"Reuters" agentliyinin anonim mənbəyə, "The New York Times" qəzetinin Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən yaydıqları məlumatda ABŞ-ın məxfi şəkildə Ukraynaya mart ayında 100-dən çox ATACMS taktiki ballistik raketi göndərməsi öz təsdiqini tapdı. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məxfi şəkildə Ukraynaya ATACMS taktiki ballistik raketlərini verdiklərini təsdiqlədi: "Təsdiq edə bilərəm ki, fevral ayında ABŞ prezidenti Ukraynanın suveren ərazisində istifadə etmək üçün müəyyən sayda ATACMS raketlərinin çatdırılmasını əmr edib. Raketin göndərilməsi mart ayında başlayıb və hərbi yardım paketinə daxil olunub. ATACMS raketləri artıq Ukraynaya çatdırılıb".
Aprelin 17-də Cankoydakı hərbi hava limanına endirilən zərbədən sonra ekspertlər Ukrayna Silahlı Qüvvələrin hansı növ raketdən istifadə etdiyini müəyyənləşdirməyə çalışırdılar. Çünki aprelin 17-də Cankoy hərbi hava limanına endirilən zərbə bundan əvvəl USQ-nin bu vaxta qədər istifadə etdiyi raketlərin təsirindən fərqlənəcək dərəcədə güclü idi. Üstəlik, Cankoy hərbi hava limanında yerləşdirilmiş S-400 və S-300 hava hücumundan müdafiə sistemlərinin effektsiz qalması da Ukraynanın aprelin 17-də fərqli raketdən istifadə etdiyini aydın göstərirdi.
Ukraynaya hərbi yardım paketinin təsdiqinin Konqresdə ləngidiyi bir vaxtda Co Bayden administrasiyasının məxfi şəkildə Ukraynaya ATACMS taktiki ballistik raketi verə biləcəyi inandırıcı görünmürdü. İndi isə məlum olur ki, Co Bayden administrasiyası məxfi şəkildə belə bir addım atıb və Ukraynaya 100-dən çox ATACMS taktiki ballistik raketi verib. Təkcə bu məqam göstərir ki, Vaşinqtonun səbri tükənib və ABŞ Rusiyaya qarşı qəti addımlar atmağa başlayıb.
Aprelin 24-də ABŞ-nin Ukraynaya bir milyard dollarlıq hərbi yardım ayırması isə Vaşinqtonun səbrinin tükəndiyini göstərən digər məqamdır. Ukraynaya yeni ATACMS taktiki ballistik raketlərin verilməsilə bağlı rəsmi məlumat olmasa da, bir milyard dollarlıq yardım paketində həmin raketlərin olmaması artıq inandırıcı deyil. Xüsusilə nəzərə alsaq ki, yardım paketində Ukraynaya HIMARS sistemləri üçün sursatın ayrılması ilə bağlı bənd var. ATACMS raketləri də bir qayda olaraq MLRS və ya HIMARS-dan atılır. MLRS və HIMARS-lar Ukraynaya müharibənin ikinci ilində verilib. Ukraynaya ATACMS taktiki ballistik raketlərinin verilməsilə hərb meydanında və arxa cəbhədə Rusiyanın itkiləri həndəsi silsilə ilə artacaq. Xüsusilə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi Ukraynaya veriləcək F-16 qırıcılarının döyüş effektliyini kəskin artırmağa imkan verəcək. Belə qənaət yaranır ki, ABŞ Ukraynaya F-16 qırıcılarının verilməsindən öncə Rusiyanın hava hücumundan müdafiə sisteminin məhv edilməsini istəyir.
Rusiya ilə yanaşı, Çinə qarşı da qəti addımlar atmağa başlayan ABŞ Filippinlə birlikdə Cənubi Çin dənizində də hərbi təlimlərə başlayıb. "Balikatan" (Çiyin-çiyinə) adı verilən təlimdə ABŞ və Filippinlə yanaşı, Avstraliya və Fransadan olan hərbçilər də iştirak edirlər. Eyni zamanda, ABŞ-nin Filippində 400 km məsafədə hədəfləri vura bilən SM-6 uzaqmənzilli raketlər, onları atmağa qadir olan yeni MRC Typhon raket sistemləri yerləşdirdiyi haqqında məlumatlar yayılıb.
Cənubi Çin dənizində ABŞ, Filippin, Avstraliya və Fransanın hərbi təlimlər keçirdiyi bir zamanda Çinə səfər edən ABŞ dövlət katibi Entoni Blinken Pekində sərt danışıqlar aparıb. Mətbuata sızan məlumata görə, Entoni Blinken Çin rəsmilərindən Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləməyi dayandırmaqla yanaşı, Sincan vilayətində müsəlman uyğurlara qarşı zülmə də son qoymağı tələb edib. Bundan başqa, Vaşinqton Pekinin dənizlərdə naviqasiya azadlığına mane olmamasını da istəyir. Çin rəsmiləri Rusiyanın hərbi-sənaye kompleksini dəstəklədiklərini inkar edirlər. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çinin Rusiya və digər ölkələrlə normal ticarət-iqtisadi əməkdaşlıq hüququ pozulmamalıdır: "Biz qanuni hüquq və maraqlarımızı inadla müdafiə edəcəyik".
Qeyd edək ki, ABŞ dövlət katibindən on gün əvvəl Çində səfərdə olan Almaniya kansleri Olaf Şolts də Pekində keçirdiyi görüşlərdə Rusiyanın hərbi-sənaye kompleksinə yardımı dayandırmağı tələb etmişdi.
Vaşinqtonda isə belə rəy güclənir ki, Çin yalan danışır və Rusiyaya yardım göstərməkdə davam edir. Buna görə də Konqres Rusiyanın hərbi-sənaye kompleksinə dəstək verən bütün Çin şirkətlərinin cəzalandırılmasını istəyir. Konqresin bir neçə gün öncə böyük səsçoxluğu ilə qəbul etdiyi "21-ci əsrdə güc vasitəsilə sülh" qanunu (21st Century Peace through Strength Act) məhz Rusiyaya yardım edən ölkələrə, ilk növbədə isə İran və Çinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutur.
Vaşinqtonla yanaşı, Brüssel də Çini cəzalandırmağın tərəfdarıdır. Avropa Komissiyasının sədr müavini Valdis Dombrovskis deyib ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalardan yayınmağın qarşısını almaq üçün ABŞ-la işləyir. Vaşinqton kimi, Brüssel də Çinə qarşı sanksiyaları yeganə çıxış yolu sayır. Bu isə Çin rəsmilərini çox ciddi narahat edir. Rəsmi Pekin Çin banklarına qarşı sanksiyaların tətbiqinin ağır iqtisadi nəticələrə səbəb olacağını bilir. Çinin özündə də Rusiyanın dəstəklənməsindən narahat olan qrupun mövqeləri güclənməkdə, Moskvanı dəstəkləmək tərəfdarı olan Si Çinpinin mövqeləri zəifləməkdədir. Qərb blokuna daxil olan ölkələrlə sıx iqtisadi əlaqələrə malik biznes dairələri, eləcə də müharibənin sonunda Rusiyanın çökəcəyini proqnozlaşdıran fikir adamlarının mövqeləri güclənməkdədir.