Azərbaycan ədiblərində qəribə cəhət müşahidə etmək olar; hətta yetkin, istedadlı şairlərin də bir çoxu şeiri, poeziyanı o qədər ciddi qəbul etmir, edə bilmirlər. Sanki poeziyanın müvəqqəti, obrazlı desək, fani olduğunu düşünürlər. Əksərində "Bir roman, bir hekayə yaza bilsəydim, tarixə düşərdim" havası duyulur. Bu mənada, müasir Azərbaycan şairi bəzən özünü "oğlan doğub yerini möhkəmlədən gəlin" kimi aparır. Hekayə yazsa, ciddi ədəbi çevrələrdə adı çəkiləcəyini düşünür. Roman da yaza bildisə, vəssalam, daha ona zaval yoxdu.
Yəqin, müşahidə etmisiz, bir qisim şairlər hərdən özlərini yazıçı kimi təqdim edirlər, yaxud o cür təqdim olunmalarını istəyirlər. Bunda, sözsüz, xalqın, kütlənin lağlağı, kinayəli yanaşmasının da ciddi rolu var. Kiməsə sataşmaq, kimisə dolamaq üçün ona "şair" deyə müraciət edirlər. Daha doğrusu: "Əə, şair..."
İkinci səbəb isə natamamlıq kompleksidi. Bəli, Azərbaycan ədəbi cameəsində natamamlıq kompleksi geniş yayılıb. Şairlərimizə gələndə isə, "çoxu bu kompleksin altında qalıb" deyə bilərik.
Bu nə yeniliyə (roman və hekayə janrı şeirlə müqayisədə çox gəncdi) doğru addım atmaqdı, nə də köhnənin ağırlığından (əslində, əzəmətindən) qaçmaq. Sadəcə, mətninə etibar etməmək, yazdığının qalıcılığına, sözünün kəsərinə inanmamaqdı. Çünki şeirdə "alət"lərin sayı az, "hərəkət arealı" dardı. İlk "xaric not"daca oxucu "dalay-dalay" deyən misra"nı görür. Nədənsə Azərbaycan şairlərinin, bəlkə də, əksəriyyəti (yanlış olaraq) düşünür ki, hekayədə, romanda belə deyil. Özünü, yəni öz naşılığını, mətninə inamsızlığını bir cümlə, bir abzas, bədəbəddə bir fəsil tapıb arxasında gizlətməyə imkanı olacaq. Amma bu hoqqaları qırağa qoyub sistemli şəkildə mütaliə etsə, maxinasiyadan, söz toqquşdurmaqdan əl çəkib, qanrılıb geri baxsa, görər ki (ən azından Azərbaycan ədəbiyyatında), şeir nəsrdən nə qədər böyükdü. Dildən-dilə keçib axırda qələmə alınan "Kitabi-Dədə Qorqud" da elə şeiriyyətinin, poetikliyinin gücünə o səviyyəyə - olduğu yüksək mərtəbəyə çatıb. Ozanların, aşıqların hesabına indiyə qədər yaşaya bilib. Nizamisi, Məhsətisi, Nəsimisi, Füzulisi... hamısı, hamısı şeirlə, nəzmlə var olub. Hələ bir qədər dini dünyagörüşündən yanaşsaq, Quran özü də nəzm səfindədi.
Peyğəmbərlərdən sonra gələn şairləri şairlərdən sonra gələn yalançılara çevirmək çox da doğru yanaşma deyil.
Şairlərimizə öz sözlərinin, misralarının gücünə inanmalarını arzulayaq!