Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian iki ölkə arasında təhlükəsizlik sahəsində praktiki əməkdaşlığın qurulması məsələsini müzakirə etdikdən sonra anlaşma memorandumu imzalayıb. Anlaşma memorandumu əsasında iki ölkə arasında müxtəlif strateji sahələrdə əlaqələrin və əməkdaşlığın səviyyəsinin yüksələcəyi proqnozlaşdırılır.
İran rəsmisinin Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşü Əhmədianın Sankt-Peterburq səfəri zamanı baş tutub. Aprelin 24-də Sankt-Peterburqda təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli dövlət rəsmilərinin XII Beynəlxalq Toplantısı Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında keçirilib. Toplantıda təhlükəsizlik şuralarının katibləri, milli təhlükəsizlik müşavirləri, baş nazirin müavinləri, hüquq-mühafizə orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Bu toplantı Rusiya ilə dost və neytral ölkələr üçün ən mühüm beynəlxalq təhlükəsizlik tədbirlərindən biri hesab olunur. Toplantıda çıxış edən Əhmədian bütün dünyada informasiya təhlükəsizliyinin mövcud vəziyyətini qiymətləndirib və İranın onun təkmilləşdirilməsi üçün tövsiyələrini təqdim edib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi informasiya təhlükəsizliyinə Qərbin təsirini yumşaltmaq üçün bir sıra təkliflər təqdim edib. Bu təkliflər sırasında Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS kimi regional təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində Qərbin birtərəfliliyinin yaratdığı təhlükələrə qarşı durmaq üçün yeni alətlər, institutlar və strukturların yaradılması var. İranın təhlükəsizlik rəisi bir ölkənin və ya bir qrup ölkələrin inhisarını qırmaq üçün informasiya təhlükəsizliyi ilə məşğul olan beynəlxalq qurumlar və strukturlar arasında "çoxtərəfliliyi" müdafiə edib. Əhmədian həmçinin qlobal informasiya və kibertəhlükəsizliklə bağlı qanun və qaydaların hazırlanmasında əməkdaşlığın artırılmasına, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı kimi beynəlxalq forumlarda ABŞ-nin kiberməkanda birtərəfliliyinə qarşı koordinasiyalı müdafiəyə çağırıb. Bundan əlavə, o, sanksiyalara qarşı koalisiyaların yaradılmasını və üzvlər arasında maliyyə, iqtisadi və inzibati mübadilələr üçün ABŞ-a aid olmayan sistem və platformalardan istifadə etməyi təklif edib.
Əhmədian daha sonra İranın təklif etdiyi paketin digər komponenti kimi aparat, proqram təminatı, məlumat mərkəzləri və müstəqil platformaların istehsalı üzrə məsuliyyətlərin toplantıda iştirak edən ölkələr arasında bölüşdürülməsini təklif edib.
Təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək vəzifəli dövlət rəsmilərinin XII Beynəlxalq Toplantısı Rusiya ilə İran arasında əməkdaşlığın genişləndiyini, Moskva ilə Tehranın Qərbə qarşı vahid cəbhə formalaşdırmağa başladığını aydın göstərir. Bu isə Rusiyanın İsrail və Ərəb dövlətləri ilə münasibətlərinin pisləşməsinə səbəb olacaq. Son günlər İranla aparıcı ərəb dövlətləri, İordaniya, Səudiyyə Ərəbistanı və Kuveyt arasında müasibətlər yenidən gərginləşib. Küveyt və İordaniyanın liderlərinin Ərəb (Fars) körfəzindəki Ərəş qaz yatağına müstəsna hüququn Küveyt və Səudiyyə Ərəbistanına məxsus olmasını bəyan etdikdən sonra münasibətlər gərginləşib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani açıqlamasında deyilənləri əsassız sayıb və bildirib ki, birtərəfli qaydada bu cür iddiaların irəli sürülməsi iddiaçıya heç bir hüquq yaratmır. Ərəb dövlətlərinin İran qarşısında güzəştə getməyəcəyini nəzərə alsaq, münasibətlərin gərginləşməsi qaçınılmaz olacaq. Bu isə Rusiyanı İranla Ərəb dövlətləri arasında seçim etmək məcburiyyətində qoyacaq.