
Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, cari ilin mart-aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülüb, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib. Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələcəkdə analoji halların təkrarlanmaması üçün Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayrılıb. Bu vəsaitdən Fövqəladə Hallar Nazirliyinə 8 milyon 876 210 manat, Bakı Şəhər İcra Hakimiyyətinə 1 milyon 437 315 manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə 21 milyon 443 875 manat, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 39 milyon 103 600 manat və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon 8 260 manat vəsait ayrılacaq.
Bu sərəncam bir daha vətəndaşlara dövlət qayğısının bariz nümunəsini əks etdirir. Azərbaycan dövlətinin siyasətində sosialyönümlülük prioritet istiqamətlərdən biridir. Dövlət hər zaman öz vətəndaşının yanındadır, onun üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasında, rifahının və təhlükəsizliyinin təmin edilməsində dərhal və operativ dəstəyini göstərir.
Məlumdur ki, son aylar yağan intensiv və güclü yağışlar bir çox ciddi fəsadlara, o cümlədən sel və daşqınlara səbəb olub. Nəticədə isə paytaxtda və Azərbaycanın müxtəlif regionlarında infrastruktur, fərdi yaşayış evlərinə ciddi zərər dəyib, dağıntılara gətirib çıxarıb. Ayrılan vəsait zərər çəkmiş əhalinin evlərinin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, infrastrukturun (yol, elektrik, su) təmiri və kompensasiya ödənişləri üçün istifadə olunacaq. Bu addım həm maddi ziyanın aradan qaldırılmasına, həm də vətəndaşların sosial rifahının qorunmasına xidmət edir. Dövlət bir daha sübut edir ki, heç bir vətəndaş təbii fəlakət qarşısında tək qalmır. Azərbaycan bu məsələdə də bir nümunədir. Çünki dünyanın bir çox ölkəsində oxşar təbii fəlakətlər baş verdikdə dövlət yardımının verilməsi uzun müddət çəkir və ya kifayət qədər olmur. Azərbaycanda isə Prezidentin birbaşa sərəncamı ilə vəsait dərhal ayrılır və operativ işlər başlayır. Bu, dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşlara qayğısını göstərir. Vəsait yalnız cari zərərin aradan qaldırılmasına yox, həm də gələcəkdə analoji halların qarşısının alınması üçün istifadə olunacaq. Belə ki, istinad divarlarının tikintisi, drenaj sistemlərinin təkmilləşdirilməsi, su ötürücü sistemlərin möhkəmləndirilməsi və digər işlər nəzərdə tutulur. Bu, iqlim dəyişikliyi şəraitində ölkənin dayanıqlılığını artırmağa xidmət edir
Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı "525"ə deyib ki, sel və daşqınlar nəticəsində həm Bakı şəhərində, həm də regionlarda vətəndaşlara və infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Bu ziyanın aradan qaldırılması məqsədilə Prezident müvafiq sərəncam imzalayıb, ümumilikdə 85,8 milyon manat vəsait ayrılıb:
"Bu vəsait hesabına yaranmış problemlərin qısa müddətdə aradan qaldırılması və vətəndaşlara dəymiş ziyanın ödənilməsi nəzərdə tutulur. Bu kimi addımlar dövlətin vətəndaşın yanında olduğunu bir daha nümayiş etdirir. Prezident tərəfindən həyata keçirilən sosial siyasət və operativ qərarlar vətəndaşların çətin vəziyyətlərdə tək qalmamasını təmin edir. Bu da cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadı möhkəmləndirir və milli birliyi gücləndirir".
Deputat deyib ki, dövlət büdcəsində sosial sahəyə xüsusi önəm verilir. Ümumi xərclərin 40 faizdən çoxunun sosial tədbirlərə ayrılması əhalinin rifahının yüksəldilməsinə yönəlmiş siyasətin bariz nümunəsidir: "Minimum əmək haqqının, pensiyaların artırılması, ünvanlı sosial yardım proqramlarının genişləndirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Bununla yanaşı, fövqəladə hallarda dövlətin operativ müdaxiləsi, istər pandemiya dövründə, istər təbii fəlakətlər zamanı, vətəndaşlarda güclü inam formalaşdırır. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri də dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Artıq 80 mindən çox vətəndaş doğma yurdlarına qayıdaraq orada yaşayır, çalışır və təhsil alır. Bu isə uzunmüddətli və məqsədyönlü siyasətin uğurlu nəticəsidir. Bütün bu tədbirlər Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını bir daha təsdiqləyir".
Deputat Azər Badamov isə deyib ki, sel və daşqınların zərərli təsirlərinə qarşı mübarizə və vurulmuş ziyanın aradan qaldırılması ilk gündən Prezident İlham Əliyevin xüsusi diqqətində oldu. İmzalanan sərəncam isə göstərir ki, vətəndaşların təhlükəsizliyinin qorunması, həmçinin onlara dəyən maddi və mənəvi ziyanın ödənilməsi dövlət başçısının həyata keçirdiyi real siyasətin nəticəsidir.
Onun sözlərinə görə, bu sərəncam eyni zamanda təsdiq edir ki, Prezident İlham Əliyev hər zaman vətəndaşlara humanist yanaşma sərgiləyir:
"Şübhəsiz ki, bu prosesdə vətəndaşların da üzərinə müəyyən məsuliyyət düşür. Lakin aydındır ki, dəymiş ziyanın tam şəkildə vətəndaşların öz hesabına qarşılanması mümkün deyil. Bu reallığı nəzərə alan dövlət sistemli fəaliyyət göstərərək proseslərə operativ müdaxilə etdi. Bu kimi hallarda infrastrukturun bərpasının, təmir-tikinti işlərinin həyata keçirilməsinin təxirə salınmadan və tam təmin edilməsi mühüm məsələdir. İmzalanmış sərəncam nəticəsində həm Bakı şəhərində, həm də Azərbaycanın digər regionlarında güclü leysan yağışlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində konkret addımlar atılacaqdır. Bu tədbirlərin mərkəzində isə vətəndaşların sosial rifahının qorunmasına yönəlmiş dövlət siyasəti dayanır".



