İqtisad elmləri üzrə fəlsəfə doktorluğuna namizəd
Müasir dünyada baş verən proseslərə nəzər yetirsək, qloballaşma ilə paralel olaraq iqtisadi,siyasi və sosial regionlaşmanın da sürətlə inkişaf etdiyinin şahidi olarıq. Azərbaycan və Türkiyə arasında qurulan əməkdaşlıq buna ən yaxşı misaldır. Danılmaz faktdır ki, bu əməkdaşlığın fundamentini iki ölkə arasında olan dostluq, qardaşlıq, milli, tarixi və mədəni əlaqələrin möhkəmliyi təşkil edir. Elə məhz 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıyan ilk ölkə Türkiyə Respublikası olub. İqtisadi və ticari əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə 1992-ci ildə iki dövlət arasında imzalanan ilk müqavilə sonradan ticarət,iqtisadiyyat, mədəniyyət, sosial,elm, gömrük və maliyyə sahəsində əməkdaşlıq haqqında imzalanan ikitərəfli müqavilələrin əsasını qoyub. Eyni zamanda iqtisadi əməkdaşlığın tempinin artırılmasına və daha da canlanmasına dəstək üçün xüsusi Dövlət Komissiyası, Azərbaycan Türkiyə Sənaye və İş adamı birliyi (TUSİAB), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) və bir sıra başqa qurumlar yaradılıb.
Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi hesabatlara əsasən 2011-ci ildə Azərbaycan Respublikası 149 ölkə ilə iki tərəfli ticari əməkdaşlıq etmiş və xarici ticarət dövriyyəsinin həcmi 36.33 milyard ABŞ dolları təşkil edibr. Türkiyə Respublikası Azərbaycanın idxal etdiyi mallar üzrə əsas ticarət tərəfdaşları arasında 13.35 faizlə ikinci yerdə durur. Ümumiyyətlə, iki dövlət arasında iqtisadi əməkdaşlığı iki sahədə analiz etsək daha doğru olar. Bunlardan biri yanacaq energetika, enerji təhlükəsizliyi, neft və qaz sahəsində olan əməkdaşlıqdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi,Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsi və bu yaxınlarda imzalanan Trans Anadolu təbii qaz kəməri layihəsi bu tərəfdaşlığın əsas göstəricisidir. İkinci sahə isə qeyri neft sahəsində, xüsusilə, maliyyə, nəqliyyat, ticari mallar, elm, mədəniyyət və sosial sahədə olan əməkdaşlıqdır.
2002 və 2011-ci illər ərzində Türkiyə Respublikası tərəfindən (özəl şirkətlər daxil olmaqla) Azərbaycana təxminən 2 milyard ABŞ dollar həcmində kapital yatırılıb. Bu yatırımlar əsasında 1000-ə yaxın şirkət Azərbaycanda fəaliyyət göstərir. Koç Holding, Ustay, Tekfen və s. bu şirkətlərin bariz nümunəsidir. Şirkətlər əsasən bankçılıq, maliyyə, kənd təsərrüfatı, qida ticarəti, tekstil,inşaat malları ticarəti sahəsində fəaliyyət göstərirlər. 40 minə yaxın azərbaycanlı bu şirkətlərdə işlə təmin olunmuşdur. Türkiyədən idxal olunan malların böyük qismini sənayə malları (maşınlar, elektron avadanlıqlar, qara və azqiymətli metallar, dəmir və polad əşyalar), kənd təsərrüfatı malları və kimya sənayesi malları təşkil edir.
