Bircə dəfə səhər oyananda əlini siqaret qutusuna yox, telefona uzat. “Facebook” profilini yoxlamaqçün deyil, sevdiyin bir adama zəng etməkçün...
Bircə dəfə sevdiyin qıza: “bilirsən, necə çox istəyirəm xətrini” əvəzinə, “səni sevirəm” de. Elə de ki, bu iki söz bulaq kimi qaynasın boğazından, dilinin ucundan sürüşməsin. Çox yox, bircə dəfə.
Heç olmasa bircə dəfə günə fərqli başla. Məsələn, yuxudan oyanan kimi işə, dərsə qaçma. Bir saat tez oyan, get, sahildə gəz, qağayıları yemlə, ya da zənginə əksərən Şopenin “Classique” əsərini ayarladığın saatı qurma. Günortaya qədər yat.
Gecənin birində tək-tənha çıx evdən, başını burax ayaqlarının ixtiyarına. Gəz kimsəsiz küçələri. Azmış göyərçinlərə həyan ol, evsizlərlə pivə iç, dəniz sahilində oturub ayaqlarını suya salla – dalğaları daşla. Bir şey et, nəsə fərqli olsun. “Mən”i önə çək. Səni fərqli etsin, özünəməxsus ol.
Bircə dəfə qorxularının üzünə bax. Məsələn, peşəkar boksçuyla rinqə çıx. İki-üç sınmış diş, əzilmiş qabırğa, partlamış qaşla ölməzsən, qorxma.
Bircə dəfə cıdıra get, ən axırda qaçan ata pul qoy. Pul uda bilmənin deyil, onun finala neçənci çatacağının həyəcanını yaşa... Film izləyəndə müsbət yox, mənfi qəhrəmanların sonda qalib gəlməsini istə.
Bircə dəfə axına qarşı get. Çayın deyil, öz gücünü hiss etməkçün.
Bircə dəfə, cəmisi bircə dəfə öz zəifliklərini ayağının altına alıb əz. Dəyiş!