb. Vaşinqtonun qəzəbini yumşaltmaq üçün kansler Olaf Şolts gələn həftə ABŞ-a səfər etməyi planlaşdırır. Lakin kanslerin səfəri də yaranmış vəziyyəti kəskin dəyişməyəcək. Vaşinqton müttəfiqlərindən və tərəfdarlarından seçim etməyi tələb edir. Berlin və Pekin çox çətin seçim qarşısındadırlar. Moskva ilə əməkdaşlıq faydalı, Vaşinqtonla ziddiyyət qorxuludur.