Bəhs edilən illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti daxil olmaqla təxminən 850-yə yaxın Azərbaycan sərmayəli şirkət Türkiyə Respublikasında 4.5 milyard ABŞ dollar həcmində investisiya yatırmışdır. Bu yatırımların 85 faizi neft və energetika sahəsinə qoyulan investisiyadır. Az öncə qeyd etdiyim kimi, Bakı- Tbilisi-Ceyhan neft boru kəməri bu əməkdaşlığın önəmli göstəricisidir. Bakı Tbilisi-Ceyhan neft boru kəmərinin inşası layihəsini həyata keçirmək məqsədilə BTC Co. şirkəti qurulmuşdur ki, qurulan ortaqlıqda BP 30.10%-lə birinci, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti isə 25 faizlə ikinci sırada yer alır. TPAOnun bu ortaqlıqda payı isə 6.53 faizdir. 40 illik fəaliyyəti nəzərdə tutulan bu layihə çərçivəsində hazırlanan boru kəmərinin illik 375 milyon barel neft daşıma qabiliyyəti mövcuddur. Eyni zamanda 2001-ci ildə imzalan müqaviləyə əsaslanaraq 2007-ci ildə fəaliyyətə başlayan Bakı “Tbilisi” Ərzurum qaz layihəsi üzrə hazırlanan boru kəməri vasitəsilə ildə 6.6 milyard kub met təbii qaz ixrac edilməktədir. Bu yaxınlarda dövlətlər arasında imzalanan Trans Anadolu qaz kəməri layihəsi isə 7 milyard ABŞ dollar dəyərindədir. Bu layihəyə əsasən Şahdəniz qaz yatağının ikinci fazasında çıxarılacaq 16 milyard kub metr qaz Türkiyəyə və Türkiyə üzərindən Avropaya ixrac ediləcək.
İki dövlət arasında iqtisadi əlaqələrin güclənməsi regionlar arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinə də təsir edib. Bakı-Tbilisi-Axalkalaki – Qars dəmiryolu layihəsinin həyata keçirilməsi nəqliyyat sahəsində əməkdaşlığın bariz nümunəsidir. O cümlədən, hava yolu nəqliyyatının inkişaf etdirilməsi üçün Bakı, Naxçıvan və Gəncə şəhərlərindən Qars,Trabzon,Antalya,İzmir, Ankara və İstanbul şəhərlərinə birbaşa təyyarə reysləri açılıb.
Maliyyə sahəsində fəaliyyətlərə nəzər salsaq Azərbaycan bank sistemində Türkiyə kapitallı bir neçə bankın fəaliyyət göstərdiyinin şahidi olarıq. Belə ki, YapıKredi Bank Azərbaycan, Azər-Türk Bank, Atabank və Azəriqazbank aparılmış maliyyə əməliyyatlarının həcminə görə bank sistemində önəmli yerdə durur. Türkiyə İqtisadi İnkişaf Agentliyinin səyləri ilə xüsusi fermer təsərrüfatlarının yaradılması, kənd təsərrüfatı avadanlıqları ticarətinin həyata keçirilməsi isə kənd təsərrüfatı sahəsində önəmli və diqqətə alınacaq fəaliyyətlərdəndir.
Azərbaycan Respublikasında rabitə sektorunda da Azercell, Aselsan, Ultell, Netaş kimi nəhəng türk şirkətləri fəaliyyət göstərir ki, bu şirkətlər ölkə içərisində ən böyük vergi ödəyicilərindən hesab olunur. Təhsil sferasında da Türkiyənin Azərbaycan hüdudlarında ciddi yatırımları mövcuddur. “ÇAĞ” öyrətim işlətmələri, Qafqaz Universiteti, Türk Dünyası Araştırmaları Vakfı Azərbaycan təhsil sisteminin gücləndirilməsinə, xüsusən də müstəqillikdən sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə inkişafına təsir göstərib.
Düşünürəm ki, zamanla olduğu kimi bundan sonra da tarixi,mədəniyyəti,dini və dili bir olan qardaş ölkələr arasında işbirliyi daha da gücləndirilməlidir.Bunun üçün iki ölkə arasında müxtəlif sahələrdə gələcək əməkdaşlığın gücləndirilməsi üçün hər iki dövlət müxtəlif yeni təkliflər irəli sürməli, kiçik və orta həcmdə sahibkarlığın artırılması üçün lazımi şərtlər yüngülləşdirilməli, dövlətlər arasında olan bürokratik əngəllərin aradan qaldırılmasına səy göstərilməli, əməkdaşlığın inkişafı üçün münbit fəaliyyət sahəsi yaradılmalıdır. Bununla yanaşı, iki ölkə arasında iqtisadi və ticari əməkdaşlıq fəaliyyətlərinin tənzimlənməsi üçün xüsusi koordinasiya qurumlarının yaradılması, vergi və gömrük dərəcələrində xüsusi razılaşmaların əldə edilməsi də əməkdaşlıq səviyyəsinin artırılmasına təsir edəcək.