
Azərbaycanla Latviya arasında münasibətlər bütün sahələrdə yüksək səviyyədə inkişaf etməkdədir. Latviya Prezidenti Edqars Rinkeviçsin ölkəmizə rəsmi səfəri bu münasibətlərin daha da inkişafına yeni dinamika gətirəcək. Aprelin 22-də Bakıda prezidentlər ikitərəfli gündəliyin müxtəlif aspektlərini, beynəlxalq əhəmiyyət kəsb edən məsələləri, o cümlədən Cənubi Qafqaz və Baltik regionunda təhlükəsizlik məsələlərini, regional inkişafı həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş şəkildə müzakirə etdilər.
Dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, iki ölkənin əməkdaşlığının çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır.
Prezident İlham Əliyev həmkarını Azərbaycanla Ermənistan arasında sülh prosesi barədə məlumatlandırıb: "Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişinin mətnini parafladıqdan sonra bizdə de-fakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti və media nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər".
Prezident Edqars Rinkeviçs isə bildirib ki, Azərbaycana rəsmi səfəri əslində 2017-ci ildə imzalanmış strateji tərəfdaşlığın prinsiplərini bir daha təsdiq edir: "Düşünürəm ki, hazırkı səfərim zamanı qəbul etdiyimiz Bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiyimizlə bağlı bəzi addımlar atmışıq".
Xatırladaq ki, səfər zamanı Azərbaycan ilə Latviya arasında imzalanmış sənədlər mübadilə edilib, eyni zamanda, prezidentlər İlham Əliyev və Edqars Rinkeviçs "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul ediblər.
Prezident Rinkeviçs deyib ki, Latviya meşələr ölkəsidir və Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı məsələ də Bakı səfərində müzakirə olunub: "Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik".
Latviya lideri Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa da diqqət çəkib, bu sahədə müsbət addımların atıldığını söyləyib: "Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur".
Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rolu da qiymətləndirən Rinkeviçs deyib ki, Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.
Səfər zamanı həmçinin dövlət başçılarının iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirilib. Tərəflər arasında müzakirə edilən sahələrdən biri də müdafiə sənayesi olub. Prezident İlham Əliyeb biznes-forumda çıxışı zamanı bildirib ki, birgə istehsal sahəsində əməkdaşlıq, işbirliyinin yaradılması nəzərdən keçirə biləcəyimiz məsələlər ola bilər.
Bu səfər, eyni zamanda biznes-forum iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının və qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Azərbaycan və Latviya keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. Sovetlər birliyi dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb. Latviya Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulub. Azərbaycanın Latviyada səfirliyi 2005-ci ildə fəaliyyətə başlayıb. Bu həm də Azərbaycanın Baltikyanı ölkələrdə ilk səfirliyidir. Latviyanın Azərbaycandakı səfirliyi isə 2006-cı ildə fəaliyyətə başlayıb.
Azərbaycan və Latviya dövlət başçılarının ilk görüşü 8 iyul 1997-ci ildə NATO-nun Madriddə keçirilən Zirvə toplantısı zamanı olub. Həmin gün mərhum Prezident Heydər Əliyev ilə Latviya Prezidenti G.Ulmanis arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
Bu gün Latviyada Azərbaycan icması yaşayır, insanlar arasında təmaslar artır, bu ölkədə 450-dən artıq azərbaycanlı tələbə təhsil alır ki, bütün bunlar da münasibərlərin möhkəmlənməsinə öz töhfəsini verir.
