Avropa İttifaqına üzv ölkələrin parlamentlərinin rəhbərlərinin İspaniyada keçirilən konfransında iştirak edən Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Rusiya rəsmilərini qəzəbləndirən açıqlamalarla çıxış edib. Rusiyanın Ukraynaya qarşı müharibəsini işğalçılıq adlandıran Simonyan bəyan edib ki, Ermənistan Ukrayna, Moldova, Gürcüstan, Kipr və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə edir. Simonyan Rusiyanın Ermənistanın, eyni zamanda Moldovanın və Gürcüstanın təhlükəsizliyinə təhdid olduğunu bəyan edib.
Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun göstərişi ilə Ermənistan parlamentinə spikerinin bəyanatları ilə bağlı sorğu göndərilib. Rusiyalı qanunvericiləri Simonyana belə tədbirlərdə Rusiyanın "çoxəsrlik dostluğu olan" erməni xalqının adından danışmaq hüququnu kimin verdiyi maraqlandırır. Rusiyalı qanunvericilər, eyni zamanda, Ermənistan parlamentinin üzvlərinin Simonyann mövqeyini bölüşüb-bölüşmədiyini də bilmək istəyirlər. Moskvada hesab edirlər ki, Simonyan bu çıxışı ilə "qırmızı xətti" keçib.
Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, "Ermənistan Milli Assambleyası sədrinin iyrənc və qətiyyən qəbuledilməz bəyanatlarına məhəl qoymamaq səhv olardı". Karasin sözlərinə görə, Simonyanın "bütün sərhədləri keçib" və Rusiyanın suverenliyini şübhə altına alıb.
Moskvada hesab edirlər ki, Ermənistanda ölkəni Qərbin antirusiya planlarına qoşmağa çalışan siyasətçilər var. Rusiya rəsmiləri ümid edirlər ki, Ermənistan Milli Assambleyasında sağlam düşüncə qalib gələcək.
Ermənistanla yanaşı, Rusiyanın Tacikistanla da münasibətləri pisləşməyə başlayıb. Tacikistan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edib. Bu müraciətdən əvvəl, aprelin 26-da Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər Nazirliyinə çağırılaraq Tacikistan vətəndaşlarının Rusiyaya daxil olmasından kütləvi şəkildə imtina etmələri ilə bağlı rəsmi etiraz bildirilib.
Qeyd edək ki, yüzlərlə Tacikistan vətəndaşının Rusiya və Qazaxıstan sərhədindəki Saqarçin keçid məntəqəsindən Rusiyaya buraxılmadığı haqqında məlumatlar yayılmağa başlayıb. Həmin məlumatlarda qeyd olunurdu ki, başqa ölkələrin vətəndaşları Rusiyaya buraxılsa da, taciklərə rədd cavabı verilir.
Bütün bunların səbəbi "Crocus City Hall"da baş verən terror aktında şübhəli bilinənlərin taciklər olmasıdır. Tacikistan vətəndaşlarının Rusiyanın hava limanlarında saxlanılması ilə bağlı da məlumat var. Tacikistan XİN-dən yayılan açıqlamada deyilir ki, Rusiya hakimiyyəti minlərlə Tacikistan vətəndaşını paytaxtın hava limanlarında saxlayır. Təkcə Vnukovo beynəlxalq hava limanında 954 nəfər Tacikistan vətəndaşının saxlanıldığı açıqlamada öz əksini tapıb. Tacikistan XİN-in açıqlamasında qeyd edilir ki, saxlanılanlar arasında Rusiya hökumətinin təhsil kvotaları hesabına Rusiyada təhsil alan tacik tələbələr də var. Nazirliyin açıqlamasında qeyd edilir ki, Moskvanın Jukovski, Domodedovo və Şeremetyevo hava limanlarında eyni vəziyyət hökm sürür. Rusiya mətbuatı yaranmış vəziyyəti "Crocus City Hall"da baş verən terror aktından sonra Kremlin miqrantlara nəzarəti gücləndirmək qərarı ilə izah edir. Rusiya Dövlət Duması miqrantların vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bundan başqa, Rusiya Daxili İşlər Nazirliyi miqrantların ölkədə müvəqqəti qalma müddətinin 90 günə endirilməsini və Rusiyaya daxil olan bütün əcnəbilər üçün "rəqəmsal profil"in tətbiqini təklif edib.
