Rusiyanın Ukraynaya hərbi müdaxilə ehtimalı artdıqca Avropanın bəzi ölkələri, o cümlədən, Almaniya və Fransa üçün Vaşinqtonla Moskva arasında manevr etmək imkanları da azalır. Vaşinqtonla Moskva arasında manevr etmək imkanları azalan ölkələrdən biri də Fransadır. Fransa prezidenti Emmanuel Makronun Moskvaya son səfəri də rəsmi Parisin qəti seçim qarşısında qalmamaq üçün etdiyi cəhd kimi dəyərləndirmək olar. Makronun Moskvaya səfəri bir neçə qəribəliklə diqqət çəkib. Belə ki, Makron Parisi planlaşdırıldığının əksinə olaraq 40 dəqiqə gec tərk edib. Moskvada isə Makron təyyarə yerə endikdən 40 dəqiqə sonra təyyarəni tərk edib. Fransa prezidentinin rusiyalı həmkarı ilə görüşə 1.5 saat gecikməsinin əsl səbəbləri məlum olmasa, Makronun Putinə təzyiq məqsədilə belə davrandığı güman olunur. Makronu belə davranmağa vadar edən iki səbəb var. Birincisi, Rusiyanın Ukraynaya qarşı iri miqyaslı hərbi müdaxiləsinin Avropa qitəsində humanitar böhrana səbəb olacaq. Koronavirus pandemiyasının taqətdən saldığı Avropa üçün humanitar böhran fəlakət kimi təsvir olunur. Qərbin kəşfiyyat xidmətlərinin proqnozlarına görə Rusiyanın hərbi müdaxiləsi nəticəsində Avropaya Ukraynadan 5 milyon nəfər qaçqın keçə bilər. Bu isə Avropa kimi zəngin qitə üçün ciddi problemlər yarada bilər. Qaçqın ordusunun isə əsasən, Avropanın zəngin ölkələrinə, Almaniya və Fransaya yönələcəyi şübhəsizdir. Yaxın Şərqdən gələn bir neçə on min qaçqının yaratdığı gərginlik aradan qalxmamış Ukraynadan gələcək 5 milyon qaçqın ordusu Avropada sosial-iqtisadi və humanitar vəziyyəti ağırlaşdıra bilər. Bu isə Almaniya kimi Fransa rəhbərliyini də qorxudur.
Makronu Moskvaya səfər etməyə vadar edən ikinci səbəb qarşıdan gələn prezident seçkiləridir. İki aydan sonra Fransada prezident seçkiləri keçiriləcək. Makronun bu seçkidə qalib gəlməsi çətin olacaq. Ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin qarşısı alınsa bu Makronun reytinqini artıra və təkrar prezident seçilməsini təmin edə bilər. Lakin iki prezidentin, Putin və Makronun mətbuat üçün 4 dəqiqəlik açıqlamalarından belə aydın olur ki, Rusiya prezidenti geri addım atmaq istəmir. Rusiya ümid edir ki, Makron Ukraynanı güzəştə getməyə vadar edəcək.
Rusiyanın bu ehtimalının gerçəkləşməsi indiki halda mümkün görünmür. ABŞ və Böyük Britaniyanın birmənalı dəstəyini hiss edən Ukrayna Avropa dövlətləri danışıqlarda mövqeyini sərtləşdirib. Ukrayna prezidenti Kiyevə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berboku qəbul etməyib. Prezident Vladimir Zelenskinin fransalı həmkarı qarşısında güzəştə gedəcəyi də inandırıcı görünmür. Əksinə, rəsmi Kiyev Fransanı seçim qarşısında qoya bilər. ABŞ-ın NATO üzrə müttəfiqlərini qəti seçim qarşısında qoyması, Şərqi Avropa ölkələrinin Almaniya və Fransa cütlüyünə qarşı narazılıqlarının artması Ukraynanın mövqeyini gücləndirir. Kiyevdə anlayırlar ki, regionda geosiyasi vəziyyət 2015-ci illə müqayisədə ciddi şəkildə Ukraynanın xeyrinə dəyişib. Buna görə Kiyev heç bir güzəştə getmək istəmir, üstəlik 2015-ci ildə etdiyi güzəştləri də icra etmək istəmir. Belə bir vəziyyətdə Fransa prezidentinin səfəri tamamilə əks effekt verə və Makronun imicinə ciddi zərər vura bilər. Bu isə Makron üçün ən qorxulu ssenari hesab olunur.