Milli Məclisin deputatı Vüqar Bayramov hesab edir ki, Azərbaycan-Latviya əlaqələri inkişaf etməkdədir, qarşılıqlı səfərlər və yüksək səviyyəli görüşlər ilə iki ölkə arasında siyasi dialoq davam etdirilir: "2025-ci ildə Azərbaycan ilə Latviya arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 2.5 faiz artaraq 27.8 milyon dollara çatıb. Qarşılıqlı ticarətdə Latviyanın 10 milyon dollara yaxın müsbət saldosu var. Bununla belə, ölkələr arasındakı iqtisadi əməkdaşlıqda potensial daha böyükdür. Bu baxımdan, qarşlıqlı ticarət dövriyyəsinin artırılması əsas prioritetlərdəndir. Dövlətlərarası münasibətlərin dərinləşməsinin növbəti illərdə ticarət dövriyyəsində daha çox artımlar ilə müşahidə olunacağı gözlənilir. Qeyri neft-qaz ixracat bazarlarının şaxələndirilməsi baxımdan sözügedən ölkə ilə əməkdaşlıq olduqca vacibdir. Bütövlükdə, Latviya Prezidentinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsində yeni səhifə açacaq".
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Latviya Prezidentinin Azərbaycana rəsmi səfəri, keçirilən görüşlər və aparılan müzakirələr Azərbaycan-Avropa münasibətlərinin inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyur. Onun sözlərinə görə, son illər Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlər yalnız siyasi dialoq müstəvisində deyil, həm də iqtisadi əməkdaşlıq sahəsində sürətlə inkişaf edir: "Bu baxımdan Latviya prezidentinin səfəri iqtisadi əlaqələrin genişləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və qarşılıqlı ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməklə yanaşı, eyni zamanda, qeyri-neft sektorunun inkişafına yönəlmiş islahatlar hesabına iqtisadiyyatını şaxələndirməkdədir. Bu istiqamətdə Avropa ölkələri, o cümlədən Latviya ilə əməkdaşlıq yeni texnologiyaların tətbiqi, innovativ istehsal sahələrinin yaradılması və rəqabətqabiliyyətli məhsul istehsalının artırılması baxımından mühüm rol oynaya bilər. Səfər çərçivəsində xüsusilə logistika və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Avropa ilə Asiya arasında ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Latviya limanlarının imkanları ilə Azərbaycanın tranzit potensialının uzlaşdırılması yeni iqtisadi sinerji yarada və regionlararası ticarətin həcmini artırmağa xidmət edə bilər".
A.Hüseynov əlavə edib ki, qarşılıqlı investisiya mühitinin yaxşılaşdırılması, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və birgə müəssisələrin yaradılması istiqamətində atılacaq addımlar iqtisadi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Latviya şirkətlərinin Azərbaycanın sənaye parklarında və azad iqtisadi zonalarında fəaliyyəti üçün geniş imkanlar mövcuddur. Eyni zamanda, Azərbaycan sərmayədarları üçün də Latviyada müxtəlif sahələrdə investisiya yatırımı baxımından əlverişli şərait mövcuddur.
Deputat bildirib ki, rəqəmsal iqtisadiyyat və innovasiya sahəsində əməkdaşlıq da xüsusi önəm kəsb edir. Avropa ölkələrinin qabaqcıl təcrübəsinin Azərbaycanda tətbiqi, startap ekosisteminin inkişafı və yüksək texnologiyalar sahəsində birgə layihələrin həyata keçirilməsi iqtisadi artıma əlavə təkan verə bilər. Bu, həm də yeni iş yerlərinin yaradılması və insan kapitalının inkişafı baxımından əhəmiyyətlidir.
Onun sözlərinə götə, Azərbaycan balanslaşdırılmış və çoxşaxəli xarici siyasət kursu həyata keçirərək həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi çıxış edir. Bu siyasət nəticəsində ölkəmiz Avropa ilə münasibətlərini qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirir və iqtisadi tərəfdaşlığın coğrafiyasını davamlı şəkildə genişləndirir: "Latviya Prezidentinin Azərbaycana səfəri və aparılan yüksəksəviyyəli müzakirələr təkcə siyasi münasibətlərin deyil, həm də iqtisadi əməkdaşlığın daha da genişlənəcəyini, yeni investisiya layihələrinin həyata keçiriləcəyini və qarşılıqlı faydalı tərəfdaşlığın uzunmüddətli perspektivdə daha da möhkəmlənəcəyini deməyə əsas verir".