Tacikistan hökumətini narahat edən əsas məqamlardan birinin də Rusiyanın Taliban hökumətinə yönəlik siyasətində köklü dəyişikliyin baş verməsi ehtimalıdır. Belə məlumatlar var ki, Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarmaq niyyətindədir. Ekspertlər hesab edirlər ki, Talibana yönəlik siyasətin dəyişməsi Rusiyanın İŞİD-lə, xüsusilə də bu terror təşkilatının "Xorasan Vilayəti" adlandırılan qanadı ilə müharibə vəziyyətində olmasıyla bağlıdır. Moskavada hesab edirlər ki, "İŞİD-Xorasan Vilayəti" ilə mübarizədə Talibana dəstək vermək regionda sabitliyə nail olmaq üçün yeganə yoldur. Templ Universitetinin tarix və siyasi elmlər professoru Artemi Kalinovski hesab edir ki, Taliban Əfqanıstanda möhkəmlənə bilməsə, İŞİD Orta Asiya respublikalarına doğru hərəkət edəcək və bu da Rusiyanın təhlükəsizliyinə təhdidləri ciddi şəkildə artıracaq.
Moskvanın Əfqanıstana yönəlik siyasətində diqqət çəkən çox maraqlı bir məqam var. Təxminən 30 il əvvəl Rusiya Talibana qarşı mübarizədə Əfqanıstandakı etnik tacikləri və onların lideri Əhməd Şah Məsudu dəstəkləyirdi. Rusiya Talibana qarşı mübarizədə Əhməd Şah Məsuda silah da vermişdi. İndi isə Rusiya taciklərin çoxluq təşkil etdiyi "İŞİD Xorasan Vilayəti"nə qarşı Talibanı dəstəkləyir. Çünki Taliban heç vaxt Mərkəzi Asiyanı, eləcə də Rusiyanı təhdid etməyib. Talibanın ambisiyaları Əfqanıstan və Pakistanın puştunlar yaşayan əraziləri ilə məhdudlaşır. Taliban Əfqanıstan və Pakistandan kənar ölkələrdən tərəfdar cəlb etməyə maraq göstərmir. Talibandan fərqli olaraq "İŞİD-Xorasan Vilayəti" İran və Mərkəzi Asiya ilə yanaşı, Rusiyanın da ərazilərinin bir hissəsini özünün maraq dairəsinə daxil edib. Eyni zamanda, Suriyada Bəşər Əsəd rejimini dəstəkləməsinə görə İŞİD Rusiyanı özünün düşməni hesab edir. İŞİD Rusiyada bir neçə terror əməliyyatı həyata keçirib və yeni əməliyyatlar da hazırlayır. Bütün bunlar Rusiyanı Talibanla əməkdaşlığa yönəldir. Bu isə heç şübhəsiz ki, Düşənbəni narahat edir. Mərkəzi Asiyanın Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi daha varlı və güclü ölkələrindən fərqli olaraq Moskvanın təhlüksizlik təminatından asılı olan Tacikistan Rusiyanın regionda prioriteti dəyişəcəyindən ehtiyatlanır. Tacikistanın Türk Dövlətləri Təşkilatına üzv olma ehtimalının gündəmə gəlməsi də görünür ki, bununla bağlıdır. Bütün bunlar postsovet məkanındakı ənənəvi siyasi münasibətlər sisteminin tamamilə dağılmaq ərəfəsində olduğunu göstərir.